Məhkəmə qərarları › İş №3(060)-2388/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2388/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2388/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı Fərman Hüseynzadənin, Zərərçəkmiş şəxs - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri 11-ci mikrorayon, ev 34, mənzil 3-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Vətəndaş Şəxs barəsində 14 iyul 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs 05.07.2021-ci il tarixdə 11-ci mikrorayon ərazisində yerləşən adsıız qarajların birinə arxadan daxil olaraq içəridə olan plastik qapı, pəncərə və onların profillərini oğurlamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Fərman Hüseynzadə məhkəmə iclasında bildirdi ki, vətəndaş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 13 iyul 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və faktda xırda talamanın tərkibi olduğundan təqsirkar şəxs və ya şəxslərin müəyyən edilib barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar 1-ci PB-nə göndərilmişdir. Müəyyən olunmuşdur ki, həmin şəxs Şəxsdur. Buna görə də həmin fakt əsasında Şəxs barəsində 14 iyul 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Şəxs 05.07.2021-ci il tarixdə 11-ci mikrorayon ərazisində yerləşən adsıız qarajların birinə arxadan daxil olaraq içəridə olan plastik qapı, pəncərə və onların profillərini oğurlamışdır. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 05.07.2021-ci il tarixdə 11-ci mikrorayon ərazisində yerləşən adsıız qarajların birinə arxadan daxil olaraq içəridə olan plastik qapı, pəncərə və onların profillərini oğurlamışdır. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alaraq barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, plastik qapı və pəncərə ustası kimi işləəyir. 05.07.2021-ci il tarixdə 11-ci mikrorayon əraziisndə yerləşən qaraja gəlmiş və bu zaman qarajın arxa hissəsində olan mişar daşlarının sökülməsini və qarajda olan plastik qapı, pəncərələrin və onların profillərinin oğurlanmasını görərək bu barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona 90 (doxsan) manat məbləğdə maddi ziyan dəymişdir. Hazırda inzibati xəta törətmiş şəxslə barışmışdır. Ona dəymiş maddi ziyan ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, inzibati xəta nəticəsində dəymiş ziyanın tam ödənildiyini nəzərə alaraq onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X3 oğlunun məhkəmə iclas zalında təqdim etdiyi 14.07.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Şəxs şikayətçi deyildir. Odur ki, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs Məhkəmə iclas zalında təqdim etdiyi 14.07.2021-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin təhqiqatçısı, polis polis mayoru X2 tərəfindən qəbul edilmiş 13 iyul 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və faktda xırda talamanın tərkibi olduğundan təqsirkar şəxs və ya şəxslərin müəyyən edilib barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qərar 1-ci PB-nə göndərilmişdir. Müəyyən olunmuşdur ki, həmin inzibati xətanı törədən şəxs Şəxsdur. Buna görə də Şəxs barəsində 14 iyul 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs 05.07.2021-ci il tarixdə 11-ci mikrorayon ərazisində yerləşən adsız qarajların birinə arxadan daxil olaraq içəridə olan plastik qapı, pəncərə və onların profillərini oğurlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar