Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2341/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin axtarış üzrə baş inspektoru X3 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6757041 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6757041 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, öz zolağı ilə hərəkət edərkən “Vaz 21074” markalı avtomobil onun avtomobilini sol arxa tərəfdən sürtmüşdür. O, hərəkət zamanı öz yolundan çıxıb digər avtomobilin zolağına çıxsa idi, ondan solda paralelində olan “Prius” markalı avtomobil ilə də toqquşardı. O, dairədə özündən solda (onunla paralel) dairənin üçüncü zolağında yerləşən “Prius” markalı avtomobil ilə normal dönərkən “Prius” markalı avtomobilin arxasında olan “Vaz 21074” markalı avtomobilin sürücüsü öz zolağı ilə düzgün bucaq altında dönməmiş və onun idarə etdiyi avtomobilin sol arxa künc hissəsini vurmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş, həmçinin bildirmişdir ki, hadisə zamanı təcili uşağını bağçadan götürməli olduğu üçün hadisə yerində dayana bilməmiş və getmişdir. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin axtarış üzrə baş inspektoru X5 bildirmişdir ki, sürücü X2 idarə etdiyi avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsindən sonra sürücü yol nəqliyyat hadisəsi yerini tərk etmişdir. Digər nəqliyyat vasitəsinin sürücüsünün şikayətinə əsasən X4 müəyyən edilərək barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Hadisənin uzaqdan video görüntüləri də var. Həmin görüntüləri məhkəməyə təqdim edir. Görüntülər uzaqdan olduğu üçün avtomobillər müşahidə edilsə də, qəza anı tam görünmür. Lakin, sürücü X2 hadisə yerini tərk etməsi bir daha təsdiq edir ki, təqsirkar şəxs olmuşdur. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin xx.xx.2024cü il tarixli TP6757041 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X9 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6757041 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarından görünür ki, X4 “Mercedes Benz E 220” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024cü ildə saat 17:40 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və buna görə də Azərbaycan Respublikasının İXM-in 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan video görüntülərdən görünür ki, qara rəngli “Mercedes” markalı avtomobil dairəvi yolda hərəkət edir, həmin avtomobildən solda parelel “Prius” markalı avtomobil hərəkət edir, “Prius” markalı avtomobildən arxada onunla eyni zolaqda isə ağ rəngli “Vaz 21074” markalı avtomobil hərəkət edir. Hərəkət sıxlığı olduğundan avtomobillər dayanmaqla və aramla hərəkət edir. Bir qədər sonra “Vaz 21074” markalı avtomobil hərəkət zamanı sanki sağa doğru meyl edir (görüntülər uzaqdan olduğu üçün dəqiq hiss edilmir). Bundan sonra “Vaz 21074” markalı avtomobil özündən bir qədər qabaqda sağ zolaqda olan qara rəngli “Mercedes” markalı avtomobilə yaxınlaşaraq dayanır və daha sonra bir qədər geri hərəkət edir. Daha sonra öncədən “Vaz 21074” markalı avtomobilin eyni zolaqda olduğu “Prius” markalı avtomobilin arxası ilə digər nəqliyyat vasitələri hərəkət edir, Vaz 21074” markalı avtomobil isə həmin avtomobillərə münasibətdə sağda qalır. “Mercedes” markalı avtomobil isə sona qədər “Prius” markalı avtomobillə paralel hərəkət edir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü ildə saat 17:40 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində “Mercedes Benz E 220” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin X9 Şöbəsində araşdırma aparılmış və “Mercedes Benz E 220” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 Azərbaycan Respublikasının İXM-in 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan X2 şikayəti üzrə hadisənin video görüntülərinə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, görüntülər uzaqdan çəkildiyi üçün ilk baxışdan hadisənin hansı avtomobilin sürücüsünün təqsiri səbəbindən olması dəqiq görünmür. Lakin, görüntülərdən o da görünür ki, “Vaz 21074” markalı avtomobil “Prius” markalı avtomobillə ilk öncə eyni zolaqda olmuş, onun sol hissəsindən avtomobil keçməsi üçün yer olmamış, o bir qədər hərəkət etdikdən və hadisə baş verdikdən sonra isə onun sol hissəsində boşluq yaranmış və həmin zolaqdan digər nəqliyyat vasitələri hərəkət etmişdir. “Mercedes” markalı avtomobil isə sona qədər “Prius” markalı avtomobillə paralel hərəkət etmişdir. Qeyd edilən hal isə “Vaz 21074” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağa manevr etməsi qənaətinə gəlinməsinə əsas yaratmışdır. Göründüyü kimi Sumqayıt ŞPİ-nin X9 Şöbəsində aparılan araşdırma zamanı hansı avtomobilin manevr qaydalarını pozması ilə bağlı ətraflı araşdırma aparılmamış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6757041 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X9 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin xx.xx.2024-cü il tarixli TP6757041 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X9 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2341/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2341/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver