Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2434/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçi Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, X5 Sistemlərinin İstismarı İdarəsində maşinist işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə tərtib edilmiş 14 avqust 2025-ci il tarixli, İXP7357943 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 14 avqust 2025-ci il tarixdə saat 22:20-də, Sumqayıt şəhəri, Koroğlu küçəsində, OPEL ASTRA minik markalı **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən aşkar surətdə digər mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X4 protokolu elan etmiş və bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Koroğlu küçəsində xidmətdə olarkən ilk olaraq “Opel” markalı avtomobilin bir neçə dəfə manevr qaydalarını pozduğunu görmüş, həmin avtomobilə yaxınlaşıb saxla işarəsi vermək istəyərkən onun qarşısında olan “BMW” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin də olmasını, həmin avtomobilin də manevr qaydalarını pozaraq heç bir dönmə işığı yandırmadan sağ zolaqdan ən sol zolağa keçməsini, daha sonra hər iki avtomobilin sürücüsünün davamlı qayda pozuntuları etməklə və aşkar şəkildə sürət yarışına çıxmaqla hərəkət etdiklərini müşahidə etmişdir. O, xidməti avtomobilin üzərində olan mayak işığını yandıraraq onları izləmişdir ki, sürücülər yol polisinin olmasını görüb özləri bir qədər sakitləşsinlər. Bir qədər irəli getdikdən sonra yolda orta zolaqda “Mercedes Sprinter” markalı avtomobil hərəkətdə olmuş, “BMW” markalı avomobil sürətlə “Mercedes Sprinter” markalı avtomobilin sağından, “Opel” markalı avomobil isə “Mercedes Sprinter” markalı avtomobilin solundan keçməklə öz hərəkətlərini davam etdirmişlər. Bundan sonra “Opel” markalı avtombilin sürücüsü YPX avtomobilini gördüyü üçün sürətini bir qədər azaltmışdır. O, efir vasitəsi ilə ərazidə olan digər YPX avtomobillərinə məlumat vermişdir. Düşünmüşdür ki, hadisədə iki avtomobil iştirak etdiyi üçün hər ikisini saxlamaqda çətinlik ola bilər. Bir qədər irəli getdikdən sonra “BMW” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə çataraq saxla işarəsi vermiş və onun göstərişi ilə həmin avtomobilin sürücüsü sağda saxlamışdır. “Opel” markalı avtomobili isə ərazidə digər YPX avtomobilində xidmətdə olan əməkdaşlar saxlamışlar. Həmçinin, bildirmişdir ki, qeyd edilən hadisənin kamera görüntülərini əldə etmək üçün müraciət edilmiş, daha sonra barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəməyə təmin edilmədiyindən protokol geri qaytarılmışdır. Bu səbəbdən də, protokol məhkəməyə gev təqdim edilmişdir. O, tərtib etdiyi protokolu müdafiə etdiyini bildirmiş və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilmədiyini qeyd etmiş, izahatında göstərmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə axşam saatlarında baş vermişdir. O, qardaşı oğlu xəstə olduğu üçün evə tələsdiyini, bu səbəbdən də avtomobili saxlamadığını və yolda onun avtomobilinin surət həddinin 75-80 km/saat olduğunu bildirmişdir. O, BMW markalı avtomobilin sürücüsünü tanımadığını, onunla surət yarışı keçirmədiyini, yalnız dönmə işığını yandırmadan hərəkət zolağını dəyişdiyi üçün həmin əmələ görə də barəsində tənbeh tədbiri verilməli olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Sumqayıt Regional Vəkil bürosunun vəkili X3 məhkəmə iclasında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs polisə tabe olmuşdur və avtoxuliqanlıq etməmişdir. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Protokola əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “OPEL ASTRA MİNİK” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində yüksək sürətlə hərəkət edərək sol zolaqdan sağ zolağa yüksək sürətlə keçməsi, “BMW” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni zamanda yüksək sürətlə hərəkət edərək yolda hərəkətdə olan digər avtomobilin sağından keçməsi, DYP avtomobilinin həmin avtomobilləri izləməsi müşahidə edilir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə akta əsasən “OPEL ASTRA MİNİK” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə duracağa qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə duracaqdan buraxılmışdır. Sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə «B1, B, C1, C» kateqoriyalı BD046481 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntülər, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatına münasibətdə isə onu qeyd edir ki, şəxsin izahatını təsdiq edəcək sübutlar mövcud olmadığından onun izahatını müdafiə xarakterli qiymətləndirmək olar. Proses iştirakçıları məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdir. Məhkəmə, proses iştirakçılarının təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-nin 32-33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə, həmçinin hesab edir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə görə dövlət hesabına təyin edilmiş vəkilin işlə tanış olduğu və məhkəmədə iştiak etdiyi ümumilikdə 03 saat müddətə müvafiq məbləğ hesablanaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçrülüməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2434/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2434/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver