Məhkəmə qərarları › İş №3(060)-2336/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2336/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2336/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23464659 saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23464659 saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Sərxan Məmmədov şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Sərxan Məmmədov şikayətini onunla əsaslandırmışdır ki, EQ 23464659 saylı xx.xx.2024-cü il tarixli qərarla o, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Şikayətində qeyd etmişdir ki, həmin məcəllənin 327.2-ci maddəsinə əsasən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Lakin onun manevr etdiyi yolda qırıq-qırıq xətt olduğu üçün o, geri dönmə əməliyyatını həyata keçirmişdir. DİN 102 xidmətinə 3 dəfə müraciət etməsinə baxmayaraq, bu məsələyə baxan olmamışdır. Hətta Polis şöbəsinə getsə də belə ona “bunun avtomatik yüklənən cərimə olduğunu və həmin ərazidə qırıqqırıq xətt olmasının mümkün olmadığını” bildirmişlər. Həmin ərazinin görüntüsünü çəkərək materiala əlavə etmişdir. Qeyd edir ki, qərar tamamilə qanuna ziddir, ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Sərxan Məmmədov şikayəti müdafiə edərək bildirdi ki, dönmə əməliyyatı apardığı yerdə qırıq-qırıq xətt olmuşdur, yəni sola və geriyə dönmə əməliyyatını qanuni aparmışdır. Həmin yerdə dönmə əməliyyatını aparmasına icazə olduğu halda, guya qayda pozuntusu etməsi Şəhər kamerası vasitəsilə əsassız olaraq qeydə alınmış, barəsində protokol tərtib edilmişdir. Bu barədə BDYPİ-nə müraciət etmiş, İdarədən ona həmin ünvanda qırıq-qırıq xəttin olmadığını bildirmişlər. Lakin özü həmin ərazidə videoçəkiliş aparmış, çəkilişdən də görünür ki, yerdə qırıq-qırıq xətt vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23464659 saylı qərarı ilə Sərxan Məmmədov İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Sərxan Məmmədov tərəfindən məhkəmə iclasında təqdim edilmiş 01 ədəd yaddaş kartında olan fotoşəkillərə və videogörüntüyə baxış keçirilmiş, həm fotoşəkillərdən həm də videogörütüdən ağ rəngli “HYUNDAİ SANTAFE” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dönmə əməliyyatını apardığı Sumqayıt şəhəri, Sülh küçəsindəki həmin yerdə üfüqi nişanlama xəttinin bir hissədə pozulduğu, digər hissədə qırıq-qırıq olaraq asfalt örtük üzərinə çəkildiyi müəyyən edilmişdir. Bu hal videogörüntüyə baxdıqda da bir daha öz təsdini tapmışdr. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X5” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23464659 saylı qərarın təsviri hissəsindən görünür ki, Sərxan Məmmədov xx.xx.2024-cü il tarixdə, saat 10:02-də “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğundan” barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilən 01 ədəd yaddaş kartında olan görüntülərə baxış zamanı müəyyən olunur ki, Sərxan Məmmədov tərəfindən mübahisələndirilən qərarın təsviri hissəsində qeyd olunan hərəkət edilməmiş, barəsində əsassız olaraq mübahisləndirilən qərar qəbul edilmişdir. Göstərilənlərlə bağlı məhkəmə aşğıdakiları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə AR-nın 21 dekabr 2010-cu il tarixli Qanunun 6.1-ci maddəsinə göstərilir ki, sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanunun 29.1-ci maddəsində o da qeyd edilmişdir ki, nişanlanma yolun hərəkət hissəsinə boya və ya boya kimi effektli olan istənilən digər üsulla da çəkilə bilər. Nişanlanmaya daxil olan yazıların, təsvirlərin və oxların çəkilməsi zamanı, bu işarələrin hərəkətdə olan nəqliyyat vasitələri sürücülərinin görünüş dairəsində çox kiçik bucaq altında olması səbəbindən, onların ölçülərinin hərəkət istiqamətində əhəmiyyətli dərəcədə böyüdülməsi zərurəti nəzərə alınmalıdır. Hərəkətdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan nişanlanma sürücülər tərəfindən asanlıqla və vaxtında anlaşılmalıdır. O, gündüz və gecə vaxtı görünməlidir. Belə nişanlanmanın, xüsusən kifayət dərəcədə işıqlandırılmayan sahələrdə işıqqaytarıcı olması tövsiyyə olunur. Bundan başqa “X5” Qanunun 69.1-ci maddəsində qeyd edilir ki, yolun nişanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Maddənin 2-ci bəndində Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Maddənin 3-cü bəndində eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidi. Qanunun həmin maddəsində yolun nişanlanmasının üfiqi və şaquli növləri fəqləndirilmişdi ki, 1.5 üfüqi nişanlama xətti iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərinin ayırdığı göstərilmişdir. Məhkəmə yuxarıda sadalanan normaların məzmunundan çıxış edərək hesab edir ki, Sumqayıt şəhəri, Sülh küçəsində asfalt örtük üzərinə çəkilmiş nişanlama xətti sürücü tərəfindən asanlıqla və vaxtında anlaşılan olmamış, əksinə qərarda qeyd edildiyi kimi deyil, görüntüyə baxdıqdan sonra asfalt örtük üzərində bir hissədə 1.5 üfüqi nişanlama xəttinin (sola və geriyə dönməyə icazə nəzərdə tutulmuşdur) çəkildiyi, digər hissədə xəttin ümumiyyətlə pozulduğu müəyyən edilmişdir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Sərxan Məmmədov barəsində BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23464659 saylı qərarı ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23464659 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 01 ədəd yaddaş kartı inzibati xəta haqqında iş materialında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar