Məhkəmə qərarları › İş №3(060)-2330/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2330/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2330/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs – X3 , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Sumqayıt Bələdiyyəsinin St.Sumqayıt üzrə 1 saylı Məhəllə Komitəsinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanında yaşayan X4 döyərək xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində fərdi evin qarşısında Şəxs aralarında yaranmış mübahiə zəminində X4 döyərək ona xəsarət yetirmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, 2019-cu ildə Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində aptek tikmək üçün 303 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Lakin rəsmi çıxarışı olmadığı üçün həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. 2022-ci ildə eşitmiş ki, həmin torpaq sahəsinə bitişik torpağı alan Elxan onun torpaq sahəsini də zəbt etmək istəyir. Buna görə aralarında münaqişələr olmuşdur. 2023-cü ilin iyun ayında həmin 3,3 sot torpaq sahəsinə çıxarış alınmış və bundan sonra hər dəfə həmin torpaq sahəsinə hasar çəkmək istədikdə Elxan müdaxilələr etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər vaxtından Müşfiq adlı ustanı həmin torpaq sahəsinə gətirib, ona torpaq sahəsinə daşdan hasar çəkməyə başlamışdır. Təxminən saat 16:00 radələrində Elxan həmin torpaq sahəsinə gəlib, onun hasar çəkməyinə icazə verməyəcəyini deyib, hasar üçün yerə düzülən daşları yerindən çıxartmağa başlamışdır. Buna görə Elxanın əlindən tutaraq onu itələyərək hasarın üzərindən düşürtmüşdür. Bundan sonra isə Elxan ondan polisə şikayət etmişdir. Münaqişə zamanı Elxan Hüseynovu vurmadığını bildirərək barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, 2019-cu ildə X1 ünvan 2 ünvanında yerləşən 9 sot torpaq sahəsini almış və həmin torpaq sahəsində bir mərətəbəli yaşayış evi inşa etmişdir. Onun 9 sot torpaq sahəsinin qarşısında olan 4 sot torpaq sahəsi ilə birlikdə 13 sot torpaq sahəsinə görə təxminən 2020-ci ildən Sumqayıt Bələdiyyəsinə torpaq vergisi ödəyir, həmin qəbzlər də mövcuddur. 2022-ci ilin sentyabr ayından Şəxs həmin 4 sot torpaq sahəsinin ona məxsus olduğunu iddia edir və buna görə aralarında mübahisələr yaranır. Lakin Novruzun iddia etdiyi torpaq sahəsinin heç bir hasarı yox idi və torpaq onun istifadəsində idi. Təxminən bir ay sonra Novruz həmin torpaq sahəsinin iki tərəfinə daş hasar çəkmiş və 2023-cü ilin iyun ayında Novruz həmin torpaq sahəsinin 3,3 sotuna çıxarış almışdır. Lakin öz qanuni yerindən əlavə də bir sota yaxın torpaq sahəsini qanunsuz olaraq zəbt etməyə başlamışdır. Buna görə ona iradını bildirdikdə ona aidiyyəti olmadığını bildirir və onu təhqir edir. Onu da qeyd etmişdir ki, onun həyətinin giriş qapısı Novruzun hasara aldığı torpaq sahəsinə düşür və buna görə də onun həyətinə giriş məhdudlaşır. xx.xx.2023-cü il tarixdə səhər vaxtından Novruz bir nəfər fəhlə ilə həmin torpaq sahəsinin qabaq tərəfinə daş hasar çəkməyə başlamışdır. Təxminən saat 16:00 radələrində yaşadığı evə gələn zaman görmüşdür ki, Novruz sənəddə olan 3,3 sotdan əlavə torpaq sahəsini də hasara alır. Buna görə ona iradını bildirdikdə, nəlayiq söyüşlərlə onu söyüb təhqir etmiş və sifətindən əli ilə tutub, sifətini cırmaqlamış, boğazından tutaraq onu kənara itələmiş, həmçinin qollarından da tutub sıxmışdır. O, Novruza heç bir fiziki zor tətbiq etmədən DİN-in «102» Xidmətinə müraciət etmişdir. Sumqayıt Bələdiyyəsi həmin mübahisəli olan 13 sot torpaq sahəsi ilə bağlı ondan mülki qaydada məhkəməyə şikayət edib və hazırda həmin işə Sumqayıt şəhər Məhkəməsinin hakimi Şəbnəm Həxiyeva tərəfindən baxılır. Həmçinin Novruzun onu döyməsi və təhqir etməsi ilə bağlı evinin həyətində quraşdırdığı müşahidə kamerasında olan görüntüləri təhqiqata və inzibati xəta haqqında materiala əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1129 saylı ekspert rəyindən müəyyən olunur ki, X3 bədəni üzərində sol bazunun qançırı və çənənin ön səthinin sıyrığı xəsarəti vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na mürasiət etdiyi vaxtdan az əvvəl olmaqla əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və həm ümümilikdə həm də ayn-aynlıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 5-ci PB-nə göndərilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X6 tərəfindən təqdim edilmiş 01 (bir) ədəd CD diskə baxış keçirildi və görüntülərdən müəyyən olunur ki, zərərçəkmiş şəxs X6 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs arasında mübahisə olmuşdur. Məhkəmə inzibati xətaya dair materiallarını, proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. 01 (bir) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar