Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2365/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi SRDYNİ-nin DYNŞ-nin inspektoru, d/x kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Sumqayıt Tibb Mərkəzi» PHŞ-nin hüquqşünası X1 iştirakı ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inzibati xəta haqqında 20 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən «Sumqayıt Tibb Mərkəzi» X9 (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu məhəllədə yerləşən «Sumqayıt Tibb Mərkəzi» PHŞ-nin inzibati binasında keçirilən planlı YTM zamanı qanun pozuntuları aşkar olunmuşdur: YTQ № 01-2001 bənd 6.1-6.10, b.10.1-10.4, b.9.1-9.12, b.4.1-4.17. «Sumqayıt Tibb Mərkəzi» X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 protokolu müdafiə edərək hüquqi şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Sumqayıt Tibb Mərkəzi» PHŞ-nin direktoru X4 bildirdi ki, nöqsanlar həqiqətən də mövcuddur, aradan qaldırılması ilə bağlı müraciət edilmiş, tenderdən sonra aradan qaldırılacaqdır. Məhkəmədən nəzərə alaraq hüquqi şəxs barəsində minimum həddə cərimə tətbiq olunmasını xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2193 nömrəli yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərardan görünür ki, müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri. (YTQ № 01-2001 bənd 6.1- 6.10) - yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına olan tələblər). (YTQ № 01-2001 bənd 9.1-9.12); - yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 10.1-10.4) - binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 4.1-4.17) Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək və s. digər vəzifələri vardır. Həmin Qanununun 23-cü maddəsinə əsasən yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir. Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs «Sumqayıt Tibb Mərkəzi» X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «Sumqayıt Tibb Mərkəzi» X9 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt şəhəri, 9-cu məhəllə, H.Əliyev prospekti ünvanında yerləşən «Sumqayıt Tibb Mərkəzi» X9 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. «Sumqayıt Tibb Mərkəzi» X6 törətdiyi hüquqpozmanı aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsi üçün 25 gün müddət təyin edilsin. Həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın icrası Sumqayıt şəhəri İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-2365/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2365/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver