Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2379/2025 29.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin 23 avqust 2025-ci il tarixli, EQ 30142746 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən barəsində inzibati tənbehin tətbiqi barədə tərtib edilmiş 23 avqust 2025-ci il tarixli, EQ 30142746 saylı qərarı ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Qaraməryəm-İsmayıllı-Qəbələ-Oğuz- Şəki yolunun 138-ci kilometrində hərəkət edərkən barəsində İXM-in 328.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Protokolda onun yolda müəyyən edilmiş sürət həddinin 21-40 km/saat aşdığı göstərilmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin şəxsi video registratorundan çıxarılmış videogörüntüdə yol kənarında olan yol hərəkətini tənzim edən işarələr aydın şəkildə görünür. Ona cərimə yazılan yerdə, əvvəlcə “Yaşayış zonası bitdi” nişanı mövcuddur. Bu nişandan sonra qeyd edilən yolun tələblərinə uyğun olaraq minik avtomobilləri üçün icazə verilən maksimal sürət həddi 90km/saat təşkil edir. Təxminən nişandan bir neçə yüz metr sonra 60 km/saat sürət məhdudiyyət nişanı qoyulmuşdur. Protokol isə məhz bu iki nişan arasındakı ərazidə tərtib edilmişdir. Video materialdan da aydın şəkildə görsənir ki, əvvəl “Yaşayış zonası bitdi” yol hərəkəti nişanı və daha sonra X7 ilə rastlaşır. X6 bir qədər sonra “Sürət həddini tənzimləyən” 60km/saat nişanı ilə rastlaşıram. Qanunvericiliyə görə sürət məhdudiyyəti yalnız nişandan sonra qüvvəyə minir. Bu səbəbdən, həmin hissədə mənim hərəkətim qanuni sürət həddi çərçivəsində olmuşdur. (90 km/saat maksimal sürət həddinə icazə olan ərazidə 83 km/saat). Tərtib edilən protokoldan E-polis tətbiqi vasitəsilə şikayət etsə də, cərimə qüvvədə qalmışdır və ona göndərilən cavab məktubunda bununla bağlı detallı izahat verilməmişdir. (Məktub şikayətə əlavə edilib). Ona görə hesab edir ki, əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur. Təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X8 idarəsinin tərəfindən qəbul edilmiş EQ30142746 saylı xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 17:40 radələrində öz avtomobili ilə Şəki-Oğuz yolunda hərəkətdə olan vaxt üzərindən xətt çəkilmiş yol hərəkəti nişanı ilə rastlaşıb. Həmin nişanın avtomobillərə yolda olarkən sürət həddini 90 km/saatadək artırmağa imkan verdiyini bildirmişdir. O, həmin yolda təxmini 80-83 km/saat sürətlə hərəkət edib. Bir qədər getdikdən sonra yol polisi avtomobili ilə rastlaşıb, daha sonra bir neçə yüz metr getdikdən sonra sürət həddinin 60 km/saat olduğunu bildirən yol hərəkəti nişanını görüb. Həmin nişanı gördükdən sonra sürət həddini aşağı endirib. Bu hadisənin səhəri günü onun barəsində elektron qərar tərtib olunaraq “e-polis” tətbiqində yerləşdirilmişdir. Həmçinin, bildirmişdir ki, polisin ona təqdim etdiyi videogörüntülərlə onun avtomobilinin çəkdiyi görüntülər bir-birinə ziddir. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq elektron qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30142746 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli X3 ünvanlanmış məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə “Nissan” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı- Şəki yolunun 138-ci km-də müəyyən olunmuş 60 km/saat hərəkət sürətinin 23 km/saat həddində aşılması halı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun olaraq foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, real vaxt rejimində Baş X8 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə barənizdə elektron qaydada EQ30142746 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı qeyd olunan əraziyə, xüsusi texniki vasitənin qeydə aldığı videogörüntülərə baxış keçirilmiş, inzibati xətaya yol verilməsi halı təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdə olan “e-polis” tətbiqindən əldə edilmiş çıxarışdan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilirənək 2 bal, 50 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanın xx.xx.2025-ci ildə törədilib. İnzibati tənbeh vermə haqqında elektron qərar isə xx.xx.2025ci il tarixində qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən məlum olur ki, xx.xx.2025-ci il tarixdə şikayətçi “yaşayış məntəqəsinin qurtaracağı” (5.23) nişanın əhatə dairəsinə hərəkətdə olarkən YPX avtomobili əks istiqamətdə hərəkət edir. Şikayətçi bir qədər məsafə qət etdikdən sonra sürət həddinin 60 km/saat olmasını bildirən yol hərəkət nişanı quraşdırılıb. İnzibati xəta hadisəsi qeydə alınarkən YPX avtomobilindən çəkilmiş foto və videolar şikayətçi tərəfindən təqdim edilmiş avtomobilin şəxsi videoqeydiyyat cihazında olan görüntülərlə eyniləşdirildikdə hər iki videogörüntünün eyni hadisə ilə bağlı olması təsdiqini tapır. Yol hərəkəti haqqında Qanunun 50-ci maddəsinin ikinci hissəsinə əsasən nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə 2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, inzibati xəta hadisəsinin qeydə alındığı ərazidə icazəverilən hərəkət sürəti 90 km/saat olmuşdur. Belə ki, videogörüntülərdən aydın şəkildə görünür ki, şikayətçinin “yaşayış məntəqəsinin qurtaracağı” (5.23) nişanının əhatə dairəsinə hərəkətdə olarkən YPX avtopatrulu ilə rastlaşmış və bir qədər məsafə qət etdikdən sonra sürət həddinin 60 km/saat olmasını bildirən yol hərəkət nişanı quraşdırılmışdır. Bununla da, X4 “yaşayış məntəqəsinin qurtaracağı” (5.23) nişanının əhatə dairəsində, yəni 90 km/saat sürətlə hərəkət etməyə icazə verilən yolda 83 km/saat sürətlə hərəkət etməklə yol-hərəkəti qaydalarını pozmamış, inzibati xəta törətməmişdir. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə nəticəyə gəlir ki, X2 barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30142746 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ30142746 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30142746 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsinin tərəfindən X1 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30142746 saylı elektron inzibati tənbeh vermə haqqında elektron qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-2379/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2379/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver