Məhkəmə qərarları › İş №3(060)-2409/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2409/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2409/2025 03.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 17 sentyabr 2025-ci il tarixli, 00700-00135/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, MMC tərəfindən “OOO KOMPOZİT T.A”-ya satılmış 960 (doqquz yz altmış) ABŞ dolları dəyərindəki mallar üçün alıcı tərəfdən xx.xx.2025-ci ildə "xxxx" QSC-dəki hesablaşma hesabından MMC-nin "xxxx"-dakı hesabına 960 (doqquz yz altmış) ABŞ dolları köçürülmüşdür. Lakin, MMC-nin heç bir təqsiri olmadan və məlum olmayan səbəblərdən vasitəçi Bank, bu köçürməni ləngitmiş və yalnız iki ay sonra xx.xx.2025-ci il tarixində vəsaiti alıcı şirkətə geriyə alıcının hesablaşma hesablarına qaytarmışdır. Vəsaitin daxil olmaması haqqında qarşı tərəfə məlumat verildikdən sonra alıcı şirkət yeni ödəni tapşırığı ilə bu dəfə başqa bir bank – "xxxx" ASC bankdakı hesabından ödənişi həyata keçirmişdir. Bu dəfə qeyd edilən məbləğ 960 (doqquz yz altmış) ABŞ dolları 2025-ci il tarixində MMC-nin hesabına daxil olmuşdur. Bu fakt “OOO KOMPOZİT T.A” tərəfindən göndərilmiş məktublardan da açıq aydın görünür. Bu ləngiməni MMC-nin təqsiri üzündən baş verməməsi Gömrük İdarəsinə bildirilsə də, buna əhəmiyyət verilməmiş və barəsində inzibati protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 sentyabr 2025-ci il tarixli, 00700-00135/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, DGK X1 Sistemi - konsiqnasiya üzrə hesabat bölməsi informasiya sistemindən alınmış məlumata əsasən Azkompozit” MMC ilə Tacikistan respublikasında fəaliyyət göstərən “QOQ Kompozit” T.A şirkəti arasında bağlanılmış xx.xx.2025-ci il tarixli 02/25-AZKTA nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə xx.xx.2025-ci il tarixli **********1732 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində milli valyutaya nisbətdə 1632 AZN təşkil edən 960 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində, yəni 197 gün sonra köçürülmüşdür. 180 günlük müddət isə xx.xx.2025-ci il tarixində tamamlanmışdır. 960 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində qaytarılmamışdır. - xx.xx.2025-ci il tarixli valyuta köçürməsindən görünür ki, xx.xx.2025-ci il tarixli, 02/25-AZKTA nömrəli müqavilə üzə xx.xx.2025-ci il tarixli, Cİ-002/25 saylı invoysa əsasən 960 ABŞ dolları "xxxx" MMC tərəfindən Şəxs MMC-nin hesabına ödənilmişdir. - **********1732 nömrəli xx.xx.2025-ci il tarixli yük gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən Tacikistan Respublikasıında fəaliyyət göstərən OOO” Kompozit” şirkətinə 960 ABŞ dolları məbləğində mallar ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********1732 nömrəli xx.xx.2025-ci il tarixli yük gömrük bəyannaməsi ilə Tacikistan Respublikasıında fəaliyyət göstərən “OOO Kompozit” şirkətinə 960 ABŞ dolları məbləğində mallar ixrac edilmişdir. Qeyd edilən vəsait xx.xx.2025-ci ildə Şəxs MMC-nin "xxxx" ASC-də olan hesabına köçürlüsə də, həmin vəsait sonradan geri qaytarılmışdır. Budan sonra xx.xx.2025-ci il tarixdə “OOO Kompozit” şirkəti başqa bank vasitəsi ilə qeyd edilən məbləğdə vəsaiti Şəxs MMC-nin hesabına köçürmüşdür. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil. Belə ki, pul vəsaitinin Şəxs MMC-nin hesabına gecikmə ilə köçürülməsində həmin MMC-nin təqsiri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumu qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114-15 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar