Məhkəmə qərarları › İş №3(060)-2363/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2363/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2363/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi etibarnamə üzrə nümayəndələri X4, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X6 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inzibati xəta haqqında 23 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “Sumqayıt Tibb Mərkəzi” X10 (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu məhəllə, 38 saylı tam orta məktəbin yanında yerləşən “Sumqayıt Tibb Mərkəzi” X11 məxsus X12 Xəstəxanasında keçirilmiş planlı yanğın texniki müayinə zamanı YTQ № 01-2001 bənd 6.1-6.10; bənd 9.1-9.12; bənd 10.1-10.4; bənd 4.1- 4.17-nin tələbləri pozulmuş bu səbəbdən “Sumqayıt Tibb Mərkəzi” X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-ci maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin (bundan sonra SRDYNİ-nin) etibarnamə üzrə nümayəndəsi İlkin Kərimov izahatında göstərdi ki, keçən ay “Sumqayıt Tibb Mərkəzi” X8 tabeliyində olan X12 Xəstəxanasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında planlı yoxlama keçirilmiş və xx.xx.2024-cü il tarixli Yanğın-Texniki müayinə aktı tərtib olunmuşdur. Yoxlama müddəti xx.xx.2024-xx.xx.2024-cü il tarixləri əhatə edir. Pozuntular kapital xarakterlidir. Belə ki, obyektdə quraşdırılmış avtomatik yanğın xəbərverici səs siqnalizasiya sisteminə texniki qulluq göstərilməmiş, obyekrik digər bir hissəsinə avtomatik yanğın xəbərverici səs siqnalizasiya sistemi çəkilməmiş, obyektin elektrik naqilləri EQQQ-nin tələblərinə uyğun çəkilməmiş, obyektin 1-ci mərtəbəsində pəncərələr dəmir barmaqlıqlarla üzlənmişdir. Bu kimi nöqsanlara görə inzibati xəta haqqında protokol tərtib olunmuş, pozuntulardan bəziləri aradan qaldırılsa da, müəyyən pozuntular aradan qaldırılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən “Sumqayıt Tibb Mərkəzi” X8 minimum məbləğdə cərimə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X6 etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, müəssisədə keçirilən yoxlama zamanı nöqsanlar olmuş, aşkar olunmuş nöqsanların bəziləri aradan qaldırılmış, siqnalizasiya sisteminə xidmətin olmaması və elektrik naqillərinin izolyasiyası və gərginliyə qarşı sınaq protokollarının olmaması aradan qaldırılmamışdır. Bu nöqsanların aradan qaldırılması maddi xarakter daşıyır. Tender elan olunmalı və hansı şirkət tenderi qazanarsa, həmin şirkət tərəfindən nöqsanlar aradan qaldırılacaqdır. Yuxarıda qeyd olunanlara əsasən “Sumqayıt Tibb Mərkəzi” X10 barəsində minimum məbləğdə cərimə tənbehinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: SRDYNİ-nin 2221 saylı, xx.xx.2024-cü il tarixli “Yanğın-texniki müayinənin aparılması” haqqında qərara əsasən Sumqayıt şəhəri, 9-cu məhəllə, 38 saylı tam orta məktəbin yanında yerləşən “Sumqayıt Tibb Mərkəzi” X11 məxsus X12 Xəstəxanasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” X12 Xəstəxanasında qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.2024-cü tarixli KY ********* nömrəli Çıxarış əldə edilmiş, çıxarış MMC-nin nümayəndəsi Nizami Həsənova şəxsən təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, 2221 saylı “Yanğın-texniki müayinə” aktına əsasən “Sumqayıt Tibb Mərkəzi” X11 məxsus X1raşdırılmış avtomatik yanğın xəbərverinin səs siqnalizasiyası sisteminə texniki qulluq göstərilməməsi, 1-ci mərtəbə pəncərələrin dəmir barmaqlıqlarla üzlənməsi və obyektdə elektrik naqillərinin izolyasiyası və gərginliyə qarşı müqavimətinin EQQQ-nin tələblərinə uyğun çəkilməməsi və bu barədə sınaq protokolu tərtib edilməməsi noqsanları aşkar edilmişdir Bu barədə həmin tarixli, 2221 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Sumqayıt Tibb Mərkəzi” X10 tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də “Sumqayıt Tibb Mərkəzi” X10 İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun 24-cü maddəsinin 5-ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İXM-nin 518.1-ci maddəsinə görə Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından görünür ki, SRDYNİ əməkdaşları tərəfindən “Sumqayıt Tibb Mərkəzi” X11 məxsus X12 Xəstəxanasında planlı yanğın texniki müayinə zamanı 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə (maddə 14,15,17, 18,19, 20) riayət olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş SRDYNİ-nin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin “Sumqayıt Tibb Mərkəzi” X8 İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmədə “Sumqayıt Tibb Mərkəzi” X8 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Sumqayıt Tibb Mərkəzi” X8 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: “Sumqayıt Tibb Mərkəzi” X10 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar