Məhkəmə qərarları › İş №3(060)-2428/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2428/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2428/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin daxili xidmət kapitanı X5 və daxili xidmət mayoru Musayev Ramil Vəkil oğlunun Qərardan şikayət verən şəxs X2 iştirakı ilə , Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X4 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMMC-nin sədri olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, 30 avqust 2023-cü il tarixli, ******* nömrəli protokola əsasən müəyyən edilmişdir ki, o, guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində MN ******* nömrəli, 12 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 800 manat məbləğində cərimə edilmişdir. Lakin bu tamamilə qanunsuz və əsassız qərardır. Ərizədə qeyd edilir ki, 30 avqust tarixində yuxarıda qeyd olunan mənzilə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, burada mansard var və mansarda artırma edilərək hündürləşdirilmişdir. Bu səbəbdən barəsində protokol tərtib olunmuş, lakin bu protokol tamamilə qanunsuzdur. Qeyd edir ki, həmin qərarı 26 sentyabr 2023-cü il tarixdə almış və qərar ona təqdim olunan zaman qərarda bir çox texniki yanlışlıqlar mövcüd olmuşdur. Belə ki, qərar tamamilə anlaşılmaz bir vəziyyətdə olmaqla oxunması qeyri-mümkün olmuşdur. Bu halın özünü böyük bir qanunsuzluq imi qiymətləndirir. Qərarın tarixində yanlışlıq olunmuş, belə ki, qərarın qəbul edilmə tarixi kimi 2021-ci ilin sentyabr ayı göstərilmişdir. Bu səbəbdən o, qərarın yenidən təqdim olunması üçün Azərbaycan Respublikası FHN Sumqayıt Regional DYMİ-nə müraciət etmişdir. Nəticədə 28 sentyabr 2023-cü il tarixdə qərarın tarixi dəyişdirilərək ona yenidən təqdim edilmiş, lakin qərar tamamilə yanlış olmaqla düzgün qəbul edilməyib. Belə ki, qərarda göstərilən və sözügedən mənzildə edilən həmin dəyişikliklər heç nəyə təsir göstərməyib. Binanın təhlükəsizliyinə hər hansı bir təhlükə yaratmasını ancaq ixtisaslaşmış müəssisələr müəyyən edə bilər. Həmçinin həmin mənzildə "xxxx" MMMC heç bir dəyişiklik etməmiş və mansard əlavələr etməmişdir. Həmin mənzil artıq MTK-nın mülkiyyətində deyildir. Bu mənzil xüsusi mülkiyyətdədir. Mənzil əvvəllər başqa bir şəxsin mülkiyyətində olmuş, sonradan sigər bir şəxsə satılmışdır. Mənzilin "xxxx" MMC-nin başqa şəxsə satması ilə əlaqədar 527 nömrəli, 23 iyul 2019 tarixli müqavilə mövcuddur. Göründüyü kimi, mənzildə sözügedən artırma MMC tərəfindən edilməmiş və əmlak xüsusi mülkiyyətdə olduğundan xətanın törədilməsində "xxxx" MMC-nin sədri kimi onun təqsiri olmamışdır. Qeyd etdiyi bütün bu hallar qərar qəbul edilərkən nəzərə alınmamışdır. Buna görə də qərar ləğv olunmalıdır. Həmin əmlakın mülkiyyətçisinin kim olması ilə bağlı "xxxx" MMMC-də heç bir məlumat yoxdur. Bildirir ki, "xxxx" MMMC-nin həmin mənzildə dəyişikliklərin həyata keçirilməsi ilə bağlı heç bir razılıq məktubu, qərar və ya başqa sənəd qəbul etməmişdir. Bu səbəbdən "xxxx" MMMC-ə qarşı qərarın qəbul edilmiş və onun 800 manat məbləğində cərimə edilməsi qanunsuz və əsassız, MN ******* nömrəli, 12 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli, bu qərar əsasında hesablanmış 800 manat cərimə silinməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2023-cü ilin iyun ayından bina sakinlərinin səsverməsi nəticəsində özü də həmin binanın sakini olduğu üçün "xxxx" MMMC-nin sədri seçilmişdir. xx.xx.2023-cü il tarixdə qeyd olunan mənzilə baxış keçirilərkən orada iştirak etməmişdir. Qeyd edir ki, MMMC-nin sədri olaraq o, yalnız bina sakinlərinə komunal xidmətin təşkilinə nəzarət etmək vəzifəsi daşıyır və bina sitismara uzun illər bundan öncə qəbul edildiyindən artıq qazlaşdırılıb, hətta binadakı bütün mənzillər özəlləşdirilib sakinlərin xüsusi mülkiyyətindədir və o, hər hansı mənzil sahibinə tikinti-quraşdırma işləri aparmaq üçün icazə vermək üçün heç bir səlahiyyətə malik deyil. Bildirir ki, inzibati xətanı tərədən şəxs o olmamış, xətanı törədən şəxs məhz mənzilin mülkiyyətçisi olmuşdur, qanunsuz olaraq onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin daxili xidmət kapitanı X5 bildirdi ki, ünvan 1 ünvanında yaşayan İmanov Elnur Vəkil oğlu tərəfindən Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə ünvanlanmış və Dövlət Yanğın Nəzarəti Xidmətində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli, 3-18-5/1-8014/2023 nömrəli müraciət baxılması üçün Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin göndərilmişdir. Müraciətdə qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon "xxxx" MMMC-nə aid 10 mərtəbəli yaşayış binasının dam örtüyündə tikintidə təhlükəsizlik qaydalarına əməl olunmadan mənzil inşa olunur, eyni zamanda yaşayış binasının zirzəmisində təhlükəsizlik qaydalarına zidd olaraq havalandırma sistemi, avtomatik yanğın xəbərverici, yanğınsöndürmə sistemləri quraşdırılmadığından tüstü məzillərə dolur və zirzəmidə yağınsöndürmə vasitələri və odsöndürücü balonlar yoxdur. Şikayətçi qeyd olunanlarla bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə müraciətlə əlaqədar qeyd olunan ünvanda iş yoldaşı Əlağa Nağıyevlə birlikdə plandankənar yanğın-texniki müayinə keçirilmiş, müayinə zamanı 31 avqust 2023-cü il tarixli “yanğın-texniki müayinə” aktı tərtib edilərək aşkar olunan nöqsanlar həmin aktda öz əksini tapmışdır. Sumqayıt şəhəri, 1-ci mikrorayonda qeyd olunan ünvandakı 10 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindəki tikinti işləri aparılan mənzilə baxış zamanı həmin mənzildə ustalar işlədiyi müəyyən edilmişdir. Azər Cəfərov izahatında bildirmişdir ki, ustaların dediklərinə görə həmin mənzildə təmir tikinti bərpa işlərini həmin mənzilin sahibi tərəfindən aparılmışdır. Mənzilin sahibi ünvanda olmadığından onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, lakin həmin şəxs həmin yerə gələməmişdir. Bundan sonra şikayətin məhz "xxxx" MMMC-nin sədri X4 barəsində olduğunu nəzərə alaraq Əhməd İsayev barəsində xx.xx.2023-cü il tarixdə prototokol tərtib edilmiş, inzibati araşdırma məqsədi ilə sonuncu 12 sentyabr 2023-cü il tarixdə, saat 10:40-da Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinə çağrılması barədə bildiriş göndərilsə də, Əhməd İsayev araşdırmada iştirak etmədiyindən, onun iştirakı olmadan barəsində AR İXM-nin 518.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati araşdırmanının aparılma yeri və vaxtı barədə Əhməd İsayevə göndərilən bildirişin sonuncunun qəbul edib-etməməsi barədə hər hansı məlumat və ya xəbərnamə onda yoxdur və iş materialllarında olmadığı üçün məhkəməyə təqdim edə bilmir. Bundan başqa qeyd edir ki, qeyd olunan təmir-tikinti və bərpa işləri aparılan mənzilin mülkiyyətçisinin kim olması barədə hər hansı araşdırma aparmamış, mülkiyyətçinin kimliyi barədə məlumatı olmamışdır. Hesab edir ki, tam, hərtərəfli araşdırma aparılmışdır, bu səbəbdən şikayətin təmin edilməməsini, xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin daxili xidmət mayoru Musayev Ramil Vəkil oğlu Azər Ehtibar oğlu Cəfərovun izahatında göstərdiyi xüsusatları təsdiq edərək şikayətin təmin edilməməsini, xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Yanğın Texniki müayinə” aktından görünür ki, həmin tarixdə müvafiq akt tərtib edilərək aktda qeyd olunan pozuntular aşkar edilmiş və aparılmış yoxlamanın nəticəsi olaraq 31 avqust 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, 31 avqust 2023-cü il tarixdə “İnzibati xəta haqqında işin baxılmağa təyin edilməsi haqqında” qərardad qəbul edilmişdir. Sumqayıt şəhəri, 1-ci mkr, ev 45-də yerləşən "xxxx" MMMC-nin sədri X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qismində 12 sentyabr 2023-cü il tarixdə, saat 10:40-da AR İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin baxılmasında iştirak etmək üçün xx.xx.2023-cü il tarixdə FHN DYNX-nin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinə gəlməsi barədə bildiriş göndərilmişdir. 23 iyul 2019-cu il tarixli 527 saylı müqavilədən görünür ki, "xxxx" MTK ilə ilə onun üzvü X6 arasında “mansard” tipli otağın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, təmi tikinti işləri aparılan mənzilin tavan hissəsində mansard istiqamətində iri dəlik açılmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X2 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, FHN DYNX-nin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə görə inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materialları araşdırılarkən məhkəmə qərardan şikayət verən şəxs Əhmət İsayevin şikayət ərizəsində mübahisələndirilən mənzilin xüsusi mülkiyyətdə olduğunu, 10-cu mərtəbədə aparılan təmir-tikinti işlərinin "xxxx" MMMC-nin icazəsi və ya razılığı ilə aparılmadığını, binanın bütün mənzillərinin özəlləşdirildiyini, MMMC-nin yalnız bina sakinlərinə kommunal ödənişlər müqabilində müvafiq kommunal xidmətlər göstərmək vəzifəsi daşıdığını Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi əməkdaşlarına bildirdiyi müəyyən edilmişdir. Eyni zamanda iclas zamanı o, da müəyyən edilmişdir ki, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı Azər Cəfərovun özünün də qeyd etdiyi kimi mənzildə tikinti işləri aparan ustalarla sorğu sual zamanı ustalar tərəfindən onlara məhz həmin mənzildə təmir tikinti işlərinin mənzilin mülkiyyətçisi tərəfindən aparılması bildirilsə də, onlar tərəfindən mülkiyyətçinin kimliyi həmin şəxsin tikinti yerində olmadığı üçün müəyyən edilməmiş, məhz Əhməd İsayev barəsində şikayət verildiyi üçün pozuntuların da onun tərəfindən törədilməsi qənaətinə gələrək əlavə araşdırma aparmadan bu barədə müvafiq akt tərtib etməklə sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi inzibati orqan təmir tikinti aprılan mənzilin kimə məxsus olmasını, həmin işlərin kim tərəfindən aparılmasını, işlərin aparılmasına icazənin kim tərəfindən verilməsini, o cümlədən "xxxx" MMMC tərəfindən həqiqətən də həmin ünvanda təmir tikinti bərpa işlərinin aparılıb-aparılmamasını, işlərin aparılmasına icazənin məhz MMMC tərəfindən verilib-verilməməsini müəyyən etmədən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün digər faktiki halları tam, hərtərəfli, obyektiv araşdırma aparmadan formal mülahizələrə əsaslanmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, inzibati araşdırmanın aparılma yeri və vaxtı barədə bildiriş iş materillarına əlavə edilsə də, həmin bildirişin Əhməd İsayevə çatdırılmasını təsdiq edən xəbərnamə materiala əlavə edilməmiş və ya məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Avropa İnsan Hüquqları məhkəməsinin “Cəfərzadə Azərbaycana Qarşı” işi üzrə xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, yerli məhkəmələr işin mahiyyətinə baxmazdan əvvəl bildirişin verilməsində olan hər hansı çatışmazlığı müəyyən etməlidir. Göründüyü kimi məhkəmə iclasında inzibati araşdırmanın yeri və vaxtı barədə xx.xx.2023-cü il tarixli bildirişin Əhməd İsayevə çatdırılmadığı, araşdırılma aparılacağından sonuncunun məlumatlı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, o cümlədən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi kimi əsaslar təsbit edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri kimi bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi nəzərdə tutulmuşdur. Məhz yuxarıda göstərilənlərəə əsasən məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, o cümlədən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, AR İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhəli məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar