Məhkəmə qərarları › İş №3(060)-2391/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2391/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2391/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis kapitanı X7, zərərçəkmiş şəxs-X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X10 tərəfindən 15 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seryalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, X10 07.07.2021-ci il tarixdə saat 02:25 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12-də vətəndaş Şəhla İsmayılovanın yaşadığı ünvana gələrək ictimai qaydanı pozmuşdur. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 16 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 16 iyul 2021-ci il tarixə təyin olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3cü polis bölməsinin sahə rəisi X10 izahatında göstərdi ki, X10 07.07.2021-ci il tarixdə saat 02:26 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12-də vətəndaş Şəhla İsmayılovanı yaşadığı ünvana gələrək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, 2009-cu ildən qeyri rəsmi yaşadığı Şəxs 07.07.2021-ci il tarixdə təxminən 02:26 radələrində onun yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 72 ünvana gələrək yaşadığı mənzilin qapısını yumuruqla döyərək söyüb təhqir etmişdir. Bu kimi hallar əvvəllər də olduğundan onun barəsində ərazi üzrə polis bölməsinə şikayət etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 07.07.2021-ci il tarixdə təxminən 02:26 radələrində 2009-cu ildən qeyri rəsmi şəkildə yaşadığı X4 yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 8/12, otaq 72 ünvana gələrək əsəbi halda yaşadığı mənzilin qapısını döyüb açmasını tələb etmişdir. Lakin X1 təhqir etməmişdir. Əvvəllər də aralarında mübahisələr olmuşdur. Əməlindən peşmandır. Söz verir ki, bir daha bu cür hərəkətləri təkrarlamayacaqdır. Qeyd olunanların nəzərə alınmasını ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, zərərçəkmişin, protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında icraat aparılan şəxslərin izahatları, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs peşimançılığını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdırılan hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 50,00 (əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar