Məhkəmə qərarları › İş №3(060)-2328/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2328/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2328/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokola dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2360/2024 saylı, xx.xx.2024-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş, 1-ci icra sənədi üzrə 1645 manat borcu vardır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024cü il tarixdən başlayaraq Şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs cəmi 368,53 manat borc və 30,40 manat dövlət rüsumu tutulub "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmin icra sənədi barədə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İcra sənədləri üzrə heç bir ödəniş etməmişdir. 1645 manat aliment borcu, 398 manat "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli borcu vardır. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, işləmədiyi üçün icra sənədləri üzrə borcunu ödəyə bilməmişdir. Hal-hazırda ödəniş etmək imkanı yoxdur. Konduktor işləyir. Günə 5 manat qazancı olur. Şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işləmədiyi üçün icra sənədləri üzrə borcunu ödəyə bilməmişdir. Hal-hazırda ödəniş etmək imkanı yoxdur. Qeyd edilən halların nəzərə alınaraq həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs fevral ayından axtarışda olduğu barədə məlumatı vardır. Hər ay az miqdarda ödəniş etməsi barədə onunla razılığa gəlmək istəmişdir. Lakin qarşı tərəf aliment ödəməyəcəyini bildirmişdir. Övladı azyaşlı olduğu üçün onun saxlanmasında çətinlik çəkir. Hal-hazırda fəhlə işləyir. Gün ərzində qazancı olur. Razılığın əldə edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2360/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməli, cavabdeh Şəxs 75 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq iddiaçı X3 ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7363/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 299,3 manat əsas, 60,58 manat faiz, 8,65 manat cərimə, cəmi 368,53 manat borc və 30,40 manat dövlət rüsumu tutulub "xxxx" X7 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu borcun ödənilməsindən yayınmağa çalışmış, icra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq ödəniş etmədiyini, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar