Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2372/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1970-ci ildə Quba ray., Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 16-cı mkr, 211 nömrəli fərdi yaşayış ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-2484/2017 saylı icra sənədi üzrə tələb xx.xx.2023-cü il tarixdə yerinə yetirilmiş, lakin “İcra Haqqında” AR qanunun 78.1-ci maddəsinin tələbləri yerinə yetirilməmişdir.Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Toğrul Rüstəmov izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 27 iyul 2016-cı il tarixli 105850-111716/1 nömrəli kredit müqaviləsi üzrə 292.318,48 manat əsas borc, 17.858.68 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 41 manat xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 310.268.16 manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçı ''Expressbank” ASC-yə ödənilməlidir. İcra sənədi üzrə üç borclu-X5, Şəxs və X7 olmuş, icra vərəqəsi hər üç borclu şəxs barəsində 13 oktyabr 2017-ci ildə icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək borclulara təqdim edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq icra vərəqəsinə əsasən tələb ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac yolu ilə satılması qeyd olunsa da, hərrac keçirilmədən borc bağlanılmışdır. İcra haqqında qanunun 78-ci maddəsinin tələblərinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. İcra vərəqəsi üzrə 310.268.16 manat məbləğində məbləğ xx.xx.2023-cü il tarixdə tam şəkildə ödənilmişdir. Bununla bağlı "xxxx" ASC-nin icra idarəsində ünvanlanmış məktubunda bu barədə qeyd edilmişdir. Eyni ilə icra sənədi üzrə digər borclu X5 barəsində də hazırkı iş üzrə eyni əsaslarla inzibati protokol tərtib edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qərarı ilə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmiş, həmin qərarı rəsmi qaydada əldə etdikdən sonra mübahisələndirəcəkdir. Həmin gün hər iki borclu barəsində protokol tərtib edə bilməməsinə səbəb borclulardan biri Şəxs ölkə xaricində olması və dünən gəlməsi olmuşdur. İcra sənədi üzrə iki borclu Çingiz Cəbrayılov və Şəxs dost olmuş, kredit müqaviləsi Çingiz Cəbrayılov ilə, ipoteka müqaviləsi isə Şəxs ilə bağlanılmışdır. 29 avqust 2023-cü il tarixdə tərəfindən icra ödənişinin alınması barədə qərar qəbul edilmiş, borclular həmin qərarı götürməkdən imtina etmişlər. Elektron icra sistemindən əldə edilmiş məlumata əsasən borclu Çingiz Cəbrayılovun mülkiyyətində avtomobil olduğu aşkar edilsə də, avtomobilin hazırkı yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. Hesab edir ki, 21729.27 manat məbləğində icra ödənişi borclulardan tutulmalıdır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən də göründüyü kimi kredit müqaviləsi X5 ilə bağlanılmış və yekunda 310268.16 manat məbləğin də Çingiz Cəbrayılovdan tutulması qeyd olunmuşdur. O, sadəcə ipoteka müqaviləsi bağlamış, kredit müqaviləsi nəticəsində əldə edilmiş pul vəsaitinin onunla heç bir əlaqəsi yoxdur. X5 tərəfindən 2017-ci ildə qismən ödənişlər edilmiş, 2019-cu ildə Çingiz ipoteka ilə yüklü edilmiş, mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 211 nömrəli fərdi yaşayış evinin çıxarışını ona qaytarmışdır. O, bu müddət ərzində yalnız bir dəfə on gün bundan əvvəl icra idarəsində icra məmurunun yanında olmuşdur. Bu vaxta qədər aparılan icra tədbirləri barəsində heç bir xəbəri olmamışdır. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 27 iyul 2016-cı il tarixli 105850-111716/1 nömrəli kredit müqaviləsi üzrə 292.318,48 manat əsas borc, 17.858.68 manat faiz borcu, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 41 manat xidmət haqqı, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 310.268.16 manat məbləğində pul cavabdeh X1 alınaraq iddiaçı ''Expressbank” ASC-y ödənilməlidir. Tələb ipoteka ilə yüklü edilmiş cavabdeh Şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0,0528 ha torpaq sahəsi və üzərində yerləşən 211B nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 120.000 manat müəyyən edilməklə açıq hərrac yolu il satılmalı, həmin əmlakın satılmasından əldə olunan vəsaitdən “Expressbank" ASC-yə olan borc ödənilməli, qalan məbləğ Şəxs verilməlidir. Tutma yönəldikdən və əmlak satıldıqdan sonra bir ay ərzində cavabdehlər Şəxs və X7 ipoteka predmeti olan qeyd olunan əmlakdan çıxarılmalı və həmin əmlak boşaldılmalıdır. İş materiallarında olan “Expressbank" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qətnamə üzrə borc tam bağlandığına görə "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan “Expressbank" ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər 2 Saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, bank tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0.0528 sahəsi və üzərində yerləşən 211B nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında əlavə edilmiş Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, icra vərəqəsi üzrə borclu X3 mülkiyyətində **-BV-*** dövlət qeydiyyat nişanlı “Honda CRV” minik markalı avtomobil vardır. Həmin çıxarışdan görünür ki, Çingiz Cəbrayılov "xxxx" MMC-də satış agenti, "xxxx" MMC-də menecer və "xxxx" MMC-də direktor işləməklə ümumilikdə 1180 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə xitam verilmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. “İcra haqqında” qanunda məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-2484/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış 310.268.16 manat məbləğində pulun cavabdeh X1 alınaraq iddiaçı ''Expressbank” ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxslə bank arasında yalnız ipoteka müqaviləsi bağlanılmış, icra vərəqəsində Şəxs öhdəliyi yalnız ipoteka ilə yüklü edilmiş əmlaka münasibətdə qeyd olunmuşdur. Bundan başqa iş materiallarından da göründüyü kimi “Expressbank" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər 2 Saylı Ərazi İdarəsində Sumqayıt şəhəri, 16-cı mikrorayonda 0.0528 sahəsi və üzərində yerləşən 211B nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə məktub göndərilmişdir. İcra məmuru qeyd olunan bu halları araşdırmadan artıq 2019-cu ildə icra vərəqəsi üzrə öhdəlik tam olaraq icra edildiyi halda təxminən 4 il keçdikdən sonra qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə icra ödənişinin alınması haqqında qərar qəbul etmişdir. Göründüyü kimi qətnamənin icra üsuluna görə əmlakın ixtisaslaşdırılmış hərrac vasitəsilə açıq hərracda satılması yolu ilə satılıb əldə edilmiş vəsait hesabına banka olan borc ödənilməli olduğu halda borclu Çingiz Cəbrayılov icra ödənişinin alınması barədə qərar qəbul edilməmişdən təxminən 4 il əvvəl banka olan borcunu tam olaraq ödəmişdir. “İcra haqqında” AR qanunun 78-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Hazırkı iş üzrə iş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun məhkəmə iclasındakı izahatından da görünür ki, əmlak hərraca çıxarılmadan, öhdəlik yerinə yetirilmişdir. Qətnamənin icra üsuluna görə əmlak satılıb borc ödənilməli olduğu halda əmlak satılmadan borclu tərəfindən banka olan borc tam ödənilmiş, yəni borclu icra sənədinin icrasından yayınmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta icra ödənişinin alınması üçün əsaslar mövcud olsaydı belə icra məmuru tərəfindən edilmiş və aşağıda sadalanan prossesual pozuntular inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi üçün əsas olmuş olardı. Belə ki, icra məmuru ipoteka qoyan barəsində inzibati xəta haqqında protokol tərtib etməklə səhv qənaətə gəlmişdir. “İpoteka” haqqında qanunun 1.0.4-cü maddəsinə əsasən ipoteka qoyan dedikdə - ipoteka predmeti olan əşyanı girov qoyan şəxs olduğu göstərilmişdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, bankla Çingiz Cəbrayılov arasında kredit müqaviləsi eyni zamanda həmin öhdəliyin icrasının təmini üsulu kimi Şəxsla isə ipoteka müqaviləsi imzalanmışdır. Yəni borclu Çingiz Cəbrayılov bank qarşısında olan öhdəliyini vaxtında və lazimi qaydada icra etməyəcəyi halda Şəxs məxsus ipoteka ilə yüklü edilmiş mənzil açıq hərracda satılmaqla banka olan borc ödənilməli olacaqdı. Lakin iş materiallarından görünür ki, Şəxs nə borclu, nə də öhdəliyin təmininin digər üsulu olan zamin deyildir. O, yalnız ipoteka qoyandır. İpoteka qoyanın vəzifələri “İpoteka haqqında” qanunun 25.2-ci maddəsində tam aydın göstərilmişdir. İpoteka qoyan ipoteka saxlayan qarşısında yalnız ipotekaya qoyduğu əmlak barəsində məsuliyyət daşıyır. Bundan başqa digər bir pozuntu olaraq məhkəmə qeyd edir ki, “İcra haqqında” AR qanunun 85.1-ci maddəsində icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişnin tutulması, cərimə tətbiq edilməsi və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru tərəfindən müvafiq qərar qəbul edildiyi göstərilmişdir. Həmin qanunun 85.2.7-ci maddəsində qeyd edilir ki, həmin qərardan şikayət verilməsi qaydası və müddəti qəbul edilmiş qərarda göstərilməlidir. Lakin araşdırma zamanı protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli “İcra ödənişinin tutulması haqqına” qərarda qanunun qeyd olunan tələbinə əməl edilmədiyi, həmin qərarın tərəflərə göndərilmədiyi müəyyən edilmişdir. Bununla icra məmuru borclunun qərardan şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə eyni zamanda icra məmuru tərəfindən digər bir prosessual pozuntunun edildiyini qeyd etməyi zəruri hesab edir. Belə ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Lakin iş materiallarına əlavə edilmiş və eyni zamanda məhkəmənin əldə etdiyi sənədlərdən görünür ki, Çingiz Cəbrayılovun mülkiyyətində “Honda CRV” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu, özünün işlədiyi və kifayət qədər yüksək əmək haqqı aldığı halda icra məmuru daha sərt inzibati tədbir görülməsi məqsədilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Toğrul Rüstəmov ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, və ya protokolda qeyd etməmiş, əsassız və qanunsuz olaraq protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Odur ki, yuxarıda qeyd olunan bütün hallardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2372/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2372/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver