Məhkəmə qərarları › İş №3(060)-2355/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2355/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2355/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X6 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7. zərərçəkmiş şəxs (tələbkar) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1984-cü ildə Tataristan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Konpleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən 29 sentyabr 2023cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 619/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Aliment üzrə 1437 manat borcu yaranmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 619/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2349/2013 saylı, 22 may 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq Şəxs Qəmbərova (Müslümova) Nurəngiz Nurəddin qızının xeyrinə ayda 103 (bir yüz üç) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin Şəxs qeyd olunan aliment borcunu vaxtında və tam formada ödəmədiyinə görə onun 1437 manat aliment borcu yığılmışdır. Tələbkar rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək borclu barəsində icra tədbirləri həyata keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar icra sənədi üzrə göstərilən borclunun ünvanına getmiş, lakin onun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Bu səbəbdən borclu barəsində axtarış elan edilmişdir. Borclu Şəxs saxlanılaraq şöbəyə təqdim olunmuş və ondan aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin borclu maddi imkanı olmadığına görə yığılmış aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmadığını bildirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol məhkəməyə təqdim edildikdən sonra isə borclunun yaxınları tərəfindən qeyd olunan borc tam olaraq tələbkar Nurəngiz Balakişiyevaya ödənilmişdir. Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X3 izahat verərək bildirdi ki, boclu Şəxs məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğini vaxtında tam həcmdə ödəmədiyinə görə onun 1437 manat aliment borcu yığılmışdır. Hazırda Şəxs tərəfindən qeyd olunan aliment borcu, yəni 1470 manat məbləğində aliment borcu tam olaraq ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq o, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, maddi imkanı olmadığına və heç bir yerdə işləmədiyinə görə aliment borcunu vaxtında ödəyə bilməmişdir. Bu səbəbdən icra məmuru onun barəsində inzibati protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Hazırda o, yaxın qohumlarının köməkliyi ilə yığılmış aliment borcunu artıqlaması ilə, yəni 1470 manat pulu tələbkar Nurəngiz Balakişiyevaya ödəmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin (tələbkarın) və protokol tərtib etmiş icra məmurunun izahatlarını dinləyib, zərərçəkmiş şəxsin ərizəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Zərərçəkmiş şəxs (tələbkar) X1 29 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs aliment borcunu tam olaraq, yəni 1470 manat ödəmişdir. Bu səbəbdən onun Şəxs şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs icra sənədi üzrə yaranmış 1437 manat aliment borcunu tam olarq xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs (tələbkar) X2 ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məhkəmə baxışında təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar