Məhkəmə qərarları › İş №3(060)-2363/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2363/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2363/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlil, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 29 sentyabr 2023cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8992/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Aliment üzrə 4567 manat borcu yaranmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İcra sənədi üzrə tələbkar X7 məhkəmə iclasında iştirak etmir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8992/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq anası X5 verilməsi qət edilmişdir. Lakin Şəxs qeyd olunan aliment borcunu vaxtında və tam formada ödəmədiyinə görə onun 4567 manat aliment borcu yıqılmışdır. Tələbkar rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək alimentin borclunun təqaüdünə yönəldilməsi və barəsində icra tədbirləri həyata keçirilməsini xahiş etmişdir. Bununla əlaqədar icra sənədi üzrə alimentin tutulması borclunun təqaüdünə yönəldilmiş və 2018-ci ildə 420 manat, 2019-cu ildə 945 manat, 2020-ci ildə 1092 manat, 2021-ci ildə 910 manat tutulmalar olmuşdur. Bundan başqa borclu əməliyyat olunan ayları çıxmaq şərti ilə qalan aylarda ödəniş etsə də müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmişdir. Daha sonra borclu çağırışlara gəlmədiyinə görə onun barəsində axtarış elan edilmişdir. Borclu Şəxs saxlanılaraq şöbəyə təqdim olunmuş və ondan aliment borcunun ödənilməsi tələb olunmuşdur. Lakin borclu maddi imkanı olmadığına və İİ qrup əlil olduğuna görə heç bir yerdə işləyə bilmədiyini, bu səbəbdən də yığılmış aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmadığını bildirmişdir. Buna baxmayaraq borclu bundan sonra hər ay müəyyən edilmiş alimenti ödəməklə yanaşı yığılmış borcdan 20 manat ödəyə biləcəyini bildirmişdir. Bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu hal-hazırda 4567 manat qalıq borcunu üzrüsüz səbəbdən icra etməmişdir. Odur ki, məhkəmədən Şəxs baəsində qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8992/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən məlumatı var və müəyyən qədər təqaüdündən aliment tutulmuşdur. Belə ki, o İİ qrup əlil olduğuna görə heç bir yerdə işləyə bilmir və bu səbəbdən də maddi imkanı ona qeyd olunan aliment borcunu tam ödəməyə imkan vermir. Lakin o, hər ay 120 manat könüllü olaraq aliment ödədiyini və qalan borcdan da hər ay 20 manat olmaqla ödəniş edəcəyini bildirdi. Qeyd olunanları nəzərə alaraq o, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, onun özünün, protokolu tərtib etmiş şəxsin izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, tələbkarın ərizəsini və icra sənədini üzürlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500,00 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar