Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2389/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X2 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 16 sentyabr 2022-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki icra vərəqəsində göstərilən uşaqları icra idarəsinə gətirsə də sonradan uşaqları icra yerindən uzaqlaşdırmış və icra idarəsində səs-küy salmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-190/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki icra vərəqəsində göstərilən uşaqları icra idarəsinə gətirsə də sonradan uşaqları icra yerindən uzaqlaşdırmış və icra idarəsində səs-küy salmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, icra məmuru tərəfindən uşaqların anasına verilməsi üçün ica idarəsində saat 11:00 görüş təyin edilmiş, o deyilən vaxt uşaqları gətirmiş, həm öz vəkili həm də qarşı tərəfin vəkili orada olmuş, lakin tələbkar gəlməmişdir. Buna görə də vəkillər çıxıb getmiş, özü də bir az gözlədikdən sonra təxminən 12:00-dan sonra uşaqlar məktəbə getməli olduğu üçün uşaqlar göndərmişdir. Daha sonra saat təxminən 12:30 radələrində tələbkar gəlmiş, o da məcbur olub 20-30 dəqiqə ərzində uşaqları yenidən iştirakını təmin etmişdir. Odur ki qeyd olunanların nəzərə alınmasını, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X5 bildirdi ki, tərəflərə saat 11:00-a məlumat verilmiş, hüquqlarını müdafiə etdiyi şəxs vaxtında gəlsə də tələbkar vaxtında gəlməmişdir. Sonradan tələbkar ona məlumat verdikdə uşaqları yenidən geri gətirmişdir. Odur ki, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin qərəzli olaraq üzrsüz səbəbdən icra etməmək kimi bir niyyətinin olmadığını, buna görə də şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, ona əvvəlcə saat 3-də gəlməsi deyilmiş, sonra həmin günü səhər icra məmuru ona zəng edərək saat 11-də gəlməsini bildirmişdir. O isə vaxtında gəlib çata bilməmiş, gecikmişdir. Təxminən saat 12:00-dan sonra icra idarəsinə gəlmiş, uşaqlar orada olmamış, borcluya icra məmuru iradını bildirdikdən sonra təxminən saat 13:00-da uşaqları yenidən gətirmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs vəkili Vəkil bildirdi ki, borclu onun iştirakı ilə icra şöbəsində səs-küy salmış, uşaqları vermək istəməmiş, icra məmurunun tələblərinə əməl etməmişdir. Odur ki, Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, müdafiəçinin və vəkilin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkmədə icra məmuru və tərəflərin izahatından məlum olduğu kimi Şəxs hərəkətlərində icra sənədinin qəsdən icrasında yayınma və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi hal yoxdur. İcra məmuru tərəfindən təyin edilmiş vaxtda borclu uşaqlarla birlikdə icra idarəsində gəlimiş, həmin vaxt tələbkarın vəkili iştirak etsə də, tələbkarın özü orada olmamış, təxminən bir saat sonra tərəflərin vəkilləri getmiş, uşaqların tədris ili başladığı üçün məktəbə hazırlaşması üçün icra yerindən borclu uşaqları göndərmişdir. İcra yerində vaxtında olan borclu bir saat gözlədikdən sonra haqlı olaraq icra yerini tərk etmək hüququ olsa da, bunu etməmiş və daha sonra icra məmurunun tələbi ilə uşaqları yenidən icra idarəsinə gətirmişdir. Bu hərəkətlər Şəxs qərəzli olaraq icradan yayınması və ya icra məmurunun qanuni tələblərinə əməl edilməməsi kimi qiymətləndirilə bilməz. Odur ki, onun əməlində inzibati xəta tərkibinin olmadığına görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. X7 Fərəməz tərəfindən göstərilmiş hüquqi yardıma 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2389/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2389/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver