Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-243/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, “Sərhədçi” idman mərkəzində mühafizəçi vəzifəsində işləyən, Sumqayıt şəhər, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci mikrorayon, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs ünsiyyət hüququ vardır. O, tələbkarın qanuni tələblərinə əməl etməyərək uşağı anasına geri qaytarmamış, bununla da sonuncu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirmişdir ki, icra sənədi xx.xx.2024-cü il tarixdə onun icraatına daxil olmuş, tərəflər İcra İdarəsinə dəvət olunmuş, izahatları alınmış və hüquqları izah edilmişdir. Əvvəllər icra sənədinin icrası ilə bağlı problem olmamış, son 2 həftə ərzində problem yaranmışdır. Bir dəfə tərəflər İdarəyə dəvət olunmuş və uşağın anasına qaytarılmaması ilə bağlı akt tərtib olunmuşdur. Fakt odur ki, dünən uşaq atası tərəfindən götürülmüş və bu günədək anasına qaytarılmamışdır. Uşaq İdarənin rəhbəliyinin iştirakı ilə dinlənilmiş, o da atasından ayrılmaq istəmədiyini və anasının yanına getmək istəmədiyini bildirmişdir. Böyük uşaq anasının yanında qalır və ondan ayrılmaq istəmir, balaca uşaq isə atası ilə qalmaq istəyir. Aliment Şəxs əmək haqqına yönəldilmiş və hər ay vaxtında ödənilir. Protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, uşağın ağlayaraq anasının yanına getmək istəmir və belə vəziyyətdə uşağı qaytarmaq istəmir. Aralarında məhkəmə mübahisəsi davam edir, 10-15 günə məhkəmə iclası keçiriləcək və hansı qərar qəbul olunarsa məsələ həll olunacaq. Uşaq anasının evində incidildiyini bildirir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 bildirmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanı tərəfindən uşaqların onun yanında qalması barədə rəy verilmiş, lakin Şəxs bu qərarla razılaşmamış, yenidən rəy verilməsi üçün Bakı şəhərinə göndərilmişdir. Dekabrın 23-ü Bakı şəhərində uşaqlarla birlikdə ekspert-psixoloq Nilufər xanımın qəbulunda olmuş, uşaqlar dindirilmiş və rəy hələ məhkəməyə daxil olmamışdır. Elməddin uşaqları evə apardıqdan sonra çox vaxt işdə olur, böyük övladı atasının evinə getmək istəmir, çünki nənəsinin onların hər işinə qarışdığını və çox danışdığını bildirir. Balaca övladının yaşı az olduğu üçün nənəsinin təsiri altına düşür. Borcluya yalnız hər bazar günü saat 11.00-dan 16.00-a kimi görüş verilsə də, o, hər bazar günü istənilən saatda Elməddinin uşaqlarla ünsiyyətdə olmağa icazə verir, hətta icra sənədində yazılmasa da, bayram günləri belə uşaqlarla görüşməyə və uşaqları aparmağına problem yaratmır. Nənə uşağa “sən atanı seçsən anan dözə bilməyib geri qayıdacaq” demişdir. Uşaq da ona atasını seçdiyini, atasının da hər gün onu görəcəyinə söz verdiyini bildirmişdir. Axırıncı dəfə borclu uşağı aparmış, onunla əlaqə saxlayanda uşağı qaytarmayacağını demişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 bildirdi ki, iş materiallarından da göründüyü kimi uşağın qaytarılmamasından söhbət getmir, uşaq özü anasının yanına qayıtmaq istəmir. Ailə Məcəlləsinə əsasən valideynlər bərabər hüquqlara malikdirlər. Bundan əlavə hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiyinə görə artıq uşağın anadan alınaraq ataya verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Borclu barəsində tərtib olunmuş protokola xitam verilməsi daha obyektiv olardı. Ona görə də, borclu barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-16(060)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, ərizəçi Şəxs xx.xx.2011-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 ilə hər həftənin bazar günü saat 11.00-dan 16.00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 16(060)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan məlum olur ki, xx.xx.2025-ci il tarixində Şəxs, Ceyhunə Əliyeva və birgə nikahlarında olan övladları Zeynəbin iştirakı ilə İdarənin rəis müavinin xidməti otağında görüş keçirilmiş, həmin görüşdə Zeynəb yalnız atası ilə qalmaq istəməsini, anasının yanına qayıtmaq istəməməsini ağlayaraq bildirmişdir. İş materiallarında olan tələbkar X10 tərəfindən Sumqayıt şəhər İcra İdarəsinə ünvanlanmış xx.xx.2024, xx.xx.2024-cü il tarixli ərizələrdə uşaqla ünsiyyət üçün Şəxsa maneə yaratmadığını, xx.xx.2024, xx.xx.2024-cü il tarixli ərizədə 2-ci, 3-cü həftədir Şəxs uşaqla görüşə gəlmədiyini, xx.xx.2025-ci il tarixli ərizəsində xx.xx.2025-ci il tarixində Şəxs uşağı görüş üçün apardığını, lakin geri qaytarmadığını bildirmişdir. İş materiallarında olan Şəxs tərəfindən Sumqayıt şəhər İcra İdarəsinə ünvanlanmış xx.xx.2024, xx.xx.2025-ci il tarixli ərizələrdə uşaqları ilə görüşlərinə anası və anasının valideynləri tərəfindən maneələr yaradıldığını, xx.xx.2025-ci il tarixli ərizəsində xx.xx.2025ci il tarixində qızı Zeynəbi anasında götürdüyünü, lakin qızının anasına qayıtmaq istəmədiyi, həmçinin uşağın alınıb ona verilməsi üçün qəyyumluğa müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən təqdim edilmiş xidməti vəsiqədən məlum olur ki, sonuncu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzində müqavilə əsasında mühafizəçi işləyir, hərbi qulluqçu hesab edilmir. Beləliklə, müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-16(060)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi Şəxs xx.xx.2011-ci il tarixdə doğulmuş X9 və xx.xx.2014-cü il tarixdə doğulmuş X7 ilə hər həftənin bazar günü saat 11.00-dan 16.00-a kimi ünsiyyət hüququ vardır. Həmçinin, məhkəmə iclasında protokolu tərtib etmiş şəxsin, barəsində protokol tərtib edilən şəxsin və tələbkarın izahatlarından, eləcə də xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər İcra İdarəsində tərtib edilmiş aktdan məlum olur ki, 2014-cü il təvəllüdlü Zeynəb Əliyevanın atasının yanında qalmaq istədiyi, anasını getmək istəmədiyini ağlayaraq ifadə edir. Lakin, uşağın hər hansı şəxs tərəfindən edilən təsir nəticəsində anasının yanına getmək istəməməsi öz təsdiqini tapmır. xx.xx.2025-ci tarixində Şəxs uşağı ilə ünsiyyət hüququ təmin edildikdən sonra Şəxs uşağı anasına qaytarmaması icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi kimi deyil, uşağın iradə ifadəsi olaraq uşağın üstün mənafeyi əsas götürülmüklə qiymətləndirilməlidir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində uşaq mənafelərinin üstün olması qeyd edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan uşağın qaytarılmamasında Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-243/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-243/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver