Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2382/2025 19.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar Abdullayevin, Zərərçəkmiş şəxs, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qubadlı rayonu, ünvan 1 ünvanında yaşayan, (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhər Məhkəməsində Şəxs Zərərçəkmiş şəxs təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar Abdullayev tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhər Məhkəməsinin binasında Şəxs Zərərçəkmiş şəxs təhqir edərək ictimai qaydanı pozmuşdur. Aparılan araşdırma zamanı Şəxs ictimai qaydanı pozaraq qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi halları müəyyən edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, inzibati xəta üzrə özünü təqsirli bilmir. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsində iclas zalından çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs yaxınlaşıb barışmağı xahiş etmiş, lakin Zərərçəkmiş şəxs əvəzində ondan 1000 (min) manat pul istədiyini bildirmiş və onu təhqir etmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşıb onları sakitləşdirmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o, Sumqayıt şəhər Məhkəməsində məhkəmə iclasına gəlmiş, məhkəmə iclasında təxirə salınmışdır. Daha sonra o, məhkəmə iclas zalından çıxmışdır. O, zaldan çıxdıqdan sonra Şəxs məhkəmənin binasında onu söymüş və təhqir etmişdir. Həmin an ətrafda xeyli adam olmuşdur. O, bu barədə dərhal polisə məlumat vermişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində həbslə əlaqədar olan tənbeh tədbirinin təyin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə şahid Azərbaycan Respublikasının DİN-nin Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər mühafizə idarəsinin polis nəfəri, polis serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat təxminən 18:00 radələrində hazırda məhkəmə iclasında iştirak edən tərəflər Şəxs, onun yanında olan digər şəxslərin və Zərərçəkmiş şəxs Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında ikinci mərtəbədə birbirilərini söyüb təhqir etdiklərini eşitmiş, növbədə olan digər polis əməkdaşı ilə birlikdə tərəflərə yaxınlaşmışlar. Daha sonra onları sakitləşdirib ayrı-ayrı istiqamətlərə apararaq binadan çıxarmışlar. Vətəndaşları sakitləşdirmək üçün yaxınlaşarkən hər iki tərəfin birbirini söydüyünü görmüşdür. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müharibə veteranı, qazi olduğunu bildirmiş, məhkəmədən barəsində cərimə tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhər Məhkəməsində Şəxs Zərərçəkmiş şəxs təhqir etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin məsul növbətçisi, polis mayoru İdris Tahirov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:30-da Azərbaycan Respublikası DİN “102” xidməti zəng mərkəzi sisteminə daxil olmuş ********** nömrəli məlumatda Sumqayıt şəhəri, Məhkəmə zalı, Zərərçəkmiş şəxs məhkəmə zalında qarşı tərəfdən təhqir olunması qeyd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt ŞPİ-nin 5-ci PB-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra məhkəmə kompleksinin 2-ci mərtəbəsində Ramiz, Nazim, Ramizin adını bilmədiyi 2 oğlu və digər 2 nəfər şəxs olmaqla ümumilikdə 6 nəfər şəxs onunla münaqişə edərək onun şərəf və ləyaqətini alçaltmış, onu, ailə üzvlərini nalayiq ifadələrlə təhqir etmiş, ictimai yerdə, ətrafda olan şəxslərə də hörmətsizlik ifadə edən davranışlar etmişlər. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş diskdə olan video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video görüntülər xx.xx.2025-ci il tarixdə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında ikinci mərtəbədə qeydə alınmışdır. Video görüntülərdə barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və əlavə bir neçə şəxsin bir-birinin ünvanına əl-qol hərəkətləri ilə nəsə deməsi, həmin halın ətrafdan keçən insanların diqqətini cəlb etməsi, az sonra kompleksin mühafizə əməkdaşlarının oraya gələrək həmin şəxsləri bir-birindən uzaqlaşdırması müşahidə edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi mövcuddur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatına münasibətdə isə onu qeyd edir ki, şəxsin izahatını təsdiq edəcək sübutlar mövcud olmadığından onun izahatını müdafiə xarakterli qiymətləndirmək olar. Proses iştirakçıları məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdir. Məhkəmə, proses iştirakçılarının təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs müharibə veteranı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halı, yəni müharibə veteranı olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində cərimə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2382/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2382/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver