Məhkəmə qərarları › İş №3(060)-238/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-238/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-238/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin nümayəndəsi, sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7, mənzil 5-də qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Yataqxana 3, Mənzil 49-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Əşya bazarı deyilən ərazinin yaxınlığında YPX-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Əşya bazarı deyilən ərazinin yaxınlığında YPX-nin əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, Əşya bazarı deyilən yerdə YPX əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söymüş, ictimai qaydanı pozmuş, YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi abtomobillə Əşya bazarının yolunda svetofora çatdıqda qırmızı işığın yanmasına 14 saniyə qalmış qabaqda hərəkət edən xarici maşın ləng hərəkət etdiyi üçün həmin maşına siqnal vermiş, işıqla işarə vermişdir ki, tez hərəkət etsin. 5 saniyə qalmış manevr edərək həmin maşının yanına yaxınlaşmış və həmin sürücünü söymüşdür ki, niyə sürmür. Həmin vaxt polis əməkdaşları gəlib ona demişlər ki, çək qırağa saxla. O qırağa çəkib maşını saxlamışdır. YPX əməkdaşları ona cərimə yazmış, onların arasında mübahisə olmamışdır. Polislər də görmüşlər ki, o onları yox, digər maşının sürücüsünü söyür. Ona cərimə yazmışlar, sənədi ona vermək istəmişlər, o isə əsəbi olduğundan maşını sürüb getmişdir. Hadisə vaxtı yaxınlıqda olan avtoservisin işçiləri səsə gəlmiş, oraya bir neçə nəfər yığışmışdır. Evində olarkən 2 maşın qara maskalılar gəlib evdən onu götürüb döymüş, polisə aparmışlar. Onların başları bağlı olmuş, onun yerə yıxıb başına kisə keçirdərək onu aparmışlar. O YPX əməkdaşları ilə mübahisə etməmiş, onları söyməmişdir. Barəsindəki işə xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs YPX əməkdaşlarını söyməmiş, onun qarşısında dayanmış maşının yiyəsini söymüşdür. Polisin tələbinə əməl etmişdir. Onun əməllərində inzibati xəta tərkibi yoxdur. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində 2026 çağırışlı avtopatrulda postaçı yoldaşı Şahid2la birlikdə xidmət aparan zaman “Daewoo Gentra” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri, Koroğlu və Azərbaycan küçələrinin kəsişməsində Əşya bazarı deyilən ərazinin yaxınlığında işıqforun qırmızı işığını keçməsini müşahidə etmişlər. Onlar avtopatrul vasitəsilə qeyd edilən avtomobilə saxla işarəsi vermişlər. Avtomobili saxlayıb yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs işıqforun qırmızı işığını keçməsini bildirdikdə o qırmızı işığı keçmədiyini bildirmişdir. Daha sonra həmin şəxs orda olan digər avtomobilin sürücüsünü, sonra da onları nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Onlar onu nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davm edərək həmin ərazidən uzaqlaşmışdır. Məhkəmə iclasında digər Şahid2 da Şahid1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi, şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Əşya bazarı deyilən ərazinin yaxınlığında ictimai qaydanı pozmuş, YPXnin əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq əməli törətmişdir. O, bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə sübuta yetirilmir. Şəxs Sumqayıt şəhəri, Əşya bazarı deyilən ərazinin yaxınlığında YPX-nin əməkdaşlarının qanuni tələbinə tabe olmuşdur. Onun onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe omaması barədə işdə sübut yoxdur, məhkəmədə də bu müəyyən edilməmişdir. İşdə olan bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan və digər sənədlərdən görünür ki, Şəxs 23 yanvar 2023cü il tarixdə, saat 22:15-də tutulmuşdur, 24 yanvar 2023-cü il tarixdə saat 14:00-da azad olunması göstərilsə də buraxılmamışdır. Məhkəmə hesab edir ki, bu nəzərə alınmalı, inzibati həbsin əvvəli 23 yanvar 2023-cü il tarixdən, saat 22:15-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 23 yanvar 2023-cü il tarixdən saat 22:15-dən hesablansın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar