Məhkəmə qərarları › İş №3(060)-2397/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2397/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2397/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Səmədli Füzuli Ramiz oğlunun, İnzibati xəta haqqında qərar qəbul etmiş şəxs X2 iştirakı ilə, Səmədli Füzuli Ramiz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından Səmədli Füzuli Ramiz oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Səmədli Füzuli Ramiz oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səmədli Füzuli Ramiz oğlu 12 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Xəzər massivində Fiat Doblo (** PD ***) avtomobili ilə hərəkət edərkən saat 11:56 radələrində Yol Patrul Xidmətinin əməkdaşı onu saxlamış və Sumqayıt şəhər BPİ YPİ YPX-nın inspektoru, polis baş serjantı Məmiyev Sübhan tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verilərkən hərəkətə davam etmə” qeydi olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, “işıqforun yaşıl işığının yanıb sönməsi zamanı yol ayırıcına daxil oludğunu və qanunun bu yol hərəkətini qadağan etmədiyini əsas gətirərək bu protokolun tərtib olunmasına etiraz etsə də inspektor razılaşmamış və protokolu tərtib etmişdir. Protokola etiraz olaraq AsanPay elektron portalında elektron qaydada şikayət etmiş, müraciətlərə baxılma haqqında qanunda qeyd olunan müddət (15 gün) keçməsinə baxmayaraq müraciətə baxılmamış və rəsmi olaraq heç bir cavab verilməmişdir. Bu hal onun aidiyyatı üzrə məhkəməyə müraciətini də gecikdirmişdir. Həmçinin protokolun tərtib olunmasından 20 gündən çox keçməsinə baxmayaraq qanunun tələbi bir daha pozularaq protokolun bir nüsxəsi ona göndərilməmişdir. Bundan əlavə AsanPay portalında cərimə barədə məlumatlar qeyd olunsa da hadisəyə dair heç bir foto və videogörüntülər öz əksini tapmamışdır. xx.xx.2022-ci il tarixdə onunla telefon əlaqəsi saxlanılaraq hadisəyə dair foto, video materialların olub-olmadığına dair heç bir dəqiq söz deyilməmiş, lakin yaxınlaşıb protokolun bir nüsxəsini götürərək şikayət edə biləcəyini bildirmişlər. İXP ******* nömrəli protokola əsasən Sumqayıt şəhər DYPŞ tərəfindən çıxarılmış 12 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Səmədli Füzuli Ramiz oğlu izahatında bildirdi ki, 12 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Xəzər massivində avtomobili ilə hərəkət edərkən saat 11:56 radələrində Yol Patrul Xidmətinin əməkdaşı onu saxlamış və Sumqayıt şəhər BPİ YPİ YPX-nın inspektoru, polis baş serjantı Məmiyev Sübhan tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verilərkən hərəkətə davam etmə” qeydi olunaraq onun əsasında daha sonra “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərar qəbul edilmişdir. O, həmin vaxt polis əməkdaşına “stop” xəttini yaşıl işıqda keçdiyini, lakin qarşısındakı avtomobil yavaş hərəkət etdiyi üçün belə alındığını qeyd etmişdir. Hadisə yerində narazılığını bildirən zaman polis əməkdaşı ona idarədə videogörüntüyə baxa biləcəyini bildirmişdir. Lakin o, dəfələrlə müraciət etməsinə baxmayaraq videogörüntü ona təqdim edilməmişdir. Odur ki şikayətinin təmin olunmasını, barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında qərar qəbul etmiş şəxs X3 izahatında bildirdi ki, Səmədli Füzuli Ramiz oğlu 12 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər Xəzər massivində avtomobili ilə hərəkət edərkən “svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verilərkən hərəkətə davam etmə” qaydasını pozduğu üçün barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati xəta haqqında qərar qəbul edilmişdir. Əgər hadisə yerində videogörüntü olmasa protokol tərtib etməzdi. Səmədli Füzuli Ramiz oğlunun videogörüntüyə baxmaq üçün müraciət etməsindən onun xəbəri olmamışdır. Videogörüntü olsa da hazırda üzərindən çox vaxt keçdiyinə görə görüntünü təqdim edə bilmir. Şikayətin təmin edilməməsini, xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını Məhkəmədən xahiş edir. İş materiallarında olan Səmədli Füzuli Ramiz oğluna təqdim edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Səmədli Füzuli Ramiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 60 (altmış) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. İş materiallarında olan “Asan Ödəniş” sistemindən çıxarışdan görünür ki, Səmədli Füzuli Ramiz oğlu İXP ******* saylı protokol üzrə yazılmış cərimə ilə bağlı bildirişdə foto və video olmaması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” Qanununun 83-cü maddəsinin 2-ci bəndinə əsasən Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatından da görünür ki, inzibati xətanın aşkarlanmasında istifadə olunan foto və video qeydiyyat təqdim edilməmiş, inzibati xəta haqqında qərar qəbul etmiş şəxs də məhkəmə iclasında foto və video görüntünün təqdim olunmasının mümkün olmadığını bildirmişdir. Bu da inzibati xətanın aşkar olunması üçün həmin hadisənin foto və ya video qeydiyyatının mövcud olubolmaması barədə şübhə yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərar ləğv edilməli və Səmədli Füzuli Ramiz oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Səmədli Füzuli Ramiz oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən Səmədli Füzuli Ramiz oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* saylı Qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar