Məhkəmə qərarları › İş №3(060)-2433/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2433/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2433/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.1-cü maddəsi ilə 14 avqust 2025-ci il tarixli, İXP7357933 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:20 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində “BMW 3281” minik markalı, 77DM774 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən aşkar surətdə digər mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 14 avqust 2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Koroğlu küçəsində xidmətdə olarkən ilk olaraq “Opel” markalı avtomobilin bir neçə dəfə manevr qaydalarını pozmasını görmüş, həmin avtomobilə yaxınlaşıb saxla işarəsi vermək istəyərkən onun qarşısında olan “BMW” markalı 77DM774 dövlət qeydiyyat nişanlı avtomobilin də olmasını, sonuncu avtomobilin də manevr qaydalarını pozaraq heç bir dönmə işığı yandırmadan sağ zolaqdan ən sol zolağa keçməsini, daha sonra hər iki avtomobilin sürücüsünün davamlı qayda pozuntuları etməklə və aşkar şəkildə sürət yarışına çıxmaqla 17-ci mikrorayon istiqamətində “Elmarın” dairəsi deyilən yerə hərəkət etmələrini müşahidə etmişdir. Həmin avtomobillərə anidən saxla işarəsi verərsə onların yayınmaq üçün sürətlərini daha da artıracağından, ətrafda olan digər nəqliyyat vasitələrinə və insanlara təhlükə yaradacağından ehtiyat edərək sadəcə xidməti avtomobilin üzərində olan mayak işığını yandıraraq onları izləmişdir ki, sürücülər yol polisinin olmasını görüb özləri bir qədər sakitləşsinlər. Bir qədər irəli getdikdən sonra yolda orta zolaqda “Mercedes Sprinter” markalı avtomobil hərəkətdə olmuş, “BMW” markalı avomobil sürətlə “Mercedes Sprinter” markalı avtomobilin sağından, “Opel” markalı avomobil isə “Mercedes Sprinter” markalı avtomobilin solundan keçməklə öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra “Opel” markalı avtombilin sürücüsü YPX avtomobilini gördüyü üçün sürətini bir qədər azaltmışdır. O isə efir vasitəsi ilə ərazidə olan digər YPX avtomobillərinə məlumat vermişdir. Düşünmüşdür ki, hadisədə iki avtomobil iştirak etdiyi üçün hər ikisini saxlamaqda çətinlik ola bilər. Bir qədər irəli getdikdən sonra “BMW” markalı 77DM774 dövlət qeydiyyat nişanlı avtomobilə çataraq saxla işarəsi vermiş və onun göstərişi ilə həmin avtomobilin sürücüsü sağda saxlamışdır. “Opel” markalı avtomobili isə ərazidə digər YPX avtomobilində xidmətdə olan əməkdaşlar saxlamışlar. “Opel” markalı avtomobilin sürücüsü bildirmişdir ki, avtomobildə xəstə olduğu üçün bir qədər sürətlə hərəkət etmiş, ola bilsin ki, digər sürücü də ona qoşulmuşdur. Hadisə ilə əlaqədar hər iki sürücünün izahatı alınaraq onların barəsində ayrı-ayrılıqda İXM-in 511.1.1-cü maddəsi ilə inizbati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Həmçinin bildirmişdir ki, hər iki avtomobil arasında sürət yarışı təxmini iki dəqiqə davam etmiş və o xidməti avtomobili ilə həmin avtomobilləri təxmini iki-üç kilometr təqib etmişdir. Göstərilənləri nəzərə alaraq X2 barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin YPX inspektoru X2 bildirmişdir ki, hadisə baş verdikdən sonra TŞK görüntülərinin əldə edilməsi üçün vaxt ehtiyac olmuş, yalnız bundan sonra protokol məhkəməyə göndərilmişdir. Lakin, həmin vaxt barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilmədiyi üçün materiallar məhkəmə tərəfindən geri qaytarılmışdır. Ona görə də protokol bir qədər gecikmə ilə təkrar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Sumqayıt şəhəri, Koroğlu küçəsində “BMW 3281” minik markalı, 77DM774 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşısında nəqliyyat vasitələri dayandığı üçün avtomobilin sağa dönmə işıq siqnalını yandıraraq sağ zolağa keçmiş və normal qaydada öz hərəkətini davam etdirmişdir. O digər avtmobilin, yəni “Opel” markalı avtomobilin sürücüsünü tanımır, həmin avtombillə aralarında hər hansı sürət yarışı olmamış və o yolda müəyyən edilmiş sürət həddinə uyğun qaydada avtomobilini idarə etmişdir. Qeyd etdiyi kimi qarşısında nəqliyyat vasitələri dayandığı üçün sağ zolağa keçmiş və 30 metr irəlidə YPX əməkdaşı onu saxlamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ilkin olaraq izahatında sağ zolağa keçdikdən sonra 30 metr hərəkət etdiyini bildirsə də, məhkəmə iclasında sonradan gah təxmini 300 metr, gah da 400 metr irəlilədiyini bildirmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə istinad edilən inzibati xəta sübuta yetirilmir, onun əməlində inzibati xəta tərkibi yoxdur. Bundan əlavə Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulduğu üçün inzibati mterial məhkəməyə dərhal gödərilməli idi. Göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən qanunvericiliyin normaları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keşirilərkən müəyyən edilmişdir ki, “BMW 3281” minik markalı, 77DM774 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində yüksək sürətlə hərəkət edərək yolda hərəkətdə olan “Mercedes Sprinter” markalı avtomobilin sağından sürətlə keçir, həmin vaxt “Mercedes Sprinter” markalı avtomobilin sol tərəfində “Opel” markalı avtomobilin də olması müşahidə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi kimi qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar