Məhkəmə qərarları › İş №3(060)-2344/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2344/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2344/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Eyvazov Kənan Qurban oğlunun iştirakı ilə, Eyvazov Kənan Qurban oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23554772 saylı X2 Qurban oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Eyvazov Kənan Qurban oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrinə əsasən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23554772 saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, protokol EQ 23554772 yol hərəkət qaydaları sürücülərin və piyadaların təhlükəsiz hərəkət etməsi üçün vardır. Kimsə bu qaydalara tabe olmazsa cərimə onun üçün vardır. Şəkildə də göründüyü kimi görünə bilən xəttin qırıq qırıq hissəsindən dönmüş hansı ki, o xətti təyin etmək çox çətindir. Yolda xəbəredici nişan nə də ki, aydın şəkildə görünə biləcək üfüqi xətt yoxdur. O, səhəri gün eyni ərazidə telefonla sadəcə 5 dəqiqə ərzində eyni ilə onun kimi dönən 15-dən artıq maşınların şəklini və videosunu çəkmiş telefonun galereyasında saxlamışdır. Həmin ərazidə yerləşən gömrük departamentinin ərazisinə daxil olan maşınlar eyni şəkildə qayda pozuntusu edirlər (iddia olunan). Çəkiliş etdiyi zaman 5 dəqiqədə 15-dən artıq maşın bu qayda pozuntusu edirsə, 1 saat bir gün və ya bir ayda nə qədər belə hadisə baş vermiş ola bilər?! Burdan da məlum olur ki, bu qədər say çoxluğu ilə sürücülər insanlar diqqətsiz və ya qayda pozmağa cəhd etməz. Ya bu millət bu cəriməni yazan iddia edir ki, kor qanun pozan bir cəmiyyət və ya xalqdır ya da doğurdan da o yolda doğru şəkildə yol hərəkət qaydaları tənzimlənmir. Bu boşluqdan biriləri istifadə edərək insanları keyfi olaraq və ya səhlənkar davranıb xəta edərək insanları cərimələyir, haqlı narazılıqlarına səbəb olur. Dövlətin polisin və digər dövlət qurumlarının etibarını öz maraqlarından dolayı zədələmiş olur. Dövlətin ədalət prinsiplərini qoruma dəyərlərini şübhə altında tutmuş olur. O, cənab X4 etimad etmiş xalqının yanından onu dəstəkləyən onun hüquqlarını qoruyan birilərinin bu dəyərləri kimlərsə öz əməli ilə mənfi göstərməsini istəmir. Ümid edir və inanır ki, ədaləti bərpa edib ona yazılan 100 manat 3 bal inzibati tənbeh vermə haqqında qərar ləvğ ediləcək. Başqaları da bu problemi yaşamaması üçün lazımi qurumlara orada xəttin sona qədər çəkilməsini və lazımi xəbər edici nişanla təmin edilməsini tapşırılmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Eyvazov Kənan Qurban oğlu şikayət ərizəsində qeyd olunanları müdafiə edərək bildirdi ki, həmin ərazidə düz xəttin mövcudluğu görünmür. O, qırıq xətdən dönmə əməliyyatı etmişdir. Ona görə də hesab edir ki, barəsində çıxarılmış cərimə qərar qanunsuzdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23554772 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Eyvazov Kənan Qurban oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan şəhər təhlükəsizlik kamerasından çıxarılmış videgörüntüdən görünür ki, “Hyundai İ30 minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil Sülh küçəsində hərəkətdə olarkən üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Həmin Qanunun 69-cu maddəsinin Vİ hissəsinin 1, 3 və 11-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; Həmin Qanunun 69-cu maddəsinin Vİİ hissəsinin 1 və 5-ci bəndinə əsasən “Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə “Hyundai İ30 minik” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Eyvazov Kənan Qurban oğlu Sumqayıt şəhəri, Sülh küçəsində üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək geriyə dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23554772 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Eyvazov Kənan Qurban oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Eyvazov Kənan Qurban oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23554772 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Eyvazov Kənan Qurban oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Eyvazov Kənan Qurban oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23554772 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar