Məhkəmə qərarları › İş №3(060)-2331/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2331/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2331/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Mövlan Əsgərov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Mövlan Əsgərov şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası qanunvericiliyi əsasında (VÖEN:**********) fəaliyyət göstərən fərdi sahibkardır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində MN ******* saylı xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuş, həmin qərara görə o, İXM 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə olunmuşdur, lakin barəsində qəbul edilmiş qərarla razı deyildir. Belə ki, o, "Palıd" restoranını işlətsə də, həmin restoranın rəhbərliyi ilə aralarında icarə müqaviləsi olmamışdır. Yəni o, restoranın sahibi deyil, həmin qurğunu quraşdırmaq onun səlahiyyətində deyildir. Bundan əlavə hesab edir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun tələblərinin pozuntuların aradan qaldırılması üçün ona və ya restoranın sahibinə məcburi göstəriş barədə bildiriş göndərməli, həmin məcburi bildirişdə ona və ya restoranın rəhbərliyinə müəyyən müddət ərzində tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılması tapşırılmalı idi. Həmin tapşırıq yerinə yetirilmədiyi halda barəsində belə bir qərar qəbul oluna bilərdi. Yəni 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məqsədi tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün təmizləyici qurğu və avadanlıq quraşdırılması yox, qərəzli şəkildə cərimə yazmaq olmuşdur. Hesab edir ki, bu hüquqdan sui-istifadədir, hüquqdan sui-istifadə isə yolverilməzdir. Bütün bunlar nəzərə alınmalı və barəsində qəbul edilmiş qərar ləğv olunmalıdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında yazılmış 2000 manat məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.. Məhkəmə iclasında Mövlan Əsgərov şikayət ərizəsinə uyğun izahat verərək bildirdi ki, “Palıd” restoranının yeni sahibi ilə aralarında icarə müqaviləsi olmamış, ona və restoranın mülkiyyətçisinə xəbərdarlıq olunmamış, yoxlamanın keçirilməsi üçün reyestrdən çıxarış təqdim olunmamış və onun təmizləyici qurğu quraşdırılması barədə məlumatı olmamışdır. Onun VÖEN-i olsa da, icarə müqaviləsi olmamışdır. Qeyd olunanların nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov bildirdi ki, Mövlan Əsgərov barəsində inzibati xəta haqqında protokol işlətdiyi "Palıd" restoranının tüstü bacasında təmizləyici qurğunun quraşdırılmaması ilə bağlı tərtib olunmuşdur. Qeyd edir ki, yoxlama zamanı Mövlan Əsgərov şəxsiyyət vəsiqəsini və VÖEN-ni özü təqdim etmiş, yoxlayıcıları qəbul etmişdir. Foto şəkillərdən də görünür ki, onun iştirakı ilə restorana baxış keçirilmiş və xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yoxlama aparılan və qərar qəbul olunan zaman restoranın tüstü bacasında təmizləyici qurğu olmamışdır. xx.xx.2024-cü il tarixdə Mövlan Əsgərova 1 ay müddətində təmizləyici qurğu quraşdırılması barədə icrası məcburi olan göstəriş verilmişdir. Həmin göstəriş xx.xx.2024cü il tarixdə Mövlan Əsgərova təqdim edilmiş, lakin inzibati iş məhkəmə araşdırmasında olduğuna görə məcburi göstərişə əməl olunub-olunmaması yoxlanılmamışdır. Qurğu quraşdırılmış olarsa Mövlan Əsgərov barəsində İXM-nin 541-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməyəcəkdir. “Atmosfer havasının mühafizəsi haqqında” Qanununa əsasən ictimai iaşə obyektləri 4-cü kateqoriya çirkləndirici obyektlər hesab olunur. Ona görə də, ictimai iaşə obyektləri təmizləyici qurğularla təmin olunmalıdır. Bundan başqa bildirir ki, Mövlan Əsgərov təqdim etdiyi Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə "Palıd" restoranı işlətmək üçün alınmışdır. Mövlan Əsgərov barəsində mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaq zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 22 avqust 2024-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində fəaliyyət göstərən “Palıd” restoranında yoxlama keçirilmiş, yoxlama zamanı tüstü bacasında təmizləyici qurğunun olmadığı, atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması faktı aşkar edilmişdir. Bu barədə 22 avqust 2024-cü il tarixli, 86404 saylı akt tərtib edilmiş, həmin akt yoxlayıcılar Məcidli və Səfərov tərəfindən imzalanmış, Mövlan Əsgərov aktı imzalamaqdan imtina etmişdir. Bu barədə fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. 22 avqust 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, “Palıd” restoranında yoxlama keçirilmiş, yoxlama zamanı tüstü bacasında təmizləyici qurğu quraşdırmadan fəaliyət göstərməsi aşkar edilməsi səbəbindən Mövlan Əsgərov barəsində İXM-nin 237.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Mövlan Əsgərova şəxsən təqdim edilən “inzibati xətalar haqqında işlər üzrə” bildirişdən görünür ki, Mövlan Əsgərova inzibati araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixdə, saat 10:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Mövlan Əsgərov VÖEN ********** nömrə ilə qeydiyyatdan keçmiş, aktiv fəaliyyət göstərdiyi obyekt kimi “Palıd yeməkxanası”-dır. xx.xx.2024-cü il tarixli ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbdən görünür ki, araşdırma zamanı tərtib edilmiş 22 avqust 2024cü il tarixli, 86404 nömrəli akt və 22 avqust tarixli ******* nömrəli protokol materiallarına baxılaraq “Palıd” restoranının tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin zərərəsizləşdirilməsi üçün təmizləyici qurğu quraşdırılmamışdır. Restoranının tüstü bacasında atmosfer havasına atılan zərərli maddələrin tutulub zərərsizləşdirilməsi üçün 1 ay ərzində təmizləyi qurğunun quraşdırılmasını və bu barədə İdarəyə məlumat verilməsini təmin etməlidir. 1135490 nömrəli, xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”dən və xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Sülh prospekti, giriş 302 ünvanda yerləşən qeyri-yaşayış binası X1 adına rəsmiləşdirilmişdir. xx.xx.2022-cü il tarixli “İcarə müqaviləsi”-dən görünür ki, Anar Məmmədov Sumqayıt şəhəri, Sülh prospekti, giriş 302 ünvanda yerləşən qeyri-yaşayış binasını Mövlan Əsgərova icarəyə vermişdir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 237.1-ci maddəsinə görə yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görəvəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanılmış, müəyyən edilmişdir ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Belə ki, Mövlan Əsgərov ilkin araşdırma zamanı, həmçinin məhkəmə iclası zamanı izahatlarında obyektdə təmizləyici qurğunun olmadığını etiraf edərək, belə bir qurğunun mövcudluğundan məlumatlı olmadığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, əslində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ona bu barədə məlumat verməli idi, lakin ona qurğu quraşdırmaq barədə məlumat verilməmiş, “Palıd” restoranının yeni mülkiyyətçisi Kamal Məmmədovla arasında icarə müqaviləsi olmamış, onun icarə müqaviləsi əvvəlki mülkiyyətçi Anar Məhərrəmovla olmuşdur. Məhkəmə qərardan şikayət verən şəxs Mövlan Əsgərovun məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq məqsədilə bu məzmunda izahat vermişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməklə aparılır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qərardan şikayət verən şəxs Mövlan Əsgərov fərdi sahibkardır, o, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (********** nömrəli VÖEN) əsasında Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Palıd” restoranında aktiv fəaliyyət göstərir. Mövlan Əsgərov 15 avqust 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 228.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini obyektin mülkiyyətçisi Anar Məhərrovdan 5 il müddətinə icarəyə götürmüşdür. Lakin həmin obyekt 21 yanvar 2024-cü il taxidə AN-1 №1135490 saylı alqı-satqı müqaviləsinə əsasən mülkiyyətçi Anar Məhərrəmov tərəfindən Kamal Məmmədova satılmışdır. Göründüyü kimi Mövlan Əsgərov həmin obyekti “Palıd” restoranı (yeməkxanası) olaraq deyil, qeyri-yaşayış sahəsi kimi icarəyə götürmüş və bundan sonra icarə obyektini restoran kimi yəni “Palıd yeməkxanası” kimi işlətmişdir. Bundan başqa məhkəmə Mövlan Əsgərovun yeni mülkiyyətçi ilə onun aralarında icarə müqaviləsi olmamışdır fikrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, adı çəkilən obyekt 21 yanvar 2024-cü il tarixli alqı-satqısı müqaviləsinə əsasın Kamal Məmmədova satılsa da, o, icarəçi ilə əvvəlki mülkiyyətçi arasında 5 il müddətinə bağlanmış və qüvvədə olan icarə müqaviləsinin şərtləri razılaşmış, bu səbəbdən də müqavilənin 4.1 və 4.2-ci bəndinə uyğun olaraq qarşılıqlı razılıq əsasında 1 ay öncədən yazılı xəbərdar etməklə müqaviləyə xitam verməmişdir. Görünən odur ki, icarə haqqları həmin şəxsə ödənilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarını yoxlama zamanı məhz Mövlan Əsgərov tərəfindən qarşılanmış, özünə məxsus şəxsiyyət vəsiqəsini və Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməsini təqdim etmişdir. Bu da onu göstərir ki, yeni mülkiyyətçi ilə aralarında icarə müqaviləsi olmasa da, “Palıd” restoranını Mövlan Əsgərov işlətmişdir. AR Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə görə Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, Mövlan Əsgərov vəzifəli şəxsdir, vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərir. Obyektin tüstü bacasına təmizləyici qurğu quraşdırmalı olmasından məlumatsız olması sonuncunun inzibati məsuliyyətini istisna edən hal kimi qəbul edilə bilməz. Mövlan Əsgərov fərdi sahibkar qismində adı çəkilən restoranda fəaliyyətə başlamazdan öncə “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 41-ci maddəsinə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə bütün ekoloji tələbləri tam həcmdə yerinə yetirilməklə fəaliyyətə başlamalı olduğu halda, qaydalara riayət etmədən istismara başlamışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mövlan Əsgərovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar