Məhkəmə qərarları › İş №3(060)-239/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-239/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-239/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs – Şəxs MMMnin nümayəndəsi və müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati xəta haqqında 28 dekabr 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti, ev 78V ünvanında fəaliyyət göstərən Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 28 dekabr 2021-ci il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə ki, Şəxs MMM tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbilərini pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti, ev 78V ünvanda yerləşən iş yerində işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. İnzibati xətaya dair protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim R.Xəlilov) ilə Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti, ev 78V ünvanında qeydiyyatda olan Şəxs MMM (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 20000,00 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Şəxs MMMnin nümayəndəsi və vəkili “Fides” Vəkil Bürosunun vəkili Vəkil qərardan apellyasiya şikayəti verərək, göstərmişdir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə müəssisəyə bildiriş göndərilməmiş,nümayəndənin iştirakı təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-258/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs MMM-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000,00 (iyirmi min) manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 3(060)239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. İnzibati material yenidən araşdırılıb baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs – Şəxs MMM-nin nümayəndəsi və müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati xəta haqqında 28 dekabr 2021-ci il tarixli, MN ******* saylı protokolundan və iş maeirallarından görünür ki, inzibati xəta 02 noyabr 2022-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar inzibati xəta törədildiyi gündən 03 ay müddətinə verilə bilər. Göründüyü kimi hal-hazırda inzibati xətanın törədildiyi tarixdən 6 aydan çox müddət keçmişdir. Odur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati xəta haqqında 28 dekabr 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında başlanılmış inzibati iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İş materiallarından görünür ki, Şəxs MMM barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs MMM tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 02 noyabr 2021ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, İXM Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, Məhkəmə hesab edir ki, Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri, Yasamal rayonu, X7 prospekti, ev 78V ünvanda fəaliyyət göstərən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar