Məhkəmə qərarları › İş №3(060)-233/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-233/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-233/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında etibarnamə ilə idarə etdiyi **-CG-*** qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən Sumqayıt şəhəri, Corat qəsəbəsi dənizkənarı yolda Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı avtomobilinin işıqlandırma sistemində “qaydaların pozulması” olduğunu iddia etmişdir. O, avtomobildəki işıqlandırmanın tənzimləndiyini və lupalı olduğunu bildirməsinə baxmayaraq polis əməkdaşı ona məhəl qoymamışdır. Həmin polis əməkdaşı tərəfindən nə protokol tərtib edilmiş, nə də ona inzibati pozuntu haqqında rəsmi məlumat təqdim edilmişdir. Birbaşa avomobilin qanunsuz, olaraq cərimə meydançasına aparılmasının vacib olduğunu bildirmişdir. O, polis əməkdaşından cərimə meydançası yaxınlığında dəfələrlə protokol tərtib etməsini tələb etsə də, sonuncu avtomobili cərimə meydançasına salmadığı təqdirdə PPX-nin əməkdaşlarını çağıracağını bildirmiş və onu hədələyərək əmrinə tabe olmağa məcbur etmişdir. O, baş vermiş qanun pozuntusu haqqında xx.xx.2025-ci il tarixində “102” xidmətinə zəng edərək hadisəni izah edərək şikayətini bildirmişdir. Lakin, heç bir geri dönüş edilmədiyi üçün, xx.xx.2025-ci il tarixində Sumqayıt Şəhər Polis İdarəsinə yaxınlaşmış və yenidən şikayətini bildirmişdir. Bu dəfə də onun avtomobilinə baxış keçirilmədən və xətanın sübutu olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edilməsi ilə bağlı inzibati xəta haqqında protokol tətbiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobilində qadağan edilmiş hər hansı işıq cihazları vardırsa, yaxud şüşə silgəcləri nasaz idisə bu hal aradan qaldırılmadan avtomobili necə cərimə meydançasından ona təhvil verildi. Bu halın özü də bir daha təsdiq edir ki, YPX inspektoru ona qarşı qərəzli yanaşmışdır. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:55 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində xidmətdə olarkən “Opel Vectra” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılması qanunla qadağan edilmiş led işıqların quraşdırılması və avtomobilin şüşə silgəclərinin işləməməsi müəyyən edilmişdir. Sürücüyə yol verdiyi qanun pozuntusunu izah etmiş, lakin sürücü bununla razılaşmamış, həmin işıqların tənzimləndiyini bildirmişdir. Daha sonra tərəfindən avtomobilin qabaq hissəsi açılmış və işıq cihazlarının tənzimlənmədiyi bir daha öz təsdiqini tapmışdır. Bu səbəbdən də həmin avtomobil tərəfindən cərimə meydançasına aparılmışdır. Həmçinin bildirmişdir ki, hadisə vaxtına aid YPX avtomobilində quraşdırılmış kamera görüntüləri və səs yazıları mövcuddur. Həmin görüntüləri və səs yazılarını, həmçinin hadisə günü tərtib etdiyi inzibati xəta haqqında protokolu növbəti məhkəmə iclasında məhkəməyə təqdim edə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23:55 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində “Opel Vectra” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olduğu, bu nasazlığın aradan qaldırılması mümkün olmadığı üçün sürücü X3 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İşin məhkəmə araşdırması zamanı iddia edilən inzibati xətanın törədilməsini təsdiq edən sübutlar, həmçinin hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol YPX inspektoru tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, xx.xx.2024-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən YPX inspektoru hadisə zamanı qeydə alınmış video görüntüləri və səs yazılarını, həmçinin hadisə günü tərtib etdiyi inzibati xəta haqqında protokolu növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş və müvafiq sübutları təqdim etməmişdir. Məhkəmə araşdırması həmçinin müəyyən edilmişdir ki, sürücü X3 ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasa da, YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri gözlənilmədən sürücü barəsində özü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələblərinə əsasən yalnız inzibati xəta haqqında protokol tərtib edilə bilərdi və həmin protokol İXM-in 124.4-cü maddəsinin tələblərinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli idi. Göründüyü kimi Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 tərəfindən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in 124.3 və 124.4-cü maddələrinin tələbləri gözlənilməmiş, həmçinin inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar hallar səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, bu səbəbdən Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar