Məhkəmə qərarları › İş №3(060)-2411/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2411/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2411/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X2 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05.07.2021-ci il tarixli, 12000/5193 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X5 şikayətlə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05.07.2021-ci il tarixli, 12000/5193 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi X6 şikayəti onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən 05.07.2021-ci il tarixli, 12000/5193 saylı inzibati xəta barədə qərara qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməmişdən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi X4 özünün 25 iyun 2021-ci il tarixli 1800- 013/001-26/001138 saylı, məktubla 25 iyun 2021-ci il tarixli 12000-5188/21 saylı protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 05 iyul 2021-ci il tarixə saat 15:00-a təyin edilməsi barədə məktub X2 ünvanına 02 iyul 2021-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət X7 Ərazi Baş Gömrük İdarəsi tərəfindən X5 barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 12000/5193 saylı, 05 iyul 2021-ci il qərar 12 iyul 2021-ci il tarixdə X2 ünvanına rəsmi qaydada daxil olmuşdur. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas - xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması hallarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, malların (işlərin, Komitələrin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, Komitələr) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş istər 12000-5188/21 saylı protokolda və 12000/5192 saylı inzibati xəta barədə qərarda qərarın və protokolun tərtib edilməsi üçün əsas X5 tərəfindən 22.11.2017-ci il tarixdən 09.01.2018-ci il tarixə qədər rəsmiləşdirilən 22 bəyannamə üzrə 175260 ABŞ dolları məbləğində vəsaitin bank hesabına köçürülməməsi qeyd olunmuşdur. Belə ki, Azərbaycan- Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Gömrük qaydalarına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bununla da sübut olunur ki, Azərbaycan Respublikası Dövlət X7 Ərazi Baş Gömrük İdarəsi tərəfindən X5 barəsində inzibati xəta üzrə icraat aparıla bilməzdi. Asif Kərimova İXM-nin 483-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün 1 il müddət ötmüşdür. X1 tərəfindən 22.11.2017-ci il tarixdən 09.01.2018-ci il tarixə qədər rəsmiləşdirilən 22 bəyannamə üzrə 180 günə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli olduğunu nəzərə alaraq, bu müddət 09.07.2018-ci il tarixdə olmalı idi. Belə olan halda, müddət ötürüldüyündən, Asif Kərimov barəsində inzibati tənbeh verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyası ilə inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir, vəsaitlər əldə edilmədiyi halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarında qeyd olunan hüquqi mövqeyə əsasən eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Bununla da, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05.07.2021-ci il tarixli, 12000/5193 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə, məhkəmə iclasının Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 25 iyun 20021-ci il tarixli, 12000-5188/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən 22.11.2017-ci il tarixdən 09.01.2018-ci il tarixə qədər rəsmiləşdirilən 22 bəyannamə üzrə 180 günə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli idi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1 ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, malların (işlərin, Komitələrin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarında qeyd olunan hüquqi mövqeyə əsasən eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi və etibarnamə üzrə nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, X5 tərəfindən 22.11.2017-ci il tarixdən 09.01.2018-ci il tarixə qədər rəsmiləşdirilən 22 bəyannamə üzrə 180 günə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli idi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və 09.07.2018-ci ildə həmin 180 gün müddəti bitmişdir. Həmin tarixdən 1 il müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 inzibati məsuliyyətə cəlb edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi göstərilən xəta ilə bağlı 04.06.2021-ci il tarixdə, inzibati xətanın baş verdiyi gündən 01 ildən artiq müddətdən sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X2 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05.07.2021-ci il tarixli, 12000/5193 saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05.07.2021-ci il tarixli, 12000/5193 saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar