Məhkəmə qərarları › İş №3(060)-2404/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2404/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2404/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 27 may 2021-ci il tarixli TP ******* №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 27 may 2021-ci il tarixli TP ******* №li qərarının ləğv edilməsi, barəsində İXM-nin 327.6 və 327.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, hadisə baş verən günü yəni 20.05.2021-ci il tarixdə o, bir gün qabaq dünyasını dəyişmiş qardaşı X5 dəfni ilə bağlı qardaşının ölümü və koronavirus xəstəsi olmaması ilə barədə arayış almaq üçün Sumqayıt Asan Xidmət Mərkəzinə getməli olmuş və ona məxsus olan Mazda CX5 markalı 01CA578 dövlət qeydiyyat nişanlı avtomaşını Sumqayıt şəhər Koroğlu- Lermontov ərazisində idarə edərkən qəfil səs eşitmiş və idarə etdiyi avtomaşını saxlamışdır. Həmin vaxt maşına baxmış və hər hansı bir zədənin olmadığını, başqa bir maşının isə yol kənarındakı bardura dəydiyini görmüş, bu hadisənin onunla hər hansı bir əlaqəsinin olmadığını düşünərək maşınla yoluna davam etmişdir. Təxminən 6-7 dəqiqə sonra maşını saxladığı Sumqayıt Asan Xidmət Mərkəzinin qarşısında iki nəfər yol polis əməkdaşları ona yaxınlaşaraq bildirmişlər ki, həmin ərazidə baş vermiş hadisəyə səbəb onun idarə etdiyi maşının dönmə qaydasını pozması olmuşdur, lakin o, hadisə yerindən yayınmışdır. O, həmin ərazidə maşını idarə edərkən səs eşitdiyini, maşınında hər hansı bir zədə olmadığını və təqsirsiz olduğunu düşünərək yoluna davam etdiyini demiş və hadisə yerindən qaçmadığını, lazım gələrsə gedib izahat da verməyə hazır olduğunu bildirmiş, lakin polis əməkdaşları onun qardaşının dəfn mərasimi günü olduğunu bilib ona bildirmişlər ki, «işinizlə məşğul olun, lazım gələrsə sizi dəvət edərik». Bundan sonra o, Asan Xidmət Mərkəzindən tələb olunan arayışı da götürməklə qardaşının dəfn yerinə gedərək onu dəfn etdirmişdir. O, qardaşının yeganə varisidir, qardaşının ondan başqa heç kimi yoxdur. Bu hadisədən 2 ay sonra isə ona elektron qərar göndərilmiş və həmin elektron qərarın məzmunundan ona aydın olmuşdur ki, o, həmin gün baş vermiş hadisə ilə bağlı 2 maddədə İXM-nin 327.6 və 327.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin maddələrin mənasına görə o, dönmə qaydasını pozmuş və guya hadisə yerindən qaçmışdır. Halbuki o, hadisənin onun təqsiri üzündən olduğunu bilməmiş, maşınının üzərində hər hansı bir zədə olmamış və maşından düşüb bunu müayinə etdikdən sonra maşına əyləşərək yaxınlıqdakı Asan Xidmət mərkəzinə getmişdir. Əgər o, bu hadisədə hər hansı bir günahının olduğunu həmin an bilsəydi, polisin gəlişini gözləyərdi. Yalnız hadisədən bir neçə dəqiqə sonra polis əməkdaşı ona yaxınlaşanda onun deməsindən ona aydın olmuşdur ki, həmin ərazidə bir maşın yol kənarına dəyərək zədə almışdır. Lakin o, həmin vaxt polis əməkdaşına hadisə yerindən qaçmadığını və izahat verməyə hazır olduğumu demiş, lakin onun qardaşının dəfn edildiyini bildikdə o lazım olduğu təqdirdə onu dəvət edərək izahat alacağını demişdir. Digər tərəfdən həmin ərazidə şəhər müşahidə kameraları olmuşdur, o, başa düşür ki, əgər o, hadisə törətmişdirsə, həmin kameralarla anında onun yerini müşahidə etmək olar, maşını da gizlətməmişdir, 7-8 dəqiqədən sonra da polis əməkdaşı onun olduğu yerə gələrək onu sorğu-sual etmiş və o, da məsələyə aydınlıq gətirmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 05.07.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 10 avqust 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsindəki Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 27 may 2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 barəsində 27 may 2021-ci il tarixdə TP ******* saylı qərar qəbul edilərək X3 barəsində İXM-nin 327.6 və 327.1-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. İş materialında olan Sumqayıt şəhər X8 və X6 Stansiyasının 20 may 2021-ci il tarixli, 1031 №li arayışından görünür ki, vətəndaş X2 ərizəsinə cavab olaraq, Sumqayıt şəhər Təcili və X6 stansiyasının müdirriyyəti bildirmişdir ki, 19.05.2021-ci il tarixdə saat 22:34-də Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 22/3, mənzil 35 ünavnında yaşayan 1958-ci il təvəllüdlü X5 adına 116 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1958-ci il təvəllüdlü X5 meyidi aşkar edilməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə çəkilmiş foto, video və sair materialları) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən şöbə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi X2 İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 hadisə zamanı qəfil səs eşitməsi, idarə etdiyi avtomaşını saxlaması, həmin vaxt avtomobilində hər hansı bir zədənin olmaması, 6-7 dəqiqə sonra maşını saxladığı Sumqayıt Asan Xidmət Mərkəzinin qarşısında iki nəfər yol polis əməkdaşlarının X3 yaxınlaşması, qardaşının ölümü ilə əlaqədar sənəd alması üçün Sumqayıt Asan Xidmət Mərkəzinə gəlməsi və sonra qardaşının dəfnində iştirak etməsi kimi işin həqiqi halları X2 yol nəqliyyat hadisəsi yerindən yayınması kimi qiymətləndirilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin TP ******* №li 27 may 2021ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar