Məhkəmə qərarları › İş №3(060)-2417/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2417/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2417/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis leytenantı X1, Barəsində inzibari xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 333.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində Sumqayıt şəhəri, Ş.Bədəlbəyli küçəsi ərazisində işıq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt ŞPİ-nin X3 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis leytenantı Bəhruz Ələmov izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 00:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində hərəkətdə olan zaman bir avtomobilin Sumqayıt şəhərində yerləşən "xxxx" ASC istiqamətində hərəkət etdiyi görmüşlər. Sürücü avtopatrulu gördükdə avtomobilin əyləcini sıxaraq idarə etdiyi avtomobili xidməti avtomobilin qarşısında saxlamışdır. Yanında olan digər polis əməkdaş həmin avtomobilə yaxınlaşmış, sürücüdən kəskin spirtli içki qoxusu gəldiyi üçün alkotest vasitəsilə müayinə etmiş və alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Bundan sonra sürücü tərtib edilmiş “Akt”la avtomobil duracağa yerləşdirilmişdir. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilir. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 00:10 radələrində etibarnamə əsasında idarə etdiyi “NİSSAN NOTE” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən saxlanılmış, ondan spirtli içki qoxusu gəldiyi üçün alkotest vasitəsilə müayinə edilmiş və alkoqol şərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Həqiqətən də həmin gün 4-5 bakal piyvə içmiş, ayıq sürücü xidmətindən istifadə edərək evinə getmiş, daha sonra yol boş olduğuna görə evinin yaxınlığında sükana özü əyləşmiş, bu zaman YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır, ailə vəziyyətinin nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə kalibrlənmiş “Alcoviser-Jupiter X” modelli xüsusi texniki vasitə olan alkotesterlə müayinənin nəticəsini özündə əks etdirən çıxarışdan görünür ki, sürücü xx.xx.2024-cü il tarixdə saat 00:08-də müayinə edilmiş, sürücüdə aşkar edilmiş alkoqolun miqdarı 6.752 % promil olmuşdur. 19 sentyabr 2024-cü il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki, “NİSSAN NOTE” minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə duracağa qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, BC 045124 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi alkotesterin nəticəsini özündə əks etdirən protokolla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici və protokolu tərtib etmiş şəxsin izahatı ilə öz təsdiqini tapır. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə İXM-nın 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 6.752 promil olduğundan o, İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nın 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.7-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə vurğulayır ki, Şəxs spirtli içkidən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməklə nəinki özünün, o cümlədən yol hərəkətinin digər iştirakçılarının da həyatını və sağlamlığını risk və təhlükə altına atmışdır. Məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, əmlak vəziyyətini, əməlini yüngülləşdirən halları, o cümlədən həm Şəxs, eləcə də digər sürücülər tərəfindən gələcəkdə eyni məzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasını təmini məqsədilə sonuncunun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırması növündə inzibati tənbeh verilməsini məqsədə uyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar