Məhkəmə qərarları › İş №3(060)-2400/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2400/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2400/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:21 radələrində Sumqayıt şəhər, 10-cu mikrorayon ərazisində yerləşən “KontaktHome” mağazasında vətəndaş Zərərçəkmiş şəxs kartından 139 (bir yüz otuz doqquz) manat pul çıxararaq dələduzluq etmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, özünü tam təqsirli bilir. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində kreditini ödəmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olan “KontaktHome” mağazasına getmiş, mağazanın birinci mərtəbəsində adı ona sonradan məlum olan ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs ondan mağazaya nə üçün gəldiyini soruşmuş, o da ona kredit ödəməsi üçün gəldiyini bildirmişdir. Arzu kartında pul olduğunu, nağdlaşdıra bilmədiyini, onun kartından ödəniş etməyini və nəğd pulu ona verməyini xahiş etmişdir. O da onunla razılaşmış, onun kartını alıb ikinci mərtəbəyə çıxmış, orada ödəyəcəyi 18 (on səkkiz) manat krediti ödəmiş, sonra ödəmə etdiyi mütəxəssisə nə qədər borcu qaldığını soruşmuş, o da ona 139,43 (bir yüz otuz doqquz mant qırx üç qəpik) manat borcu qaldığını demişdir. O da həmin pulun kartdan çıxartması demiş, mütəxəssis də kartın ona məxsus olduğunu hesab edərək həmin kartdan 139,43 (bir yüz otuz doqquz mant qırx üç qəpik) manat pul çıxıb krediti tamamilə bağlamışdır. Bundan sonra o kartı götürüb birinci mərtəbəyə düşərək 20 (iyirmi) manat pulu və kartı Arzuya qaytarıb ona kartından cəmi 20 (iyirmi) manat pul cıxartdığını demiş, o da ona inanmışdır. Arzunun yanında olan yaşlı qadın da ona 02 (iki) manat pul qaytarmışdır. O onlardan uzaqlaşmaq istədikdə Arzu ona kartdan çox pul çıxdığını deyib onu saxlamış və ona məsələni aydınlaşdırmaq üçün ikinci mərtəbəyə çıxmaqlarını demişdir. O isə razılaşmamış və onlardan uzaqlaşaraq qaçıb getmişdir. Hal-hazırda 45 (qırx beş) manat ödədiyini və bir daha belə əməllər törətməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində nənəsi X1 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində olduğu zaman üzərində pul olmadığını görmüş, yaxınlıqda olan “KontaktHome” mağazasına daxil olub orada kredit ödəyən şəxslərə krediti onun kartından ödəyib nağd pulu ona vermələrini xahiş etməyi fikirləşmişdir. Bundan sonra o yaxınlıqda olan “KontaktHome” mağazasına daxil olmuşdur. Mağazanın içərisində adı sonradan ona məlum olan ünvan 1 ünvanında yaşayan Şəxs görmüşdür. Anardan mğazada nə etdiyini soruşmuş, o da ona kredit ödəmək üçün gəldiyini bildirmişdir. O, Anara ona nağd pul lazım olduğunu, krediti onun kartından ödəyib nəğd pulu ona verməsini xahiş etmişdir. Anar da onunla razılaşmış və o ondan kartı götürüb ikinci mərtəbəyə çıxmışdır. Bir qədər sonra geri qayıdıb ona 20 (iyirmi) manat pul və kartını verərək kartından 20 (iyirmi) manat pul çıxarıldığını demişdir. Həmin vaxt onun kartından 139,43 (bir yüz otuz doqquz mant qırx üç qəpik) manat pul çıxılması barədə telefonuna mesaj gəlmişdir. O Anara kartından 139,43 (bir yüz otuz doqquz mant qırx üç qəpik) manat pul çıxıldığını, yuxarıya qalxaraq bu məsələni araşdırmaqlarını bildirdikdə Anar mağazadan çıxıb getmişdir. O da bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə yazmışdır. Hal-hazırda Şəxs tərəfndən ona 45 (qırx beş) manat ödənildiyini və qalan məbləği isə gələcəkdə ödəyəcəyinə söz verdiyini bildirərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından o inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxsxx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2022ci il tarixdə saat 15:00 radələrində azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:21 radələrində Sumqayıt şəhər, 10-cu mikrorayon ərazisində yerləşən “KontaktHome” mağazasında vətəndaş Zərərçəkmiş şəxs kartından 139 (bir yüz otuz doqquz) manat pul çıxararaq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, ona 160 (yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar