Məhkəmə qərarları › İş №3(060)-2428/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2428/2021

27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2428/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən 27 iyul 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1297/2015 saylı, 25.05.2015-ci il tarixli icra sənədinə əsasən 140,00 manat aliment və gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib edən şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1297/2015 saylı, 25.05.2015-ci il tarixli icra sənədinə əsasən 15.01.2015-ci il tarixdən etibarən 23.07.2009-cu il təvəllüdlü X7 və 20.06.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə görə 70,00 manat olmaqla, ümumilikdə 140,00 manat miqdarında və borclu Şəxs qazancının 1/3 hissəsindən aliment tutularaq tələbkar X4 verilməlidir. Borclu 25.05.2015-ci il tarixdə mütamadi olaraq aliment ödənişləri etsə də, 2020-ci ilin oktyabr ayından sonra aliment ödənişləri etməmişdir. Hal-hazırda yığılmış aliment borcu 1.000,00 manat aliment borcu yığılmış və üzürsüz səbəbdən aliment borcuu ödəməmişdir. Borclu qalıq aliment borcunun ödəyə bilməməsinin səbəbi kimi onurğasında əməliyyat olunduğunu bildirmişdir. İcra sənədi üzrə tələbkar X6 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1297/2015 saylı, 25.05.2015-ci il tarixli icra sənədinə əsasən 15.01.2015-ci il tarixdən etibarən 23.07.2009-cu il təvəllüdlü X7 və 20.06.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə görə 70,00 manat olmaqla, ümumilikdə 140,00 manat miqdarında və borclu Şəxs qazancının 1/3 hissəsindən aliment tutularaq tələbkar ona verilməlidir. Borclu 25.05.2015-ci il tarixdə mütamadi olaraq aliment ödənişləri etsə də, 2020-ci ilin oktyabr ayından sonra bir aydan bir aliment ödənişləri etmişdir. Hal-hazırda aliment borcu 1.000,00 manat təşkil edir və o, yığılmış aliment borcunun tam ödənilməsini tələb etdi. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınaraq borclu Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1297/2015 saylı, 25.05.2015-ci il tarixli icra sənədinə əsasən 15.01.2015-ci il tarixdən etibarən 23.07.2009-cu il təvəllüdlü X7 və 20.06.2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə görə 70,00 manat olmaqla, ümumilikdə 140,00 manat miqdarında və onun qazancının 1/3 hissəsindən aliment tutularaq tələbkar X4 verilməlidir. O, 25.05.2015-ci il tarixdə mütamadi olaraq aliment ödənişləri etmiş Lakin onurğasından əməliyyat olunduqdan sonra sağlamlığı işləməsini məhdudlaşdırmışdır. Buna baxmayaraq hər ay aliment ödənişini az miqdarda olsa da ödəmişdir. Hal-hazırda yığılmış aliment borcundan heç bir ödəniş etməyə maddi imkanı yoxdur. Borclu qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunu, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik tarixindən (ambulator kitabçadan) çıxarışından görünür ki, xəstə Şəxs Th-10-Th11 fəqərələri səviyyəsində spinal stenoz. Th10-Th11 fəqərəarası diskin yırtığı. Bu nahiyədə mielopatiya. Aşağı paraplegiya. Çanaq orqanlarının funksiyasının pozulması diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədi ilə bağlı icra məmuru tərəfindən protokol tərtib olunan günə qədər Şəxs ödəməli olduğu aliment borcundan 2020-ci ilin oktyabr ayınadək mütamadi olaraq həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, işin qeyd edilən halı Şəxs sözü gedən icra sənədini üzürsüz səbəbdən icra etməməsi nəticəsinə gəlməyə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 27 iyul 2021-ci il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar