Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2394/2025 02.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 16 sentyabr 2025ci il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə "xxxx" MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, "xxxx" MMC tərəfindən 45000.00 Avro məbləğində vəsait 29 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 45000.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilən 16 sentyabr 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X3 bildirdi ki, sözügedən protokol müvəkkil olduqları bank tərəfindən Mərkəzi Banka düzgün məlumat verilməməsi səbəbindən tərtib edilmişdir. Belə ki, onlar 1 milyon 800 min avrodan artıq məbləğdə vəsait hesabına 285 ədəd generator idxal etmişlər. Onlar ödənişləri hissə-hissə etmişlər. 2 il ərzində müqaviləyə uyğun olaraq tam ödəniş həyata keçirilmişdir. Bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Qeyd etdiklərinə əsasən düzgün qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada müraciət edərək, məhkəməyə təqdim edilmiş **********4439 saylı bəyannamə ilə müvafiq malların idxalı öz təsdiqini tapmadığından İnzibati protokol və ona əlavə edilmiş sənədləri sübut qismində qəbul edərək iştirakları olmadan inzibati işə baxaraq "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -"xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış KB-244/2-2137/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3 bəndinə müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün təsdiqedici sənədləri Mərkəzi Banka tədim etmişlər. Sözügedən məktuba əlavə edilmiş siyahıda "xxxx" MMC-nin adı vardır. Məhkəmə iş materiallarını, tərtib edilmiş edilmiş protokolla birgə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol əsaslıdır. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC 45000.00 Avro məbləğində vəsaiti 29 avqust 2023-cü il tarixində xaricə köçürmüş və malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bundan başqa Mərkəzi Bank tərəfində sistem vasitəsilə aparılan yoxlama zamanı mövcud məbləğin avans kodu altında hər-hansısa bir bəyannaməyə bağlılığı da aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokol əsaslıdır. "xxxx" MMC (VÖEN **********) tərəfindən İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. - 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. - 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC (VÖEN **********) İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: AZ 5006, ünvan 1 ünvanında olan "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 45000.00 (qırx beş min) Avro pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 9000.00 (doqquz min) avro məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2394/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2394/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver