Məhkəmə qərarları › İş №3(060)-2397/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2397/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2397/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1966-cı ildə Quba rayonu, Puçuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 23 iyul 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2391/2017 saylı, 11.01.2017-ci il tarixli icra sənədi üzrə X1 olan 4258,11 ABŞ dolları məbləğində borcunu üzürsüz səbəbdən ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2391/2017 saylı, 11.01.2017-ci il tarixli icra sənədinə əsasən ondan 9478 (doqquz min dörd yüz yetmiş səkkiz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə hesablanmaqla) alınaraq X1 verilməlidir. Həmin borcun bir qismini ödəmiş, 4258,11 (dörd min iki yüz əlli səkkiz dollar 11 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Borclu pandemiya dövründə yaranmış vəziyyət ilə əlaqədar olaraq iş yeri olan Laçın Ticarət Mərkəzinin bağlandığından və başqa gəlir yeri olmadığından 2020-ci ilin fevral ayından etibarən borcunu ödəyə bilməmişdir. Hazırda isə böyük ticarət mərkəzləri fəaliyyət göstərdiyindən artıq işinin bərpa olunduğunu, nəticədə ödəniş edəcəyini bildirdi. Məhkəmə baxışı zamanı ödəniş edə bilməmiş, yalnız 1 avqust tarixindən etibarən maaş aldıqda ödəniş edəcəyini qeyd etdi. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından olan Sumqayıt Apellyasiya Məhkəməsinin icra vərəqəsindən görünür ki, Şəxs inzibati xəta haqqında iş üzrə tələbkar X1 9478 (doqquz min dörd yüz yetmiş səkkiz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə hesablanmaqla) məbləğində ödəniş edilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs uzun müddət işləməsinə baxmayaraq borcu tam ödəmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar