Məhkəmə qərarları › İş №3(060)-234/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-234/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-234/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla Orxan Rzayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Orxan Rzayev məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Orxan Rzayev şikayətini onunla əsaslandırmışdır ki, İXP6731491 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 327.2-ci maddəsinə əsasən təqsirli bilinib 100 manat və 3 bal cərimə olunmuşdur. Cərimənin əsassız olduğunu Baş Dövlət Yol Polisi İdarəsinə və Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinə şikayətində bildirmişdir. Ərizəsində yol hərəkəti qaydasını pozması ilə bağlı şübhəsinin olduğunu, qayda pozulduğu iddia edilən ərazidə yol infrastrukturunun korlanmış vəziyyətdə olduğunu, avotmobillərin hərəkəti üçün çətinliklər yaratdığını bilirmişdir. Pozmuş olduğu iddia edilən qayda pozuntusu ilə bağlı görüntülərin ona təqdim edilməsini tələb etsə də, görüntülər ona təqdim olunmamış, heç bir əsas göstərilmədən inzibati məsuliyyətə cəb edilmişdir. Qeyd edir ki, Yol Patrul Xidməti inspektoru onu saxladıqdan sonra, o, həmin inspektora qərarla razı olmadığını həmin qərardan şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Orxan Rzayev şikayəti müdafiə edərək bildirdi ki, 07 dekabr 2024-cü il tarixdə Novxanı bağları ərazisindən Binəqədi istiqamətində idarə etdiyi “Toyota Prius” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol patrul xidməti inspektoru, polis kiçik serjantı Altun Qasımov tərəfindən saxla əmri verilmişdir. YPX əməkdaşı ona əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozması ilə bağlı protokol tərtib edəcəyini bildirmiş, o, YPX əməkdaşına etiraz etmişdir. Lakin inspektor onun qayda pozduğunu və bu barədə görüntü olduğunu bildirmişdir. Qeyd edir ki, həmin yolda qarşı zolağa çıxmaqla ötmə əməliyyatını qadağan edən hər hansı yol nişanı olmamışdır. Bildirir ki, o, ötmə əməliyyatı etməmişdir, çünki həmin vaxt ərazi manevr ediləcək vəziyyətdə olmamışdır. Yol infrastrukuru həmin ərazidə yaxşı vəziyyətdə olmadığından hər hansı maneədən yayınma ehtimalını istisna etmir. Qedy etdiklərinə əsasən mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini, şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Sumqayıt ŞPİ-nin DYPŞ nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Orxan Rzayev TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın təsviri hissəsindən görünür ki, Orxan Rzayev xx.xx.2024-cü il tarixdə, saat 09:14-də İXM-nin 327.2-ci maddəsinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxçaqla ötmə qaydalarını pozmuş, bu səbəbdən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İclasın vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş yol patrul xidməti məhkəməyə gəlməmiş, Orxan Rzayevin təqsirli olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qərar qəbul edilərkən Orxan Rzayevin İXM-nin 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilməmişdir. Belə ki, qayda pozuntusu ilə bağlı videogörüntü olmadığından hadisənin baş vermə mexanizmini müəyyən etmək və Orxan Rzayevin həqiqətən də həmin maddədə ilə təqsirli olması qənaətinə gəlmək mümkün mümkün deyildir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda təqsirlilik sübuta yetirilmədikdə xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Orxan Rzayev barəsində Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXMnin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar