Məhkəmə qərarları › İş №3(060)-2332/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2332/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2332/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhərMəhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızının, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, X1 iştirakı ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 13:15 radələrində Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzində yerləşən mağazada masanın üzərində olan “Redmi” markalı telefonu oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi X7 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzində yerləşən mağazada masanın üzərində olan Redmi markalı telefonu oğurlamışdır. Bu faktla bağlı inzibati qaydada araşdırılma aparılmışdır. Video görüntüyə baxılan zaman hadisəni törədən şəxs müəyyən edilmiş və Şəxs bu halı özü etiraf etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozması müəyyən edildiyindən, o, sonuncunun barəsində inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında MN ******* saylı xx.xx.2024-cü il tarixli protokol tərtib etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirdi ki, həqiqətən də Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzində yerləşən mağazada masanın üzərində olan telefonu oğurlayıb 30 manata satmışdır. Zərərçəkmiş şəxsə dəyən zərəri ödəməmişdir. Hazırda əməlindən peşimandır. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 bildirdi ki, Şəxs hazırda heç bir yerdə işləmir, maddi ehtiyaclarını ödəmək üçün belə bir əmələ yol vermişdir. Əgər məhkəmə tərəfindən vaxt verilərsə, Şəxs borc pul götürüb zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilər. Şəxs hazırda törətdiyi əməldən peşimandır. Qeyd edilənlərə əsasən vəkil Şəxs barəsində həbslə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən X8 Kamil oğu bildirdi ki, Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzində yerləşən mağazada masanın üzərində olan və ona məxsus telefon oğurlanmışdır. Bununla əlaqədar polisə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, ona görə də İ. Əbilhəsənovdan şikayətçidir. Zərəçəkmiş şəxs qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi inzibati xəta haqqında ******* saylı xx.xx.2024-cü il tarixli protokol, özünün etirafedici izahatı və iş materiallarına əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılarkən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edildi. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, xətanın ictimai yerdə törədildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İXM-nin 66-cı maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” AzərbaycanRespublikasıNazirlərKabinetinin2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın 4-cü hissəsinə əsasən bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.Həmin qərarın 5-ci hissəsinə əsasən həmin qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 3 (üç) saat vaxt sərf etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilinə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar