Məhkəmə qərarları › İş №3(060)-2410/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2410/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2410/2024 02.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 3(060)-537/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmiş, bununla da, o, İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Orxan Bağırov izahatında bildirdi ki, Ağdam rayon Məhkəməsinin 2(013)-331/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu il təvəllüdlü Aliyə, xx.xx.2011-ci il təvəllüdlü Zəhra Qəriblilərin və Nuran Qəribovun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borcludan tələbkar X1 xeyrinə hər ay, hər uşaq üçün 100 (yüz) manat, ümumillikdə 300 (üç yüz) manat aliment tutulmalıdır. İcra sənədi ilə icrası ilə əlaqədar borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış və icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Bundan öncə Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati qaydada da həbs olunmuşdur. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Tələbkar ona bügün 400 manat ödəniş edildiyini təsdiq etdiyini, lakin qalıq aliment borcunun tam olaraq ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Orxan Bağırov ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 04 mart 2024-cü il tarixdə borclu barəsində ilk dəfə protokol tərtib edilərkən sonuncunun tələbkara 2100 manat ödənilməmiş aliment borcu olmuşdur. Məhz bu səbəbdən protokol tərtib edilmişdir. Həmin vaxtdan bu günədək borclu həm aylıq aliment borcunu, həm də ötən dövrdən qalan borcundan qismən ödəniş etmiş, 1870 manat ödənilməmiş borc qalmışdır. Əlavə olaraq bildirir ki, tələbkar böyük qızının bir ay atasının yanında qaldığını nəzərə alıb aliment borcundan 100 manat güzəşt etmişdir. Qeyd edir ki, tələbkar borcun ödətdirilməsini ondan tələb edir, bu səbəbdən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Ağdam rayon Məhkəməsinin sözügedən icra vərəqəsinə əsasən onun Gülnar Məmmədovaya 1870 manat aliment borcu vardır. Bildirir ki, avtomobil rəngsazı işləyir, rəsmi iş yeri olmasa da vaxtlı-vaxtında aliment öhdəliyini yerinə yetirir. Qeyd edir ki, o, məsuliyyətə cəlb edildiyi gündən bu günədək ümumi borcundan 2230 manat olmaqla xx.xx.2024-cü il tarixdə 300, xx.xx.2024-cü il tarixdə 300, xx.xx.2024-cü il tarixdə 100, xx.xx.2024-cü il tarixdə 300, xx.xx.2024-cü il tarixdə 200, xx.xx.2024-cü il tarixdə 300, xx.xx.2024-cü il tarixdə isə 400 manat aliment ödəmişdir. Bu barədə olan qəbzləri məhkəməyə təqdim edir. Həmçinin 1 aydır ki, böyük qızı onunla birlikdə yaşayır. O, aliment borcunu ödəməkdən heç bir vaxt yayınmamışdır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Ağdam rayon Məhkəməsinin 2(013)-331/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2009-cu il təvəlüdlü Aliyə Qəribli, xx.xx.2011-ci il təvəllüdlü Zəhra Qəribli və Nuran Qəribovun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan tələbkar X1 xeyrinə hər ay, hər uşaq üçün 100 (yüz) manat, ümumillikdə 300 (üç yüz) manat aliment tutulmalıdır Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-537/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs ümumlikdə 2100 manat aliment borcunu ödəmədiyi üçün İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati qaydada da həbs olunmuşdur. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, könüllü icra barədə bildiriş və qərar ona təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-338/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılsın. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Gülnar Məmmədovanın bank hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2230 manat aliment ödənilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edildiyi tarixdən hal-hazıradək aliment öhdəliyini vaxtlıvaxtında yerinə yetirmiş, hətta bundan əvvəl inzibati məsuliyyətə cəlb edilməsinə əsas olmuş aliment borcundan da qismən ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sonuncunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur və İXM-nin 528.1-1-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ağdam Rayon Məhkəməsinin qeyd olunan icra sənədi üzrə borclu Şəxs 1870 manat məbləğində aliment borcunu ödəmədiyini əsas götürən icra məmuru inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi qənaətinə gəlmiş və İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin işin məhkəmə araşdırması zamanı məhkəmə tam fərqli mənzərənin şahidi olmuşdur. Belə ki, borclu Şəxs sonuncu dəfə inzibati məsuliyətə cəlb edildiyi 04 mart 2024-cü il tarixdən bu günədək ümumilikdə tələbkara 2230 manat aliment ödəmişdir ki, həmin 7 ay ərzində ödəməli olduğu vəsait tələbkarın güzəşt etdiyi 100 manat çıxılarsa 2000 (iki) manat təşkil etmişdir. Belə olan halda borclunun köhnə borcundan da 230 manat ödədiyi məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Göründüyü kimi görülmüş icra tədbirləri nəticəsində Şəxs 04 mart 2024-cü il tarixdə inzibati məsuliyyət cəlb edildikdən sonra vaxtlı vaxtında aylıq aliment borcunu ödəmiş, hətta məsuliyyətə cəlb edilməsinə əsas olmuş borcundan da qismən ödəniş etmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Lakin məhkəmə iclasında İXM-nin 528.1-1-ci maddəsinin hər hansı tərkib əlaməti məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qanunun yuxarıda qeyd olunan normalarının tələbindən çıxış edərək məhkəmə hesab edir ki, icra məmuru qanunla nəzərdə tutulmuş mümkün icra tədbirlərini həyata keçirmiş, borclu tərəfindən həm aylıq aliment borcunun, həm də əvvəlki aylar üzrə yığılmış aliment borcundan tələbkarın xeyrinə ödəmələrin həyata keçirilməsini qismən təmin etmişdir. İndiki halda Şəxs barəsində daha sərt inzibati təsir tədbirlərinin tətbiq edilməsini məhkəmə qanunun tələbi baxımından məqsədə müvafiq hesab etmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, məhkəmə hazırda Şəxs hərəkətlərində İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olmaması qənaətinə gəlir, hesab edir ki, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, hüquqi yardım göstərilməsini vəkil X4 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar