Məhkəmə qərarları › İş №3(060)-2338/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2338/2021

08.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2338/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Dost” iş mərkəzində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən 08.07.2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-644 saylı qətnaməsinə əsasən borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qərəzli olaraq məhkəmə qərarını icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-644/2016 saylı 04 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 17000 (on yeddi min) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının manata olan məzənnə nisbətinə manatla tutulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdeh Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir, lakin borclu tərəfindən borc ödənilməmiş, icra məmurunun tələbləri yerinə yetirilməmişdir. Ona görə də, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, işləmədiyinə və imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Ancaq bir aydır ki, işə düzəlmişdir, borcun əməkhaqqından tutulmasını xahiş edir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-644/2016 saylı 04 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 17000 (on yeddi min) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının manata olan məzənnə nisbətinə manatla tutulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdeh Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5598/2016 saylı 17.10.2016-cı il tarixli qərardadından görünür ki, Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-5596/2016 saylı, 28.10.2016-cı il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüquqları icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da, ödəniş etməmişdir. Hazırda borcun maaşına yönəldilməsini xahiş etməsi də onun icra sənədini üzrsüz səbəbdən icra etməməsini təsdiq edir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 500 (beş yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar