Məhkəmə qərarları › İş №3(060)-2391/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2391/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2391/2023 13.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis mayoru X1 Qərardan şikayət verən şəxs X2 iştirakı ilə , Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, barəsində Sumqayıt DYPŞ-nin polis mayoru X3 tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Sumqayıt şəhər DYPŞ polis polkovnik-leytenantı X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə barəmdə xx.xx.2023- cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirir ki, o, qeyd edilən pozuntulara yol verməmişdir. Qeyd edilən AR İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük, daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən - Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Lakin o, həmin tarixdə qeyd edilən inzibati xətaları yerinə yetirməmişdir. Buna baxmayaraq, barəsində Sumqayıt DYPŞ-nin polis mayoru X3 tərəfindən əsassız olaraq tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında, heç bir hüquqi əsası olmayan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində şikayətçi olduğu orqanın heç bir əsas olmadan belə bir qərar qəbul etməsi bir vətəndaş kimi onun hüquqlarının pozulmasına və orqana qarşı etimadının azalmasına səbəb olmuşdur. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, o, Abşeron rayonunda qeydiyyatda olsa da, barəsində qərarı tərtib etmiş orqan Sumqayıt şəhəri ərazisində yerləşdiyinə görə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək məcburiyətində qaılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Lakin hal-hazırki işdə onun belə bir vəsatəti mövcud deyil. Qeyd edilənlərə və hüquq normalarına əsasən hesab edir ki, barəsində Sumqayıt şəhər DYPŞ-nin polis polkovnik-leytenantı X6 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə bağlı xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq da bildirdi ki, 23 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Babək küçəsi, “Qold Qayalı” marketin qarşısında 2 zolaqlı yolda sola dönmək istərkən sağ tərəfindən asta sürətlə hərəkət edən “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşının sağ güzgüsünə dəymişdir. Bu zaman o, avtomobildən düşüb nə baş verdiyini öyrənmək istədikdə arxada nəqliyyatın sıx axının olduğunu görüb, yolda tıxac yaranmaması üçün digər avtomobilin sürücüsünə məsələni araşdırmaq üçün avtomobili irəlidə saxlamaqla bağlı işarə vermişdir. O, öz avtomobilində ciddi ziyan dəymədiyini, digər avtomobilin isə sol yan güzgüsünün çatladığını görmüş, hadisə yerinə yol patrul xidməti əməkdaşlarının gəlməməsi, hər ikisi üçün əlavə problemlər yaranmaması üçün zənn etmişdir ki, onun avtomobili qarşıdakı binaların həyətində saxlayaraq məsələni araşdırmaqla bağlı verdiyi işarəni digər avtomobilin sürücüsü anlamışdır. Bundan sonra o, avtomobilini sürərək qarşıdaki işıqforu keçərək sağa binaların həyətinə tərəf dönmüş, lakin “Kia Sportage” markalı avtomobilin sürücüsü işıqfordan sonra onun arxasınca sağa dönməyərək düz istiqamətdə hərəkət edərək getmişdir. Hadisə barədə Polisə müraciət etməmişdir. O, bir nüçə dəqiqə həmin ərazidə gözləmiş, lakin “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil oraya gəlmədiyindən, dəymiş zərərin az olması fikirləşərək, düşünmüşdür ki, digər sürücü də onun gəldiyi qənaətə gəlmişdir. Bu səbəbdən həmin yerdən uzaqlaşmışdır. Hadisə zamanı onun avtomobilində həyat yoldaşı və qızı olmuşdur. Təxminən iki gün Sumqayıt ŞPİ Dövlət yol polis şöbəsindən ona zəng olunmuş, baş vermiş hadisə ilə bağlı şöbəyə dəvət edilmişdir. Məhkəmə iclasında Qərarından şikayət verilən Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis mayoru X3 bildirdi ki, 23 sentyabr 2023-cü il tarixdə xidmətdə olan zaman Sumqayıt şəhər Polis İdarəsinin növbətçi hissəsindən zəng daxil olmuşdur. Vətəndaş Şahid zəng edərək 23 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, Babək küçəsi Qold Qayalı marketin qarşısında “Mitsubishi Pajero” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən uzaqlaşdığını bildirməsi qeyd olunmuşdur. Təxminən 20-25 dəqiqə sonra hadisə yerində olarkən “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid də orada olmuşdur. Baş vermiş hadisənin tam, obyektiv, hərtərəfli araşdırılması məqsədi ilə ətrafda yerləşən iaşə obyektlərinin kameralarına baxış keçirilsə də, hadisə baş verən hissəni tam əhatə edən görüntü əldə etmək mümkün olmamış, həmçinin təhlükəsiz şəhər kamerası da hadisə baş verən yerdən uzaqda yerləşdiyi üçün hadisənin hansı şəraitdə baş verməsini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra 25 sentyabr 2023-cü il tarixdə “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid şöbəyə dəvət olunaraq izahatı alınmış, bu zaman Şahid hadisəni törədən digər avtomobilin “Mitsubishi Pajero” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bildirmişdir. Həmin avtomobilin sürücüsünün X4 olduğu müəyyən edilərək, şöbəyə dəvət edilmiş və 29 sentyabr 2023-cü il tarixdə izahatı alınmışdır. Hesab edir ki, “Mitsubishi Pajero” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Elnur Sərdarov manevr qaydalarını pozaraq sağ tərəfində dayanmış Şahid idarə etdiyi “Kia Sportage” markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin həm sol güzgüsü, həm də sol ön qanadı zədələnmişdir. Bundan başqa qanunvericiliyin tələblərinə əsasən hər bir sürücü baş vermiş bütün yol nəqliyyat hadisəsi ilə bağlı mütləq qaydada müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Lakin özünün də qeyd etdiyi kimi sürücü Elnur Sərdarov qeyd olunan tələbi pozmuşdur. Hesab edir ki, tərəfindən hərtərəfli və tam araşdırılma aparılmış, düzgün qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini, Elnur Sərdarov barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın qüvvəsində saxlanılmasını xahiş edir. Məhkəmə iclasında Şahid bildirdi ki, 23 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində yəta yoldaşına məxsus olan, lakin etibarnamə əsasında idarə etdiyi “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Babək küçəsi Qold Qayalı marketin qarşısında sağ zolaqla hərəkətdə olan zaman qarşısında avtobus dayandığından o da avtomobilini saxlamışdır. Bu zaman anidən səs gəldiyini, “Mitsubishi Pajero” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilinin toxunduğunu görmüş, avtomobilə baxdıqda avtomobilin həm sol güzgüsünün, həm də sol qanadının zədələndiyini görmüşdür. “Kia Sportage” markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomaşını idarə edərək sağ tərəfdə saxlamış, o da maşının orada saxlamışdır. Bu zaman sürücü güzgünü aşağı endirərək nəsə demiş, lakin o, eşitməmiş, bundan sonra sürücü yüksək sürətlə hərəkət edərək yoluna davam etmişdir. O, “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə getsə də, təxminən iki kilometr sonra avtomobil gözdən itmişdir. O, da bu barədə DİN-nin 102 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Hadisə zamanı onun avtomobilində qızı və nəvəsi olmuşdur. Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis mayoru X3 tərəfindən təqdim edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman məlum olmuşdur ki, “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin həm sol güzgüsü, həm də sol qanadı zədələnmişdir. Lakin foto-şəkillərdən həmin zədənin hansı şəraitdə baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırılma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis mayoru X3 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə, həmçinin 01 ədəd DVD diskdən hadisənin hansı şəraitdə baş verməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis mayoru X3 tərəfindən yalnız hadisənin törədilməsində iştirak edən Elnur Sərdarov və Şahid izahatları alınaraq qərar qəbul edilmişdir. Elnur Sərdarov və Şahid hadisə zamanı avtomobillərdə ailə üzvlərinin olduğunu, bundan başqa hadisənin baş verdiyi ərazinin əhalinin sıx hərəkət etdiyi, bir sıra ictimai iaşə obyektlərinin olmasına baxmayaraq Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis mayoru X3 tərəfindən hadisəni görən şəxslərin (şahidlərin) dairəsi müəyyən edilməmiş, həmçinin həmin şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində heç bir tədbir görülməmiş, görülmüş olsa belə bu barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar