Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2426/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X3 iştirakları ilə, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi F.V.Rəhimov ərizəsini onunla əsaslandırmışdır ki, “Mazda3 minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X1 mülkiyyətindədir. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, dönmə əməliyyatını yerinə yetirən zaman üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etmədiyini bildirmişlər. O isə dönmə əməliyyatı həyata keçirən zaman heç bir nişanlanma xəttinin tələbini pozmadığını və heç bir qayda pozuntusu etmədiyini, əgər etmişsə də bunu sübut etməyə borclu olduğunu qeyd etsə də, onun sözlərini nəzərə almayaraq cərimə yazacağını bildirmişdir. Bununla razı olmadığını bildirsə də ona cərimə yazılmışdır. Dönmə əməliyyatını düzgün etdiyi halda ona üfüqi nişanlanma xətlərinin tələblərini pozduğunu bildirmişlər. Həmin ərazidə nişanlanma xəttinin boyası həmin hissələrdə pozulduğu üçün dönmə əməliyyatının qadağan olunduğu bilinmir. Bu halı izah etməyə çalışsa da nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi F.V.Rəhimov şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş, həmçinin hadisə yerinin video görüntülərini məhkəməyə təqdim edərək həmin ərazidə olan və qoşa xətt olması iddia edilən xətlərin əslində qırıq-qırıq xətt olmasını bildirmiş, bu səbəbdən də dönmə əməliyyatını icra edərkən heç bir qayda pozmadığını göstərərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru V.N.Abbasov şikayətlə razılaşmayaraq bildirmişdir ki, sürücüyə cərimə yazılan ərazidə, yəni Sumqayıt şəhəri Yeni Bulvar ərazisində yolun əks istiqamətlərini ayıran qoşa xətt, yəni 1.3 nişanlanma xətti mövcuddur. Sürücü isə həmin qoşa xətti kəsərək sola dönmə əməliyyatı etmişdir. Həmçinin sola dönmə əməliyyatını icra edərkən soldan gələn avtomobillərin təhlükəsiz keçidinə şərait yaratmamışdır. Təqdim etdiyi görüntülərdən də məlum olur ki, ərazidə əks hərəkət istiqamətlərini ayıran 1.3 nişanlanma xətti mövcuddur. Bununla bağlı YPX avtomobilindən qeydə alınmış görüntüləri məhkəməyə təqdim etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü F.V.Rəhimov xx.xx.2023-cü il tarixdə saat 17:53-də Sumqayıt şəhəri Yeni Bulvar ərazisində “Mazda3 minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.3 nişanlanma xəttinin tələblərinə əməl etməyərək sola və geriyə dönmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. YPX inspektoru tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər YPX avtomobilində qeydə alınmış, görüntülərə əsasən müəyyən edilir ki, “Mazda3 minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri Yeni Bulvar yoluna daxil olarkən 1.3 nişanlanma xəttinin tələbini pozaraq sola dönmə əməliyyatı edir və bu zaman DYP əməkdaşları tərəfindən saxlanılır. Görüntülərdə həmçinin müəyyən edilir ki, “Mazda3 minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə əməliyyatını icra edərkən soldan gələn avtomobillərə yol verməli və onların təhlükəsiz keçidinə şərait yaratmalı olduğu halda bu qaydalara əməl etməyərək həmin istiqamətdən gələn ford markalı avtomobilin sürətini və məsafəsini nəzərə almadan müvafiq dönmə əməliyyatını yerinə yetirmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Sumqayıt şəhəri Yeni Bulvar ərazisində çəkilmişdir. Görüntülərdə 1.3 nişanlanma xəttinin mövcud vəziyyətinin tam olmadığı, nişanlanma xəttinin bəzi yerlərinin pozulması müşahidə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, sürücü F.V.Rəhimov xx.xx.2023-cü il tarixdə saat 17:53-də Sumqayıt şəhəri Yeni Bulvar ərazisində “Mazda3 minik” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.3 nişanlanma xəttinin tələblərinə əməl etməyərək sola və geriyə dönmə qaydalarını pozmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi tərəfindən təqdim edilmiş görüntülərdə 1.3 nişanlanma xəttinin bəzi hissələrinin pozulması, sanki qırıq-qırıq xətt olması, yəni 1.11 nişanlanma xətti olması müəyyən edilmişdir. Bu səbəbdən də sürücünün 1.3 nişanlanma xəttinin tələblərini pozması qənaətinə gəlinməsi mümkün olmamışdır. Lakin, YPX inspektorunun təqdim etdiyi görüntülərdə sürücünün yol ayrıcına təhlükəsiz daxil olma qaydalarına əməl etməyərək soldan gələn ford markalı avtomobil üçün təhlükə yaratması və həmin xətanın da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibini yaratması müəyyən edilmişdir. Qeyd edilən vəziyyətdə sürücünün əməlində hər bir halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibinin olması baxımından məhkəmə hesab edir ki, indiki vəziyyətdə prosessual qənaət prinsipi rəhbər tutulmalı və formal əsasa görə mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2426/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2426/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver