Məhkəmə qərarları › İş №3(060)-241/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-241/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-241/2025 31.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 25695760 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin EQ 25695760 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Nuranə Orucova şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Nuranə Orucova şikayətini onunla əsaslandırmışdır ki, EQ 25695760 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o, İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat 2 bal cərimə edilir. İnzbati xəta haqqında protokol nəqliyyat vasitəsində bacısı uaşaqları ilə birlikdə əyləşdiyi halda tərtib edilərək sms bildiriş vasitəsilə onun mobil nömrəsinə göndərilmişdir. Qeyd edir, yolun hərəkət hissəsində avtomobilnini saxlasa da, bu heç cəmi 2 dəqiqə çəkməmiş yol kənarındakı köşkədən oğlu üçün su almaq üçün avtobildən düşmüşdür. SMS vasitəli protokol ona göndərilən kimi dərhal avtomobilinə yaxınlaşmış və oradan uzaqlaşmışdır. Hesab edir ki, protokol tərtib edilərkən avtomobilində kənar şəxs olmuş, bu səbəbdən qəbul edilən qərar qanunsuzdur, ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət verən Nuranə Orucova verilmiş suallara cavab olaraq bildirdi ki, o, “Nissan Note” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə övladının halı pisləşmiş, o da köşkdən su almaq üçün avtomobili yolun fotoşəkildə görsənən hissəsində saxlamalı olmuşdur. Avtomobili 14 mərtəbə deyilən ərazini keçəndən sonra poçtun yanında saxlamışdır. Qeyd edir ki, həmin yerdə avtomobili saxlamağın qadağan olduğunu bilmiş, lakin avtomobilin içində sərnişin olduğu və tez bir zamanda geri qayıdacağını düşünərək köşkə düşmüşdür. Lakin təxminən 2 dəqiqədən sonra qayda pozuntusu etməsi barədə tərtib edilmiş protokol onun mobil telefonuna göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını və xx.xx.2025-ci il tarixli, EQ 25695760 saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, C1569D17F2379200 saylı kameradan çəkilmiş xx.xx.2025-ci il tarixli fotodan görünür ki, NİSSAN NOTE minik markalı, ** CN *** dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında 2-ci cərgədə dayanmış, digər hərəkət iştirakıçılarının hərəkətinə ciddi maneə törətmişdir. Fotoşəkildən onu da görmək olur ki, həmin avtomobilin sağ hissəsi avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş hissədir sıra ilə çoxlu sayda avtomobil park edilmişdir. Park edilmiş sonuncu avtomobil “KİA SPORTAGE” markalı avtomobildir və onun arxasında avtomobil park etmək üçün boş yer olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə X1 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. “Yol hərəkəti haqqında” Qanununun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Həmin Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə görə Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Məhkəmə iclasında qərardan şikayət edən şəxs Nuranə Orucova qayda pozuntusu etdiyini etiraf etmiş, lakin bu halı onunla izah etmişdir ki, bu halı cəmi iki dəqiqəlik müddətdə köşkdən uşağı üçün su almaq üçün etməsi ilə izah etmiş, eyni zamanda bildirmişduir ki, həmin vaxt avtomobildə yaxın qohumu bacısı onun uşaqları ilə birlikdə əyləşmişlər. Məhkəmə onu da qeyd edir ki, həmin vaxt avtomobilin yolun hərəkət hissəsində məcburi dayanması üçün hər hansı əsas olmamış, bu barədə təsdiqləyici sübut məhkəməyə təqdim edilməmiş, fotoşəkildən bu hal müşahidə edilməmişdir. Göründüyü kimi Nuranə Orucova həqiqətən də istifadəsində olan qeyd edilən avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Nuranə Orucovanın inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin EQ 25695760 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qayda pozuntusunun əks olunduğu fotoşəkil iş materiallarında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar