Məhkəmə qərarları › İş №3(060)-2378/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2378/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2378/2025 06.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib edən şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 böyük məsləhətçi-müfəttişi, Mahir İmanov bildirmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 monitorinqi nəticəsində Kimyaçılar qəsəbəsində xx.xx.2025-ci il tarixində "xxxx" MMC-də formalaşan tullantı sularının təmizlənmə prosesindən keçmədən birbaşa ətraf-mühitə (çölə) axıdılması faktı aşkar edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, müəssiədə istehsalat zamanı formalaşan tullantı suları kanalizasiya çəni, yəni tullantı sularının toplandığı yerə toplanmamış və su təmizləyici qurğulardan istifadə edilməmişdir. Nəticədə "xxxx" MMC ətraf-mühitin çirkləndirilməsinə səbəb olmuşdur. Həmçinin, bildirmişdir ki, "xxxx" MMC-in nüməyəndələri etiraf etmişdir ki, tullantı suları ayda 2-3 dəfə obyektin qarşısında olan boş əraziyə axıdılır. Bundan başqa şəkil və videogörüntülərdən məlum olur ki, tullantı sularının axıdıldığı ərazi bataqlıq yerdir. Əgər müəssisə təmizləyici qurğulardan istifadə etsəydi, suyun tərkibini müəyyən etmək üçün analizlər həyata keçirilərdi. Qeyd olunan inzibati xətanın baş verməməsi və ətraf-mühitin çirklənməməsi üçün ya şambolardan (yeraltı çən) ya da xüsusi maşınlardan istifadə olunmalı idi. Protokolun təmin olunmasını xahiş edir. xx.xx.2025-ci ildə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, "xxxx" MMC barəsində akt tərtib edilmiş və aktın tərtib edilməsi prosesində müəssisənin baş mühasibi iştirak etmişdir. Bildirmişdir ki, həmin şəxs texnoloji qurğulardan məlumatlı deyil. Həmçinin, müəssiənin rəhbəri ölkə xaricində olduğu üçün akt tərtib olunmasından xəbəri olmamışdır. "xxxx" MMC və "xxxx" ASC arasında sonuncu ili 2026-cı il olmaqla 3 illik müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərində Nazirlər Kabinetinin 03 may 1992-ci il tarixli qərarı da qeyd olunmuşdur. Bildirmişdir ki, tullantı sularının müəssisə tərəfindən kanal xətti ilə axıdılması həmin müəssisənin öhdəliyi deyil. Müəssisə şüşə qabların yuyulmasını həyata keçirir, sonra həmin su çənə axıdılır, daha sonra isə həmin sudan yenidən istifadə olunur. Beləliklə, həmin su müəssiədə dəfələrlə emal olunur, buna görə də həmin su çirkli olmur və təkrar emalda istifadə olunur. Həmçinin, "xxxx" MMC Təmizlik Departamenti ilə müqavilə bağlamış, emal prosesi zamanı bərk cisimlər təmizlənərək aradan qaldırılır. Kimyaçılar qəsəbəsində kanala bənzər arx var və müəssiədən axıdılan tullantı sular həmin arxa axıdılır və ya xüsusi maşınlar vasitəsilə həmin tullantı sular oradan kənarlaşdırılır. Bildirmişdir ki, müəssisədən axıdılan suyun tərkibində kimyəvi, zəhərli və ya ətraf-mühitə zərər vura biləcək maddələr yoxdur. Həmçinin, Nazirlər Kabinetinin qəbul etdiyi normativdən yüksək miqdarda suyun tərkibində zərərli maddələr olarsa, bu vaxt müəssisənin məsuliyyət məsələsi yarana bilər. Bundan başqa qeyd etmişdir ki, sözügedən müəssisə yeni fəaliyyətə başlamışdır. Protokol tərtib edən orqan bu halı nəzərə almalı və əvvəlcə müəssiəyə xəbərdarlıq etməli, bundan sonra müəssisə yenidən belə halları davam etdirsə və tələbi yerinə yetirməsə, müəssisənin barəsində inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Belə ki, "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında hər ay müəssisə çirkab sulara və içməli suya görə "xxxx" ASC-yə ödənişlər edir. İXM-in 262.2.3cü maddəsində isə içməli suyun və tullantı sularının axıdılmasına görə məsuliyyət tədbirləri nəzərdə tutulub. Bildirmişdir ki, cavabdeh təşkilatın həmin qurğuları özünün yerləşdirməsi kimi öhdəliyi yoxdur. Buna görə də tərtib olunmuş protokol və akt qanunsuzdur. xx.xx.2025-ci ildə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-in etibarnamə üzrə nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirmişdir ki, protokol tərtib edən orqan müəssisəyə əvvəlcə xəbardarlıq etməli, lazım olarsa, aylıq ödənişin məbləğini artırmalı idi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, müəssiə şambo (yeraltı çən) yox, dəmir çən var. Tullantı suları müəssisə tərəfindən boru vasitəsilə axıdılır və təkrar emal edilir. Lakin müəssiədən asılı olmayan səbəblərdən müəyyən qədər axıntılar ola bilər. Məhkəmədən müqavilənin şərtlərinin nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixində "xxxx" MMC-də formalaşan tullantı sularının təmizlənmə prosesindən keçmədən birbaşa ətraf-mühitə (çölə) axıdılması faktı baş vermişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 000483 nömrəli akt və fotoşəkillər ilə təsdiq edilir. İş materiallarında olan "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş 181509.2025-ci il tarixli 000483 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus şüşə qablar sexinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktı aşkar edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi araşdırmada iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan fotoşəkillər və videogörüntülərdən məlum olur ki, su saxlanılan tikilinin aşağı hissəsində suyun kənara axıdılması üçün boru çıxıntısı var. Ətraf ərazinin quru olmasına baxmayaraq su saxlanılan tikilinin boru çıxıntısının altında su qalıqları toplanmışdır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin təqsirsiz olması ilə bağlı göstərdiyi dəlillər, hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, iş materiallarına əlavə edilmiş Azərsu ASC-ilə bağlanmış 2026-ci il tarixədək qüvvədə olan müqavilənin 4.1.4-cü bəndinə əsasən İstehlakçı (Santexdetal MMC) balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Həmçinin müqavilənin 4.1.12-ci bəndinə əsasən "xxxx" ASC tərəfindən verilmiş texniki şərtlər əsasında su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq, həmin Müqavilənin 4.1.15-ci bəndinə əsasən tullantı sularının kanalizasiya sisteminə fasiləsiz axıdılmasının təmin edilməsini Müəssisədən (Azərsu ASC) tələb etmək İstehlakçı (Santexdetal MMC) hüquq və öhdəliyidir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, həmin su saxlanılan tikilinin kanalizasiya xətti ilə birbaşa hər hansı əlaqəsi yoxdur. Hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, emaldan sonra qalan suyun çirkli olmaması, kanala bənzər arxa axıdılması İXM-in 262.2.3-cü maddəsinin tərkibini yaradır. Həmçinin, protokol tərtib etmiş orqanın əvvəlcədən xəbərdar etməsi ilə bağlı qanunvericilikdə hər hansı öhdəlik mövcud deyil. Bundan başqa iş materiallarına əlavə edilmiş videogörüntü də ətraf ərazinin quru olmasına baxmayaraq su saxlanılan tikilinin borusunun altında su qalıqlarının toplanması suyun təyinatsız olaraq axıdılması faktını sübut edir. Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məhkəmə "xxxx" MMC-nin əməlində yüngülləşdirlən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar