Məhkəmə qərarları › İş №3(060)-2426/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2426/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2426/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 42, mənzil 19-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən bağından metal materialdan olan 2.5x1.5 metr qalınlığında 4 mm olan list, soyuducu və talvarın dirəklərini talamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin polis sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı Cavid adlı şəxslə birlikdə o velosipedi və Cavid piyada gəzirmiş. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində gəzərkən 4 tərəfi daş hasarla hörülmüş və qapısı olmayan bağa daxil olmuşlar. Bağa bir qədər nəzər yetirmişlər. Cavid orada beton üzərində dəmir olduğunu demişdir. Onu sökmək üçün orada heç nə olmadığı üçün sökə bilməmişlər. Orada olan dəmir listi Cavidlə birlikdə götürüb velosipedə yükləmişlər. Oradan bir qədər uzaqlaşdıqdan sonra tanımadığı şəxs onlara yaxınlaşaraq dəmirin onun olduğunu bildirdi və aralarında mübahisə baş verdi. Bu zaman ərazidə xidmət aparan PPXİ-nin əməkdaşları onları saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 15-17 sentyabr tarixlərində naməlum şəxs və ya şəxslər ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ərazisində yerləşən bağından metal materialdan olan 2.5x1.5 metr qalınlığında 4 mm olan list, soyuducu, talvarın dirəklərini oğurlamışdır. Oğurluq nəticəsində ona 95 manat maddi ziyan dəymişdir. Şəxs ona dəymiş zərəri ödəmişdir, onunla barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:35-də inzibati qaydada tutulmuş və xx.xx.2022-ci il tarixdə saat 12:00-da azad olunmuşdur. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərər çəkmiş şəxslə barışıq əldə edilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar