Məhkəmə qərarları › İş №3(060)-2355/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2355/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2355/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025ci il tarixli EQ 30343759 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30343759 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 30343759 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin sanksiyası çərçivəsində 1200 manat inzibati cərimə tənbeh edilmişdir. O, həmin qərarla razı deyil, hesab edir ki, qərar qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. MAN TGX 18.480 yük markalı ** HO *** nömrəli avtomobil ilə xx.xx.2025-ci il tarixdə yük aparan zaman Sumqayıt şəhəri H.Z.Tağıyev, Quba istiqamətdə olan zaman onun barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) və həmin Məcəllənin 353.5-ci maddəsi ilə (həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə) 1200 (min iki yüz) manat inzibati cərimə olunması barədə EQ seriyalı, 30343759 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə, Tərəzi qəbzi əsasında yük götürüb Bakı şəhəri istiqamətində hərəkət etmiş, avtomobilin yük ilə dolu çəkisi 26880 kiloqram olduğu halda, yük 42770 kiloqram qeyd edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmə) və həmin Məcəllənin 353.5-ci maddəsi ilə (həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə) 1200 manat inzibati cərimə olunması qanunsuz və əsassızdır. Şikayətə əlavə edilmiş tərəzi qəbzindən yükün real çəkisi açıq şəkildə görünür. Bakı istiqamətində hərəkətdə olduğu zaman çəkisinin 42770 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut təqdim edilməmişdir. Tərəzi qəbzindən də aydın şəkildə görünür ki, xx.xx.2025-ci il tarixdə müvafiq qaydada yüklə doldurulduqdan sonra ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 26880 kiloqram təşkil etmiş, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol İdarəsi tərəfindən bu halları təqzib edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən zaman X3 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 30343759 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materillarına əlavə edilmiş 01 sentyabr 2025-ci il tarixli, EQ 30343759 nömrəli qərardan aydın olur ki, X3 01 sentyabr 2025-ci il tarixdə saat 10:56-da idarə etdiyi «Man TGX 18.480 yük» markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-1, 44.6 km, Sumqayıt şəhəri, H.Z.tağıyev, Quba istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 01 sentyabr 2025-ci il tarixdə, saat 10:56-da « Man TGX 18.480» yük markalı, ** HO *** dövlət qeydiyyat nişanlı avtomaşın Sumqayıt şəhəri, H.Z.tağıyev, Quba istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42770 kq olmuşdur. X1 şikayətə əlavə etdiyi elektron məlumatdan görünür ki, « Man TGX 18.480» yük markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30 avqust 2025-ci il tarixdə, saat 17:07-də tərəzidən keçərkən ümumi çəkisi 26880 kiloqram olmuşdur. Məhkəmə həmin qaiməyə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzilərin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 01 sentyabr 2025-ci il tarixdə saat 10:56-da idarə etdiyi «Man TGX 18.480 yük» markalı, ** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 01 sentyabr 2025-ci il tarixli, EQ 30343759 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 01 sentyabr 2025-ci il tarixli, EQ 30343759 saylı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar