Məhkəmə qərarları › İş №3(060)-236/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-236/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-236/2025 31.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, zərərçəkmiş şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. 24 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3952/2018 saylı icra sənədinə əsasən borclular Şəxs və X3 müştərək qaydada 11425,76 manat əsas borc və 7411,36 manat məbləğində faiz borcu, cəmi 18.837,12 manat borc və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməmiş qalan 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Hal-hazırda ödənilməmiş 10931.81 manat borc var. Borclu qalıq borcu qərəzli olaraq ödəmir. Həmçinin bildirmişdir ki, borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş, o cümlədən gəliri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, adətən "xxxx" ASC-dən kredit götürüb öz işini qurmuşdur. Götürdüyü kreditlərin aylıq ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. Daha sonra devalvasiya olmuş, eyni zamanda evi yanmış və özü ağır xəsarət almışdır. Buna görə də banka dəfələrlə müraciət etmiş, lakin bank tərəfindən onun vəziyyəti nəzərə alınmamışdır. Hal-hazırda tələbkarla borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X4 izahatında bildirmişdir ki, hal-hazırda borclu ilə razılıq əldə olunmuşdir. Qətnamə üzrə qalıq 10930,3 manat borca tələbkar olaraq tərəflərindən güzəşt edilərək cəmi 6126 manat məbləğ ödənilməklə bağlanış təklif olunmuş və borclu qeyd olunan güzəşt məbləğindən xx.xx.2025-ci il tarixində 1500 manat ödəniş etmiş, qalıq qalmış 4626 manat borc isə borclu tərəfindən xx.xx.2025-ci il tarixinə kimi hissəvi ödənilməklə bağlanacaqdır. Göstərilən halları nəzərə alaraq iş üzrə icraataxitam veilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxslə tələbkar arasında borcun ödənilməsi ilə bağlı əldə olunmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3952/2018 saylı icra sənədindən görünür ki, borclular Şəxs və X3 müştərək qaydada 11425,76 manat əsas borc və 7411,36 manat məbləğində faiz borcu, cəmi 18837, 12 manat borc və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməmiş qalan 10 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-3952/2018 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktuubndan görünür ki, qətnamə üzrə qalıq 10930,3 manat borca tələbkar olaraq tərəflərindən güzəşt edilərək cəmi 6126 manat məbləğ ödənilməklə bağlanış təklif olunmuş və borclu qeyd olunan güzəşt məbləğindən xx.xx.2025-ci il tarixində 1500 manat ödəniş etmiş, qalıq qalmış 4626 manat borc isə borclu tərəfindən xx.xx.2025-ci il tarixinə kimi hissəvi ödənilməklə bağlanmalıdır. Göstərilən halları nəzərə alaraq borclu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdiriməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Belə ki, borcun bir hissəsi ödənilmiş, qalıq borcun isə hissə-hissə ödənilməsi barədə isə tələbkarla aralarında razılıq əldə edilmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmlərə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar