Məhkəmə qərarları › İş №3(060)-2384/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2384/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2384/2025 19.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Tarverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi X1, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1969-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Zəngilan rayonu, Gilətağ ərazi dairəsi, Vənədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasə Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasının ikinci mərtəbəsində Zərərçəkmiş şəxs və onun yaxınlarını təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında ikinci mərtəbədə Zərərçəkmiş şəxs və onun yaxınlarını təhqir etmişdir. Belə ki, həmin şəxslər arasında mübahisə olmuş, mübahisə zamanı bir-birinin ünvanına nalayiq ifadələr işlətməklə məhkəmədə normal iş rejimini, ictimai qaydanı pozmuşlar və bununla da xırda xuliqanlıq etmişlər. Bununla bağlı tərəfindən müvafiq inzibati araşdırma aparılmış və həmin şəxslər barəsində İXM-in 510-cu maddəsi ilə ayrı-ayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs atası Ramiz Qurbanov yaxın qohumları ilə birlikdə bir müddət öncə onu döymüşlər, ictimai yerdə şərəf və ləyaqətini alçaltmışlar. Bununla bağlı Ramiz Qurbanovun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Qeyd edilən işə xx.xx.2025-ci il tarixdə baxılmış və proses təxirə salınmışdır. Həmin prosesdən çıxdıqdan sonra məhkəmənin inzibati binasında Ramiz Qurbanov və onun yaxınları, o cümlədən Zərərçəkmiş şəxs onu yenidən təhqir etmişlər, şərəf və ləyaqətini alçaltmışlar və onu yenidən döymək istəmişlər. Səs-küyə polis əməkdaşları gələrək həmin şəxsləri ondan uzaqlaşdırmışlar və onu vurmalarına imkan verməmişlər. Həmin vaxt o səs-küy salmamış, kimlərinsə ünvanına hər hansı nalayiq ifadə işlətməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs şikayətinə görə atası Ramiz Qurbanovun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Qeyd edilən işə xx.xx.2025-ci il tarixdə baxılmış və proses təxirə salınmışdır. O, prosesdə iştirak etməmiş, prosesin bitməsini məhkəmə iclas zalının qarşında gözləmişdir. Proses bitdikdən sonra atası Ramiz Qurbanov, həmçinin Şəxs prosesdən çıxmışlar. Həmin vaxt məhkəmə binasının ikinci mərtəbəsində Şəxs onun və yaxınlarının ünvanına nalayiq ifadələr işlətmiş, həmin səsküyə polis əməkdaşları yaxınlaşaraq onları sakitləşdirmiş və bir-birindən uzaqlaşdırmışdır. O kimisə ünvanına nalayiq ifadə işlətməmiş və ya hər hansı qanun pozuntusuna yol verməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt şəhər Mühafizə İdarəsinin polis nəfəri X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxmini saat 18 radələrində Sumqayıt Məhkəmə Kompleksində mühafizə xidmətində olarkən ikinci mərtəbədə səs-küy eşitmişlər. Əvvəlcə digər xidmət yoldaşı yuxarıya qalxmış, səs-küy kəsmədiyi üçün bir-iki dəqiqə sonra o da ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbəyə qalxan zaman hazırda zalda əyləşən Şəxs, həmçinin Zərərçəkmiş şəxs və yaxınlarının qarşılıqlı olaraq ucadan bir-birinin ünvanına nalayiq ifadələr işlətmələri, səs-küyə kompleksdə olan digər insanların tamaşa etmələrini müşahidə etmişdir. Onlar həmin şəxsləri bir-birindən uzaqlaşdırmışlar. Həmin vaxt da Şəxs etik olmayan ifadələr işlətməyə davam etmiş, o da sonuncuya irad bildirərək yaxınlıqda qadın və uşaq olduğunu bildirmişdir. Onlar həmin şəxsləri bir-birindən uzaqlaşdırdıqdan bir qədər sonra ayrı-ayrılıqda yola salmışlar ki, bir daha qarşılaşaraq mübahisə etməsinlər. Həmçinin bildirmişdir ki, həmin şəxslər arasında mübahisə yalnız sözlə olmuş, kimsə bir-birini vurmamışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə istinad edilən inzibati xəta sübuta yetirilmir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video görüntülər xx.xx.2025-ci il tarixdə Sumqayıt Məhkəmə Kompleksinin inzibati biansında ikinci mərtəbədə qeydə alınmışdır. Video görüntülərdə Şəxs, Zərərçəkmiş şəxs və əlavə bir neçə şəxsin bir-birinin ünvanına əl-qol hərəkətləri ilə nəsə deməsi, həmin halın ətrafdan keçən insanların diqqətini cəlb etməsi, az sonra kompleksin mühafizə əməkdaşlarının oraya gələrək həmin şəxsləri birbirindən uzaqlaşdırması müşahidə edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi mövcuddur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alıraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar