Məhkəmə qərarları › İş №3(060)-2406/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2406/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2406/2025 21.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X7 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 19 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 19 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən vətəndaş X8 Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhəri 2 saylı tam orta məktəbində əmək hüquqlarının pozulması ilə əlaqədar müraciəti ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən İdarə rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-67252/2025 nömrəli məktubla aidiyyəti sənədlər 7 (yeddi) iş günü müddətində tələb olunsa da təqdim edilməmiş və nəticədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X20 protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, elektron sistemdə əmək müqaviləsinin Abşeron-Xızı Regional İdarəsi ilə bağlandığı görünür və onlar lazımi sənədləri təqdim etmədikləri üçün protokol tərtib olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X12 bildirmişdir ki, Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Abşeron-Xızı Regional Təhsil İdarəsinin işçisidir və yuxarı struktur olaraq aşağı strukturun hərəkətlərinə görə onlar cavabdehdirlər. İstənilən hüquqi şəxs işçisinin əməlinə görə məsuliyyət daşıyır və bu səbəbdən də sənədləri Abşeron-Xızı Regional Təhsil İdarəsi təqdim etməli idi. Məktəb Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindədir. Protokolun tərtib edilməsinin əsas səbəbinin məktuba cavab verilməməsi və lazımi sənədlərin Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən təqdim edilməməsi olduğunu bildirmiş və məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi X10 tərəfindən Sumqayıt şəhər Məhkəməsinə ünvanlanmış etirazdan görünür ki, Xırdalan şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülnaz Kərimova barəsində olan əmək müqaviləsi və müvafiq əmrlər, o cümlədən məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmış X8 əmək münasibətlərinə dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən açıq şəkildə görünür ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi məktəb və onun işçilərinə münasibətdə işəgötürən statusuna malik deyildir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli KQ-15 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların” siyahısı təsdiq edilmişdir. Qeyd olunan kollegiya qərarı ilə də təsdiqini tapır ki, təhsil müəssisələri ayrıca hüquqi şəxs olmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin strukturuna daxil deyildir. Müfəttişlik tərəfindən İdarə barəsində inzibati protokol tərtib edilərkən təhsil qanunvericiliyinin və Kollegiyanın qeyd olunan qərarının tələbləri nəzərə alınmamış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə İdarəyə münasibətdə yalnız formal qaydada tətbiq edilmişdir. Halbuki, İdarə məktəbin işçilərinə münasibətdə əmək münasibətlərinin tərəfi və ya işəgötürən hüquqi şəxs hesab oluna bilməz. Məktəb Nazirliyin Kollegiya qərarı ilə İdarənin tabeliyinə təhsil sahəsində nəzarət məqsədilə verilmiş, İdarənin strukturuna daxil edilməmiş və özünün möhürü, Nazirlik tərəfindən ayrılan büdcəsi, nizamnaməsi olmaqla, hüquqi şəxs və işəgötürən statusunu saxlamışdır. Bu səbəbdən, inzibati məsuliyyət daşımalı olan tərəf məhz işəgötürən olan məktəb rəhbəridir, Regional Təhsil İdarəsi deyil. X11 müraciəti üzrə sənədlər məktəb direktoru Gülnaz Kərimova tərəfindən müfəttişliyə təqdim olunmuş, direktor Gülnaz Kərimova barəsində İXM-in 539.3-cü maddəsi ilə başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata əməldə inzibati xətanın tərkibi olmadığına görə müfəttişliyin xx.xx.2025-ci il tarixli, MN0208967 saylı qərarı ilə xitam verilmişdir. Məhkəmədən Abşeron-Xızı Regional Təhsil İdarəsinin barəsində qanuni əsas olmadan hüquqi şəxs qismində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli iclaslarında iştirak edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi X10 izahatında bildirmişdir ki, X14 Xidmətinin X7 sorğunu müəssisəyə göndərməli olduğu halda Abşeron-Xızı Regional Təhsil İdarəsinə göndərmişdir. Xırdalan şəhər 2 saylı tam orta məktəbi özü müstəqil hüquqi şəxsdir və onların strukturuna daxil deyildir. Həmin hüquqi şəxslərin özünün ayrıca nizamnaməsi vardır. Elektron sənəd dövriyyəsi vasitəsilə daha tez cavablandırmağı təmin etmək məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğular gəldikdə əgər onların səlahiyyətlərinə aiddirsə onlar özləri cavab verirlər, aid olmadığı halda isə aidiyyəti üzrə digər hüquqi şəxslərə göndərirlər. Bu məsələdə də X14 Xidmətinin X3 sorğunun onlara aid olmadığı barədə xx.xx.2025-ci il tarixdə məktub ünvanlanmışdır. Həmçinin, onlar Xırdalan şəhər 2 saylı tam orta məktəbə də sorğunu ünvanlamış və müfəttişliyin məktubu barədə xəbərdar etmişlər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin məktəb direktorunu və ya müəllimi işə götürmək kimi səlahiyyəti yoxdur, təhsil idarəsi yalnız nəzarət funksiyasını həyata keçirir. Həmin direktoru işə götürən də Təhsil Nazirliyidir. Elektron sistemdə Abşeron-Xızı Regional İdarəsinin adının düşmə səbəbi isə budur ki, əmək müqaviləsində VÖEN nəzərdə tutulduğu üçün 2023-cü ildən sonra maliyyə məsələləri üzrə əmək və məşğulluq altsistemində Abşeron-Xızı Regional İdarəsinin VÖEN-i qeyd olunmuşdur. Çünki məktəbin VÖEN-i yox idi. X14 Xidmətinin X7 tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində tərtib edilmiş protokol əsassızdır. İşəgötürən Xırdalan şəhər 2 saylı tam orta məktəbdir və bütün sənədlər müstəqil hüquqi şəxs olaraq məktəb tərəfindən hazırlanmışdır. X14 Xidmətinin X7 tərəfindən, həmçinin direktor barəsində də protokol tərtib edilmişdir və bununla da onlar özləri-özlərini təkzib etmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X8 Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhəri 2 saylı tam orta məktəbində əmək hüquqlarının pozulması ilə əlaqədar müraciəti ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən İdarə rəhbərliyindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-67252/2025 nömrəli məktubla aidiyyəti sənədlər 7 (yeddi) iş günü müddətində tələb olunsa da təqdim edilməmişdir. X14 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-84599/2025 nömrəli məktubdan görünür ki, X8 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X14 Xidmətinin X3 təqdim edilməsi ilə əlaqədar 3-17-5/2-67252/2025 nömrəli xx.xx.2025-ci il tarixli müvafiq sorğu məktubu Abşeron-Xızı Regional Təhsil İdarəsinə göndərilmiş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Abşeron-Xızı Regional X1 tərəfindən edilmiş müraciətdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.4-cü maddəsinə əsasən, hamiləlik və doğuş məzuniyyəti dövründə əmək müqaviləsinin müddəti bitərsə, bu müqavilə məzuniyyətin sonunadək uzadılmalıdır. Lakin əmək müqaviləsinə 9 oktyabr 2024-cü il tarixində xitam verildiyi bildirilmiş və bu hal qanuna ziddir. Bununla əlaqədar olaraq, əmək müqaviləsinin məzuniyyət müddəti başa çatana qədər uzadılmasını və iş yerinin saxlanılmasını xahiş etmişdir. X14 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-67252/2025 nömrəli məktubundan görünür ki, X8 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X14 Xidmətinin X3 təqdim edilməsi ilə əlaqədar sorğu məktubu Abşeron-Xızı Regional Təhsil İdarəsinə göndərilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, idarəyə göndərilmiş X14 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli 3-17-5/2-67252/2025 nömrəli məktubu Xırdalan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinə göndərilmiş və tələb olunan sənədlərlə cavab məktubunun yazılması məktəbə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin filialı Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru (işəgötürən) X5 (işçi) X6 ilə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli 238 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışdan görünür ki, “Abşeron məktəbləri/Xırdalan Şəhər 2 nömrəli tam orta məktəb” bölməsində “İbtidai sinif müəllimi” vəzifəsində işləyən X13 ilə bağlanılmış 6269M8Q000400 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.”b”- əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”nda Xırdalan şəhəri 2 nömrəli məktəb tam orta ümumtəhsil müəssisəsi ayrıca hüquqi şəxs olmaqla, İdarənin strukturuna aid olmadığı qeyd edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli MN0208967 nömrəli qərardan görünür ki, vəzifəli şəxs X5 barəsində DƏMX-nin X4 tərəfindən Azərbaycan Respublikasının 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol üzrə icraata barəsində protokol tərtib edilmiş orqanın inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, DƏMX-nin X4 tərəfindən vətəndaş X8 müraciəti əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsinə xx.xx.2025-ci il tarixdə məktub yazaraq müraciətin cavablandırılması və tələb olunan sənədlərin təqdim edilməsi xahiş edilmiş, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən qeyd edilən məktub aidiyyəti üzrə Xırdalan şəhər 2 nömrəli orta məktəbə göndərilmiş və bu barədə DƏMX-nin X4nə məlumat verilmişdir. Məhkəmə hesab edir ki, DƏMX-nin X4 tərəfindən inzibati xəta haqqında protokol Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində düzgün tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 1.11-ci bəndinə əsasən Qanuna uyğun olaraq ümumi təhsil müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Ümumi təhsil müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Həmin Nizamnamənin 5.15-ci bəndinə əsasən direktor ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır (5.15.1); ümumi təhsil müəssisəsini dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qurumlarla və digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir (5.15.2); təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkilini və onun monitorinqinin həyata keçirilməsini təmin edir (5.15.3); ümumi təhsil müəssisəsində sağlam və təhlükəsiz tədris mühitinin yaradılmasını təmin edir (5.15.4); ümumi təhsil müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir (5.15.5); təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər verir və sənədlər (o cümlədən, ümumi təhsil müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir (5.15.6); müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlini və ayrılmış büdcə vəsaiti çərçivəsində xərclər smetasını ümumi təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla təsdiq edir (5.15.7); ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir (5.15.8); ümumi təhsil müəssisəsinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nümunəvi Nizamnamənin 5.16-cı və 7.7-ci bəndləri nəzərə alınmaqla), ümumi təhsil müəssisəsinin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir (5.15.9); ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir (5.15.10); Pedaqoji Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir (5.15.11); özünün və ümumi təhsil müəssisəsinin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir (5.15.12); Pedaqoji Şura qarşısında ümumi təhsil müəssisəsinin tədris məsələlərinə dair və tabe olduğu dövlət orqanı (qurumu) qarşısında ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir (5.15.13); ümumi təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir (5.15.14); ümumi təhsil müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nümunəvi Nizamnamənin 3.1.30-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir (5.15.15); bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində ümumi təhsil müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə ümumi təhsil müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri ümumi təhsil müəssisəsinin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir (5.15.16); ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qruplar yaradır (5.15.17); ümumi təhsil müəssisəsinin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür (5.15.18); kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir (5.15.19); müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir (5.15.20); kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür (5.15.21); ümumi təhsil müəssisəsinin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir (5.15.22). Yuxarıda qeyd edilən Nizamnamənin tələblərindən görünür ki, ümumi təhsil məktəbi müstəqil hüquqi şəxsdir və əmək münasibətlərinin birbaşa tərəfidir, müəssisənin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Eyni zamanda, əmək müqaviləsinin bağlanması və işəgötürən funksiyalarının həyata keçirilməsi məhz Nizamnamə ilə məktəb direktorunun səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi Xırdalan şəhər 2 nömrəli tam orta məktəb ayrıca hüquqi şəxs olmasına baxmayaraq DƏMX-nin X4 tərəfindən protokol əsassız olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində tərtib edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli MN0208967 nömrəli qərardan da görünür ki, vəzifəli şəxs X5 barəsində DƏMX-nin X4 tərəfindən Azərbaycan Respublikasının 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, təqdim edilmiş sübutlar və izahatlar əsasında məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinın barəsində Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar