Məhkəmə qərarları › İş №3(060)-2375/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2375/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2375/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:20-də yoldaşı xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı telefon vasitəsilə hədə-qorxu gəlmiş, narahat etmişdir. Buna görə Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 1-ci PB-nin sahə rəisi Nahid Həsənov izahat verərək bildirmişdir ki, 05 sentyabr 2025-ci il tarixində icraatına Zərərçəkmiş şəxs ərizəsi daxil olmuşdur. O, ərizəsində yoldaşının ona telefonla zəng edərək narahat etdiyini və üvanına nalayiq ifadələr işlətdiyini göstərmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 05 sentyabr 2025-ci ildə ailəsində mübahisə baş verib və arvadını mobil telefon vasitəsi ilə təhqir etmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə izahatında bildirdi ki, Şəxs uşağının telefonuna zəng edərək onunla danışmaq istəmiş, mobil telefonda onun ünvanına nalayiq ifadələr işlətmiş, hədələmişdir. Qeyd etmişdir ki, bu hal əvvəllər də baş verib. Məhkəmədən qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində yoldaşı Şəxs ***-***-**-** nömrəsindən zəng edib, mesaj yazıb onu və ailəsini öldürəcəyini demişdir. Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, yoldaşı Şəxs mütəmadi olaraq onu döyür və təhqir edir. O, yoldaşıyla boşanmaq üçün məhkəməyə müraciət etmək istəyəndə isə yoldaşı onun qardaşına telefonla zəng edərək öldürməklə hədələmişdir. Buna görə də müraciətini geri çəkmişdir. Hal-hazırda ayrı yaşayırlar, lakin Şəxs daimi olaraq ***-***-**-** nömrəsindən zəng edib onu və ailəsini öldürməklə hədələyir. Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ailəsiylə son bir neçə ayda olan hadisələr nəticəsində əsəbi və gərgin olduğu üçün ***-***-**-** nömrəsindən telefonla yoldaşı Zərərçəkmiş şəxs hədələmiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. 041092 nömrəli vəsiqədən görünür ki, Şəxs 3-cü qrup ümumi əlildir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokol tərtib etmiş sahə rəisi Nahid Həsənovu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, Zərərçəkmiş şəxs dinləyib, iş materialına əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəəlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Şəxs tərəfindən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələrin işlədilməsinin mobil telefon vasitəsi ilə baş verməsi işin mübahisəsiz halıdır. Belə ki, protokolu tərtib etmiş polis əməkdaşı, barəsində icraat aparılan şəxs və zərərçəkmiş izahatlarında bu halı təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməli idi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnmiş hər hansı hüquqpozma törədilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxsnın əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar