Məhkəmə qərarları › İş №3(060)-2423/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2423/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2423/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:20 radələrində Sumqayıt şəhəri, Azərbaycan küçəsi ərazisində işıq cihazından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotik vasitələrdən istifadə etməsi faktı aşkar olunmuşdur. Sumqayıt ŞPİ-nin DYPŞ-də Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis leytenantı Cavidan Babayev məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024cü il tarixdə, saat 23:20 radələrində dostuna məxsus idarə etdiyi “Mercedes Benz 260” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Azərbaycan küçəsi ərazisində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, bundan sonra inspektor ondan narkotikdən istifadə etməkdə şübhələndiyi üçün ona Sumqayıt şəhəri Narkoloji Dispanserdə müayinədən keçməyi təklif etmiş, o etiraz etməyərək polis əməkdaşları ilə birlikdə tibbi müayinəyə getmişdir. Narkoloji Dispanserdə ekspress test üsulu ilə müayinə zamanı marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Qeyd edir ki, o, ayıq sürücü kimi gəlib dostunun avtomobilini idarə etmiş, narkitik vasitə istifadə etməmiş, avtomobildə olan digər şəxslər narkotik vasitədən istifadə etmiş və tüstü onun da nəfəsinə daxil olmuşdur. Məhkəmə onu təqsirli biləcəyi halda göstərdikləri halları nəzərə alaraq sürücülük hüququnun məhdudlaşdırılmamasını, barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin izahatını və iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun məhkəmə iclasında verdiyi izahat özünü müdafiə xarakterlidir, məsuliyyətdən yayınmaq üçün məhz bu məzmunda izahat vermişdir. Bu səbəbdən sanksiya həddində inzibati qaydada tənbeh edilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 5055 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:15-də müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Şəxsin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, sonuncu öz əməlini etiraf edərək narkotik vasitə qəbul etməsini etiraf etmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 5055 nömrəli protokoldan görünür ki, “Mercedes Benz 260” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, BD 073096 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 5055 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən iş materiallarında olan etirafedici izahatı ilə öz təsdiqini tapır. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətində olduğundan o, İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirin dərəcəsini, əmlak vəziyyətini, onun islah yoluna qədəm qoyaraq artıq pis vərdişlərdən uzaq olmasını, o cümlədən bir daha belə hallara yol verməycəyinə söz verməsini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar