Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2436/2023 30.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, müdafiəçisi Nümayəndə3 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələrinə əsasən tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs MMC-ə məxsus Sumqayıt şəhərində fəaliyyət göstərən mebel istehsalı sahəsində formalaşan tullantı-çirkab suları təmizlənmədən birbaşa "xxxx" kanalına axıdılması və əmələ gələn bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizə tələblərinə əməl edilmədən qalaqlanması qaydaları pozulduğuna görə Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 21 avqust 2023-cü il tarixli məktub ünvanlanaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sumqayıt şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, əhalini narahat edən sosial və ekoloji problemlər həll olunur, xüsusilə Sumqayıt şəhərinin daxili hissəsindən keçən və birbaşa Xəzər dənizinə axıdılan "Acı Dərə” kanalının axarının boruya alınması işləri mərhələli şəkildə həyata keçirilməkdədir. Bununla yanaşı, "xxxx" kanalı ətrafında yaşayan əhali, eləcə də müxtəlif illərdə yaranmış çoxsaylı istehsal və xidmət sahələri tərəfindən ərazilərində formalaşan məişət çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması nəticəsində uzunluğu 5 km-dən artıq olan Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu hissələrdə davamlı surətdə kəskin iy və qoxu, güclü antisanitariya yaranmaqla ekoloji tarazlıq pozulur. Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə daimi yaşayan və isti yay günlərində istirahət üçün ora gələn əhali tərəfindən müntəzəm olaraq ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlər görülməsi məqsədilə Şəhər İcra Hakimiyyətinə və s. digər qurumlara çoxsaylı müraciətlər olunur. Qeyd edilənləri nəzərə alaraq, Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan ekoloji durumun yaxşılaşdırılması məqsədilə "xxxx" kanalının birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülməsi üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan bir sıra obyektlərdə yoxlamalar həyata keçirilmiş, 02 oktyabr 2023-cü il tarixdə yoxlama aparılan müəssisələrdən biri də Şəxs MMC olmuşdur. Yoxlama zamanı Şəxs MMC-də kanalizasiya sisteminin olmaması, MMC-ə məxsus çirkab suların birbaşa yaxınlıqdan keçən "xxxx" kanalına təmizlənmədən birbaşa axıdılması öz əksini tapmışdır. Təlimata əsasən MMC-də çirkab suların axıdılması üçün ya kanalizasiya sistemi olmalı, ya da həmin çirkab suların təmizlənməsi üçün “germetik şambo” quraşdırılmalı, çirkab sular təmizləndikdən sonra axıdılmalıdır. Lakin Şəxs MMC tərəfindən göstərilənlərdən heç birinə əməl edilməmişdir. Bundan başqa müəssisədə formalaşan tullantıların pərakəndə şəkildə qalaqlanması faktı da öz əksini tapmışdır. Şəxs MMC-nin nümayəndəsi çirkab suların "xxxx" kanalına axıdılması ilə bağlı "xxxx" ASC ilə müqavilə bağladığını bildirsə də, İdarə tərəfindən "xxxx" ASC-ə sorğu verilmiş, sorğuya cavab olaraq sözügedən kanalın ("xxxx") “Sumqayıt Sukanal” idarəsinin balansında olmadığını, kanal boyu obyektlərdə formalaşn tullantı sularının kanalda axıdılmasına dair qeyri-yaşayış obyeklərə onlar tərəfindən texniki şərt verilmədiyi qeyd olunmuşdur. Bildirir ki, "xxxx" kanalı Sumqayıt şəhəri salınmamışdan öncə mövcud olmuş, kanalın təyinatı yağış və drenaj sularının kənarlaşdırılmasıdır. Mənbəyini haradan götürüldüyünü bilməsə də, mənsəbinin Xəzər dənizi olduğunu qeyd edir. Hesab edir ki, hər iki maddə üzrə tərtib edilmiş protokol qanuni və əsaslıdır. Qeyd olunanların nəzərə alınmasını, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə2 tərtib edilmiş protokol üzrə özlərini təqsirli bilməyərək bildirdi ki, Şəxs MMC-də yəni müəssisənin ərazisində kanalizasiya xəttləri olsa da, həmin ərazidə olan kanalizasiya xətləri ümumi kanalizasiya sisteminə qoşulmamış, həmin tullantı suları "xxxx" kanalına axıdılır. Qeyd edir ki, yoxlamada şəxsən özü də iştirak etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 bildirdi ki, Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə bağlanmış və həmin müqaviləyə əsasən onlar sudan və çirkab suların axıdılması üçün smart kart ödəniş sistemi vasitəsilə hüquqi şəxs üçün hər ay 20 manat ödəniş edirlər. Həmin ödənişin 10 manatı təmiz suyun alınması, 10 manat isə çirkab suların axıdılması ilə bağlı həyata keçirilir. Bildirir ki, Şəxs MMC mebel istehsalı ilə məşğul olduğundan MMC-də çirkab su demək olar ki az miqdarda yaranır, axıdılan çirkab su sadəcə işçilərin məişətdə istifadə etdiyi sudur. Onlar Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış müqaviləni əsas götürməklə və bunun üçün müqaviləyə əsasən aylıq ödəniş etdikləri üçün çirkab suyu "xxxx" kanalına axıtmışlar. "xxxx" ASC-nin Sumqayıt Su kanal İdarəsinin nümayəndələrinin ona bildirdiklərinə əsasən "xxxx" kanalı "xxxx" ASC-nin balansında olmuşdur. Onlar müqaviləyə əsasən vaxtında ödənişlər edir, digər məsələlər artıq qarşı tərəfin öhdəliyidir. Konkret olaraq müqavilə bağlandığı vaxtdan bu günə qədər çirkab suyun adı çəkilən kanala axıdılması üçün məhz hansı məbləğdə vəsait ödədiklərini bilmir, çünki ödəniş qəbzlərində vəsaitin hansı hissəsinin təmiz suyun alınması və hansı hissəsinin çirkab suyun axıdılması üçün qəbul edildiyi göstərilməmişdır. Hal-hazırda tarixindən asılı olmayaraq həmin qəbzlərdən hər hansı nüsxəni məhkəməyə təqdim edə bilmir, çünki onlarda qəbzlər qalmamışdır. Əlavə olaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tərtib edilmiş protokola münasibətdə bildirir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hər ay departament tərəfindən MMC-nin yerləşdiyi ünvana gələrək müəssisənin həyətində təmizlik işləri aparılır, bir yerə yığılmış tullantılar toplanaraq ərazidən daşınır. Departament tərəfindən təmizlik işləri adətən hər ayın sonunda aparılır, onlar da təmizlik aparıldıqdan sonra həmin gün müqavilə üzrə razılaşdırılmış xidmət haqqını ödəyirlər. Tərəflərindən məhkəməyə təqdim edilmiş qəbzlərdən müəyyən etmək olar ki, 2023-cü ilin yanvarından sonra hər ayın son günü 200 manat olmaqla mütəmadi olaraq departamentə müvafiq xidmətə görə ödənişlər edilmişdir. Bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim edirlər. Bundan başqa Şəxs MMC ilə "xxxx" MMC arasında 01 sentyabr 2023-cü il tarixli, 01/09 nömrəli müqavilə bağlanılmış, müqaviləyə əsasən onlar “oduncaq talaşası və yonqar” məhsullarını satmağı, "xxxx" MMC isə həmin məhsulların dəyərini onlara verməyi öz öhdəsinə götürmüşlər. ETSN 4 saylı RETSİ tərəfindən Şəxs MMC-də yoxlama 29 sentyabr 2023-cü il tarixdə günorta saatlarında həyata keçirilmiş, elə həmin gün yoxlama ərəfəsində də "xxxx" MMC-nin işçiləri müəssisə ərazisində toplanmış tullantıların təmizlənməsi ilə əlaqədar orada olmuşlar. Hesab edir ki, direktoru olduğu Şəxs MMC barəsində tərtib edilmiş protokol qanunsuz və əsasdır. Qeyd olunanların nəzərə alınmasını və hər iki maddə üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş əmək müfəttişi X2 bildirdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 21 avqust 2023-cü il tarixli məktuba əsasən Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan obyektlərdə yoxlamalar keçirilmiş, onlardan biri də Şəxs MMC olmuşdur. 02 oktyabr 2023-cü il tarixdə Şəxs MMC-də aparılan yoxlama zamanı MMC-nin divarından çıxan borudan çirkab suların birbaşa, təmizlənmədən "xxxx" kanalına axıdılması müşahidə olunmuşdur. Bundan başqa müəssisədə formalaşan tullantıların pərakəndə şəkildə qalaqlanması faktı da öz əksini tapmışdır. Bu barədə tərəfindən müvafiq protokol və 82596 nömrəli akt tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 21 avqust 2023-cü il tarixli, 5-6/2-2354/2023 saylı məktubdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt Bulvarı, Corat və Novxanı qəsəbələri sahil boyu ərazilərdə mövcud olan ekoloji durumun yaxşılaşdırılması məqsədilə "xxxx" kanalının birbaşa təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülməsi üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. 27 sentyabr 2023-cü il tarixli “Ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə” aktdan görünür ki, Sumqayıt şəhərinin inzibati ərazisindən keçərək Xəzər dənizinə axan "xxxx" kanalına baxış keçirilən zaman Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində mebel istehsalı ilə məşğul olan Şəxs MMC-nin tullantı sularının kanala axıdılması və istehsal prosesində əmələ gələn tullantıların qalaqlanması faktı aşkar edilmişdir. 02 oktyabr 2023-cü il tarixli, 82596 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçə, 46-cı məhəllənin Cənub tərəfindən yerləşən Şəxs MMC-də yoxlama keçirilmişdir. Bu barədə fotoşəkillər çəkilərək, iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş əmək müfəttişi X2 tərəfindən MN ******* saylı, xx.xx.2023-cü tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC “Sumqayıt Sukanal İdarəsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sözügedən kanalın ("xxxx") “Sumqayıt Sukanal” idarəsinin balansında olmadığını, kanal boyu obyektlərdə formalaşn tullantı sularının kanala axıdılmasına dair qeyri-yaşayış obyeklərinə tərəflərindən texniki şərt verilmədiyi qeyd olunmuşdur. Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiyas sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquqi və öhdəliklərini müəyyən edir. Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən icraçı qismində-"xxxx" MMC, sifarişçi isə Şəxs MMC-dir. Bu müqaviləyə əasən “İcraçı” “Sifarişçi”nin müəyyən edilmiş ünvanında yığılmış bərk məişət və tikintidə istifadə edilən materialların tullantılarının zərərsizləşdirilməsi üçün istehsalat tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınmasını və Sumqayıt ümumşəhər zibil poliqonunda zərərsizləşdirilməyə təhvil verilməsini, “Sifarişçi” isə “İcraçı”nın daşınma ilə əlaqədar işlənməsi üçün müvafiq şərait yaradılmasını və görülən işlərin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Təqdim edilmçiş qəbzlərdən görünür ki, görülmüş xidmətlə əlaqədar Şəxs MMC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə 200 manat olmaqla hər ay ödənişlər edilmişdir. Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanılmış 01 sentyabr 2023-cü il tarixli, 01/09 nömrəli müqavilədən görünür ki, satıcı “oduncaq talaşası və yonqarı” məhsulunu alıcıya verməli, alıcı isə onları qəbul etməyi, dəyərini ödəməyi öz öhdəsinə götürür. Hər bir Mal partiyası üzrə malların adı, çeşidi, qiyməti və kəmiyyəti Satıcı tərəfindən tərtib olunan və təqdim edilən Elektron Qaimə-Fakturalarda qeyd edilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə bir il müddətinə bağlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları və əlavə edilmiş sənədlərdə sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinib tənbeh edilməli, 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə görə Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 Şəxs MMC ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanıldığını, həmin müqaviləyə əsasən çirkab suların "xxxx" kanalına kanalına axıdılmasının qanuni olduğunu bildirsə də məhkəmə Nümayəndə2 bu mövqeyinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən yayınmaq, hüquqi şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməməsi üçün bu məzmunda izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş şəxsin izahatı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materialların əlavə edilmiş Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat)-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiyasa sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar hüquqi və öhdəliklərini müəyyən edir. Həmin müqavilənin 2.3-cü bəndinə görə müəssisə ayda bir dəfədən az olmayaraq istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparmalı və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim etməlidir. Müqavilədən də göründüyü kimi, müqavilə tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar münasibətləri tənzimləyir. Lakin müqavilənin hər hansı bəndində hüquqi şəxs tərəfindən tullantı sularının məhz "xxxx" kanalına axıdıla bilməsi və bunun mümkünlüyü barədə hər hansı bənd əlavə edilməmişdir. Bundan başqa “Sumqayıt Sukanal İdarəsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda sözügedən "xxxx" kanalın “Sumqayıt Sukanal” idarəsinin balansında olmadığını, kanal boyu obyektlərdə formalaşan tullantı sularının kanala axıdılmasına dair qeyri-yaşayış obyeklərinə tərəflərindən texniki şərt verilmədiyi müəyyən edilir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” AR Qanunun 41-ci maddəsinə görə müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Su Məcəlləsinin” 77-ci maddəsinə görə sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78-ci maddəsinə görə tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Qanunvericiliyin qeyd olunan normalarını, o cümlədən protokol tərtib etmiş orqanın nümayəndəsini və barəsində protokol tərtib edilmiş hüquqi şəxsin qanuni təmsilçisinin və vəkilinin çıxışlarını dinləyərək məhkəmə hesab edir ki, Şəxs MMC-dən "xxxx" kanalına axıdılan tullantı suları üçün qanunla müəyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə alınmadan, həmçinin həmin sular normativ tələblərə uyğun olaraq təmizlənmədən "xxxx" kanalına axıdılmışdır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, bu hissədə inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, İXM-nin 271-ci ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulmalı və ya göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməlidir. Məhkəmə iclasında ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov Şəxs MMC tərəfindən sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulduğu üçün hüquqi şəxs barəsində müvafiq protokol tərtib edildiyini bildirdi. Məhkəmə qeyd edir ki, 4 saylı RETSİ-nin nümayəndəsi Taleh Əzizov tərəfindən məhkəmə iclasında Şəxs MMC tərəfindən guya sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması barədə vermiş olduğu izahatı və müəssisənin ərazisində bir yerə qalaqlanmış tullantıların mövcudluğu faktı ilə bağlı yoxlayıcıların çəkdiyi və məhkəməyə sübut qismində təqdim olunan fotoşəkillərin olması özü-özlüyündə Şəxs MMC-nin İXM-nin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün birbaşa əsas vermir. Belə ki, 4 saylı RETSİ tərəfindən təqdim edilmiş fotoşəkillərə baxdıqda həqiqətən də müəssisənin ərazisində istehsal prosesindən sonra istifadəyə yararsız taxta və digər plastik materialdan olan məsulların qalıqlarının, o cümlədən oduncaq talaşası və yonqar məhsullarının sarı rəngli çuvallara yığılaraq müəssisənin istehsal sexinin binasına məxsus divarın bir kənarına yığıldığının şahidi olmaq olur. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş müqavilələr və fotoşəkillər Şəxs MMCnin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş Şəxs MMC ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərüffatı İstehsalat Birliyi "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin tərəflərin öhdəlikləri bölməsində “İcraçının” yəni "xxxx" MMC-nin öhdəliyi kimi ay ərzində dəqiq tarixi göstərilməyən gündə Çerkassi küçəsi 46-cı məh. ünvanında fərdi və ya ümumi istifadə tullantıları məntəqəsinə qoyulmuş sayı göstərilməyən zibil konteynerlərinə toplanmış 17.85m bərk məişət tullantılarının və karton məmulatlarının daşınmasının təmin etməli olduğu göstərilmişdir. Təqdim edilmiş 200 manatlıq qəbzlərdən görünür ki, ödənişlərin mütləq əksəriyyəti hər ayın son günləri həyata keçirilmiş, bu da onu göstərir ki, sifarişçiyə məxsus müəssisənin ərazisində qalaqlanmış bərk məişət tullantıları və karton məmulatları məhz həmin gün ərazidən yığışdırılmışdır. Lakin 82596 saylı akt 29 sentyabr 2023-cü ildə tərtib edilmiş, yəni ayın son günü olmamışdır. Eyni zamanda barəsində protokol tərtib edilmiş hüquqi şəxsin qanuni təmsilçisi Nümayəndə2 ərazidə qalaqlanmış tullantıların məhz həmin gün “İcraçıya” məxsus tullantıların daşınması üçün nəzərdə tutulmuş yük maşını ilə daşındığını təsdiq edən fotoşəkil məhkəməyə təqdim edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, fotoşəkillərdə görünən istehsal sexinin bir küncünə qalaqlanmış sarı rəngli böyük çuvallara yığılmış oduncaq talaşası və yonqarı özlüyündə məişət tullantısı olmamış xx.xx.2023-cü il tarixli Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin 1.1-ci bəndində “Mal” və ya “Mallar” adlandırılaraq satış üçün nəzərdə tutulan məhsul qismində keçmişdir. Odur ki, məhkəmə Şəxs MMC tərəfindən İXM-nin 271-ci maddəsinə münasibətdə heç bir inzbati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün həmin hissədə inzbati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respblikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnam” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2436/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2436/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver