Məhkəmə qərarları › İş №3(060)-2369/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2369/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2369/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə görə Şəxs Sumqayıt şəhəri Azərbaycan küçəsində hərəkətdə olarkən işiq cihazlarından istifadə qaydalarını pozduğu üçün saxlanılmış və həkim yoxlamasından keçən zaman sərxoş halda avtomobili idarə etməsi müəyyən olunmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında protokolla razılaşmayaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 14:50 radələrində “Reno” markalı, 99RV673 dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən YPX inspektoru onu saxlamışdır. Sənədlərini yoxlayarkən ondan şübhələndikləri üçün onu həkim müayinəsinə aparmışlar. Həkim müayinə etdikdən sonra onun sidiyində metamfetamin qəbul etdiyi aşkar olunduğu bildirilmişdir. O, buna etiraz edərək, müalicə olunduğunu və heç bir narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Belə olan halda onu müayinə edən həkim onlarda müasir test olmadığını, onların nəticəsi ilə razı olmadığı halda isə Respublika narkoloji dispanserə müraciət etməsini tövsiyyə etmişdir. Bundan sonra o, “Respublika Narkoloji Mərkəzə” müraciət etmiş və orada müayinə olunan zaman onun sidiyində heç bir narkotik vasitə aşkar edilməmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, o narkotik vasitə qəbul edərək sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. Ona görə də, onun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən 4514 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına istinad olunmuşdur ki, onun sidiyində metamfetamin qəbulu faktı aşkar edilmişdir. Halbuki, inzibati xəta haqqında protokola əlavə edilmiş 4514 nömrəli, xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:50-də müayinə olunmuş və onda sərxoşluq vəziyyəti müəyyən olunmamışdır. Hətta həmin rəyin 3, 4, 5, 6, 7 və 8-ci qrafalarında şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsini əks etdirən heç bir qeyd aparılmamış, həmin hissələr boş saxlanılmışdır. Əksinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X1 verdiyi xx.xx.2022-ci il tarixli, 3420 №-li aktdan görünür ki, laboratoriya müayinəsi zamanı Şəxs sidiyində narkotik vasitə qəbulu aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, yuxarıda qeyd edildiyi kimi protokola əlavə edilmiş şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktla da Şəxs sərxoş olması müəyyən edilməmişdir. Ona görə də, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2 və 114.2.1-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar