Məhkəmə qərarları › İş №3(060)-2428/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2428/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2428/2024 02.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X13, 56 saylı fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 02 oktyabr 2024-cü il tarixli MN1746723 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3184/2019 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə icra sənədi üzrə ümumilikdə 4470 manat məbləğində borcu ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şəxs bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 3184/2019 saylı icra sənədinə əsasən 20 iyul 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment və 20 iyul 2015-ci il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar əlavə xərc kimi ödənilmiş 167 (yüz altmış yeddi) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq iddiaçı Həzrətquliyeva (Nağıyeva) Elnarə Nüsrət qızına verilməlidir. Qeyd edilən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Borclu barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan olunmuşdur. Borclu Şəxs hal-hazırda 4470 manat borcu var. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun 1670 manat borcu var. Qalan borcu ödəmişdir, sadəcə bununla bağlı qəbzləri saxlammamışdır. Bu gün 500 manat ödəyə bilər. Göstərilən halları nəzərə alaraq barəsində cərimə tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 bildirmişdir ki, keçmiş həyat yoldaşı onun xalası oğludur. Uşağı ürək əməliyyatı olunmalıdır. Əməliyyatın məbləği 80.000 manatdır. Həmin məbləğin 40000 manat hissəsini sığorta ödəyir, qalan məbləği o, tapmalıdır. Buna görə də yaranmış borcun tam ödənilməsini tələb edir, əks halda borclu barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Bugün 500 manat ödəmək istəyir. Onun barəsində inzibati həbs tətbiq olunsa, işdən çıxarılması ehtimalı var. Buna görə də Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3184/2019 saylı icra sənədindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli 2(060)-477/2016 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 20 iyul 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment və 20 iyul 2015-ci il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar əlavə xərc kimi ödənilmiş 167 (yüz altmış yeddi) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq iddiaçı Həzrətquliyeva (Nağıyeva) Elnarə Nüsrət qızına verilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3184/2019 saylı icra sənədi üzrə icraata başlanmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-3184/2019 saylı icra sənədinə əsasən Şəxs 20 iyul 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment və 20 iyul 2015-ci il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar əlavə xərc kimi ödənilmiş 167 (yüz altmış yeddi) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq iddiaçı Həzrətquliyeva (Nağıyeva) Elnarə Nüsrət qızına verilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2019-cu ildə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya verilmişdir. Borclu aliment borcunu tam ödəməmiş, həmçinin icra məmurunun çağırışlarından yayınmışdır. Bu səbəbdən də onun barəsində xx.xx.2024-cü il tarixlərdə axtarış elan edilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi və icra məmurunun çağırışlarına gəlməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 02 oktyabr 2024-cü il tarixdən saat 17:55-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən saat 17:55dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar